bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

2023-cü ilin iqtisadi yekunu: 2024-cü ildə nələr gözlənilir?

23-12-2023, 12:03 6 dəfə baxılıb




Artıq 2023-cü ilin son günlərini yaşayırıq. Hər bir il kimi, bu il də həm uğurları, həm də uğursuzluqları ilə yadda qalacaq. Lakin iqtisadi cəhətdən ölkəmiz üçün 2023-cü il 2022-ci ildən bir az da yaxşı il oldu desək, yanılmarıq.

Ümumiyyətlə, pandemiya ili olan 2020-ci ildən sonra keçən hər il ölkəmiz üçün bir az daha uğurlu olub. İqtisadi göstəricilər artıb, əhalinin gəlirləri yüksəlib, dayanıqlılıq möhkəmlənib və s.

Başlayaq ölkə başçısının 5 yanvar 2023-cü il tarixli sərəncamından. Yanvarın 1-dən minimum əməkhaqqı 15% artırılaraq 300 manatdan 345 manata, minimum pensiya məbləği isə 40 manat artırılaraq 240 manatdan 280 manata çatdırıldı. Eyni zamanda müavinət və təqaüdlər də artırıldı.

2019-cu il sosial, iqtisadi, idarəetmə sahəsində böyük islahatlar ili olaraq yadda qalmışdı. Həmin ildə qeyd olunan göstəricilər üzrə iki sosial paket həyata keçirilmişdi. Üçüncü sosial paketin icrasına isə ötən il, yəni 2022-ci ildə başlanılmışdı. İlin əvvəlindən minimum əməkhaqqı 300, əmək pensiyalarının minimum məbləği isə 240 manata çatdırılmışdı.

Prezidentin 5 yanvar 2023-cü ili sərəncamı sayca dördüncü sosial paket idi və 1,9 milyon vətəndaşı əhatə etməklə il ərzində 750 milyon manatdan çox vəsaitin xərclənməsini nəzərdə tuturdu.

Son beş ildə dördüncü sosial paketin icrası ölkə iqtisadiyyatında artımın nəticəsi və təkcə neftin deyil, dövlət büdcəsinə neftdənkənar sahələr üzrə gəlir və vəsait daxilolmaları hesabına idi.

Ölkə başçısı çıxışlarında dəfələrlə qeyd edib ki, büdcəyə nəzərdə tutulandan nə qədər çox vəsait daxil olarsa bu, əhalinin sosial ehtiyacları üçün xərclənəcək. İkinci ən mühüm məsələ isə inflyasiya, qiymətlərin bahalaşması məsələsidir. 2023-cü ilin mayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,4% az, ötən ilin mayına nisbətən isə 11,5% çox təşkil etdi. Bu, o demək idi ki, az qala iki il yarım ardıcıl davam edən bahalaşma və inflyasiya prosesindən sonra ilk dəfə olaraq bu ilin mayında səngimə qeydə alındı.
Bu, ötən ilin birinci rübünün, uzağı ilk yarısının sonuna proqnoz edilirdisə, baş tutmadı. Sonradan ilin ilk üç ayının sonuna gözlənilsə də qeyd etdiyim kimi, cüzi də olsa məhz bu ilin mayında baş verdi.

Bahalaşma və inflyasiya prosesi əslində apreldə zəifləməyə başlamışdı. Belə ki, 2023-cü ilin aprelində ölkəmizdə inflyasiya martda qeydə alınmış 0,7% səviyyəyə qarşı 0,3% təşkil etmişdi. Bu isə o demək idi ki, proses artıq, zəifləməyə doğru istiqamət götürüb.
Odur ki, mayda tempin səngiyəcəyi aydın görünürdü. Buna da ən çox prosesin məhz qlobal miqyasda baş verməsi əsas yaratdı. Ancaq bir nüans var ki, qlobal məkanda hər şey əslində xeyli əvvəl təzahür etməyə başlamış olsa da, bizdə məhz mayda büruzə verdi. Dünya bazarlarında bir sıra strateji məhsullar, o cümlədən ərzaq malları yanvardan ucuzlaşmağa başlamışdı.

Ümumiyyətlə, 2021-ci ilin əvvəlindən başlanan və bütövlükdə ötən il ərzində Rusiya-Ukrayna müharibəsinin təsiri nəticəsində daha da alovlanan qiymətlərin bu ildən ucuzlaşacağı qabaqcadan gözlənirdi. Buna enerjidaşıyıcıları üzrə qiymətlərin sabitləşməsi əsas yaratmalı idi və yaratdı da..

Ölkədə iqtisadi artım az da olsa, pis səviyyədə deyil. 2023-cü ilin yanvar-noyabr aylarında 110 milyard 212 milyon 800 min manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,8% çox ÜDM istehsal olunub ki, neft-qaz sektorunda əlavə dəyər 1,6% azaldığı halda, qeyri neft-qaz sahəsində 3,2% artıb.

Ötən ilin yekununda artım 4,6% təşkil etmişdi. Lakin bu, beynəlxalq bazarlarda enerjidaşıyıcılarının qiymətləri üzrə konyunktur vəziyyətlə, həmçinin neft-qaz sektorumuzda hasilatın bu ildəkindən çox təşkil etməsi ilə əlaqədar idi.

Cari ilin yanvar-noyabr aylarında ölkəmizdən 15 milyard 99 milyon 942 dollarlıq xam neft, 12 milyard 775 milyon 689 min dollarlıq təbii qaz ixrac olunub ki, 2022-ci ilin eyni dövründə bu rəqəmlər uyğun olaraq 18 milyard 318 milyon 642 min dollar, 14 milyard 807 milyon 620 min dollar təşkil etmişdi.

Ölkədə maliyyə sektorundakı vəziyyətə gəldikdə, manat möhkəmlənməyə doğru meyil etsə də, sabit qalıb. Tədiyə balansının cari əməliyyatlar hesabında irihəcmli profisitlə (9 ayda 6,7 milyard ABŞ dolları və ya ÜDM-in 12,5%-i) əlaqədar olaraq ilin əvvəlindən bəri keçirilən valyuta hərraclarının 95%-də təklif tələbi üstələyib.

Odur ki, Mərkəzi Bank (AMB) valyuta bazarına müdaxilə edərək 1,4 milyard ABŞ dolları alış edib. Ona görə də, adıçəkilən qurumun valyuta ehtiyatları 20,3% artaraq 10,8 milyard ABŞ dollarını keçib.

İlin müxtəlif dövrlərində iki bank müflis elan edildi. Hazırda isə 23 bank fəaliyyət göstərməkdədir. Lakin Azərbaycan Mərkəzi Bankının makroiqtisadi və maliyyə sabitliyini qorumağa dair həyata keçirdiyi siyasət nəticəsində hər bir bankın kənar şoklara qarşı dayanıqlığı qorunub saxlanıb, kapitallaşma, müvafiq risklər üzrə prudensial tələblər gücləndirilib, pul siyasəti qərarlarının ötürücülük imkanlarının artırılması hesabına bank sektorunda kredit portfeli bütün seqmentlər üzrə müsbət inkişaf etdirilib.

Bütün bunlardan əlavə 2023-cü il ölkəmizdə turizm sektorunun bərpa prosesində xüsusi önəm daşıyıb. Belə ki, bu ilin yanvar-noyabr aylarında ölkəmizə 186 ölkədən 1 893 min və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 29,8% çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Hərçənd ki, 2020-ci ildə pandemiya bu sektora çox böyük ziyan vurmuşdu.

Həmin ilədək ölkəmizdə turizm çox sürətlə inkişaf edirdi. 2019-cu ildə ölkəmizə 3 milyon 170 min 400 nəfər xarici ölkə vətəndaşları gəlmişdi ki, bunların 2 milyon 863 min 500 nəfərini də sırf turizm məqsədilə gələnlər idi.

2014-2015-ci illərdə neftin dünya bazar qiymətlərinin enişi nəticəsində ölkəmizdə xarici valyuta sarıdan yaranan gərginlik həm də məhz 2016-2018-ci illər ərzində xarici turist axınının genişlənməsi nəticəsində yumşaldı. Xüsusən də, Yaxın Şərq ölkələrindən gələnlərin hesabına.

Odur ki, bərpa prosesini inkişaf etdirmək lazımdır. Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 71,7%-i hava, 27%-i dəmir yolu və avtomobil, 1,3%-i isə dəniz nəqliyyatından istifadə edib.

Cari il ərzində ölkə iqtisadiyyatında baş verən müsbət tendensiyaları bir az da sadalamaq olar. İstər Qarabağ və Şərqi Zəngəzurda aparılan işlərlə, istər ölkəmizin qaz ixracı potensialını gerçəkləşdirmə imkanlarının reallaşdırılması istiqamətində Avropa ölkələri ilə əldə olunan razılıqlar və sairlə bağlı nailiyyətlər bura daxildir.

Yeri gəlmişkən, işğaldan azad etdiyimiz ərazilərimizdə yenidənqurma və bərpa işlərinə indiyədək dövlət büdcəsindən 7 milyard dollar xərclənib. Ölkə başçısı Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında noyabrın 3-də Astanada keçirilən 10-cu yubiley Zirvə görüşündə çıxışı zamanı isə qeyd edib ki, növbəti il ərzinə Qarabağda yenidənqurma işlərinə ən az 2,4 milyard dollar vəsaitin xərclənəcəyi nəzərdə tutulur.

Tezliklə 2024-cü ilə qədəm qoyacağıq. Yeni ilin ölkəmizə hansı sürprizlər bəxş edəcəyi maraq doğurur. Əhalini düşündürən əsas suallar isə odur ki, inflyasiya və bahalaşma səngiməkdə davam edəcəkmi? Əməkhaqları və pensiyalar artırılacaqmı? İqtisadiyyat artacaqmı? Neftin dünya bazar qiymətləri ölkəmiz üçün mənfi sürprizlər yaratmayacaq ki?

Proqnozlar isə belədir:

1. Gələn il ərzində ucuzlaşma gözlənilməsə də ciddi bahalaşma və kəskin inflyasiya da baş verməməlidir;
2. Əhalinin sosial müdafiəsi istiqamətində genişmiqyaslı artımlar nəzərdə tutulmayıb;
3. Neftin qiyməti, ümumiyyətlə, hər hansı şok xarici təsirlər yaşanmayacaq;
4. 2024-cü ildə bu ildəkindən daha çox iqtisadi artım əldə olunacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930