bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Azərbaycanın yeni və parlaq inkişafının memarı

5-02-2024, 12:30 39 dəfə baxılıb




Azərbaycan xalqının Ümummilli Lideri, qüdrətli dövlət xadimi Heydər Əliyev irsinin layiqli davamçısı, öz fəaliyyəti ilə tanınmış siyasi və dövlət xadimi, lider imicini qazanmış məşhur siyasətçi və diplomat kimi dünya ictimaiyyətinin hörmət və rəğbətini qazanmış böyük tarixi şəxsiyyət İlham Əliyev iyirmi ildir ki, respublikamıza uğurla rəhbərlik edir. Bu müddətdə onun həyata keçirdiyi məqsədyönlü siyasət və atdığı addımlar həm ölkəmizdə, həm də dünya ictimaiyyəti arasında yüksək qiymətləndirilir. Təsadüfi deyildir ki, dünyanın bir sıra dövlət və siyasət adamları, elm və mədəniyyət xadimləri, görkəmli şəxsiyyətlər cənab İlham Əliyevin fəaliyyətinə yüksək qiymət verirlər. Onu “Zəmanəmizin ən uğurlu liderlərindən biri” (Salome Zurabişvili), “Enerjili, təşəbbüskar, uzaqgörən, çox savadlı və müdrik insan” (Lütfizadə), “Əsl praqmatik diplomat və öz ölkəsinin böyük lideri, bu gün dünyada nələr baş verdiyini yaxşı anlayan üç dövlət başçılarından biri” (Ronald Lauder), “Ölkəsinin maraqları naminə müdrik və uzaqgörən siyasət həyata keçirən lider” (akad. Mixail Urqumov), “Müstəqil düşünən, olduqca savadlı, fiziki və mənəvi cəhətdən sağlam olan müstəqil və dünya miqyaslı dövlət xadimi” (Dmitri Kiselyov), “Regional və iqtisadi siyasət meydanında öz xalqına başçılıq edərək ölkəsini regionun ən sabit bölgəsinə çevirən rəhbər, nümunə olan bir lider” (Teresa Marqolis), “Bütün postsovet məkanında çox böyük siyasi xadim, çox güclü, eyni zamanda hər bir azərbaycanlının fəxr etdiyi mehriban insan” (Leonid Slutski), “Qətiyyətli və çevik lider” (Suma Çakrabarti), “Bütün Türk dünyasının rəğbətlə qəbul etdiyi güvənli lider, siyasət aləminin yeni məfkurəli dövlət xadimi” (Akkan Suver) kimi dəyərləndirir və yüksək qiymət verirlər. ABŞ Konqresinin nümayəndə heyəti cənab İlham Əliyevlə görüşərkən konqresmen Kurt Ueldon demişdir: “Həqiqətən, 5 dildə təmiz danışan və dünya siyasətində xüsusi çəkisi olan Sizin kimi liderlə ilk dəfədir ki, görüşürəm. Beləliklə, həqiqətən, böyük şərəf duyuram ki, dünya miqyaslı liderlə görüşürəm”.

Bu fikirlər bir daha təsdiq edir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dünya miqyaslı dövlət xadimidir. Bundan qürur duyur və çox böyük fərəh hissi keçiririk.
Ulu Öndər Heydər Əliyevdən sonra Ümummilli Liderin hakimiyyət irsini və siyasi kursunu ləyaqətlə davam etdirəcək yeganə şəxs Onun ən yaxın silahdaşı və ən istedadlı yetirməsi cənab İlham Əliyev ola bilərdi. Çünki cənab İlham Əliyev XX əsrin 90-cı illərinin ortalarından başlayaraq yeni tipli siyasi lider olaraq kifayət qədər böyük siyasi nüfuz qazanmışdı.
İlham Əliyevin yüksək nüfuz qazanması bir sıra amillərlə bağlı idi. O, ilk növbədə yeni tipli siyasi xadim kimi bir sıra uğurlara imza atmışdı. Ümummilli Liderin ən layiqli varisi cənab İlham Əliyev yaxşı təhsil almış, xarici dillərdə sərbəst danışmağı və müxtəlif, xüsusən beynəlxalq səviyyəli siyasi və dövlət xadimləri ilə təmasa girməyi dərindən mənimsəmişdi, dünyanın müasir düşüncə texnologiyalarına yiyələnmişdi. Bu baxımdan onu “rəqibləri” ilə müqayisə etmək çətin idi.
Cənab İlham Əliyevin 1994-2003-cü illərdə Azərbaycan Dövlət Neft Şirkətinin əvvəlcə vitse-prezidenti, sonra Birinci vitse-prezidenti kimi fəaliyyəti ölkəmizin iqtisadi dirçəlişində mühüm rol oynamışdır. Ulu Öndərin neft strategiyasının gerçəkləşməsində fəal iştirak edərək “Əsrin müqaviləsi”nin ərsəyə gətirilib həyata keçirilməsində müstəsna xidmətlər göstərmişdi. İlham Əliyevin iki dəfə (1995 və 2000-ci illərdə) Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilməsi onun siyasi fəaliyyət dairəsini daha da genişləndirmişdi. Xüsusilə Milli Məclisin Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin başçısı kimi Azərbaycanın mənafelərinin müdafiəsinə yönəlmiş fəaliyyəti nəinki xalqımız tərəfindən, eləcə də beynəlxalq təşkilat tərəfindən də yüksək qiymətləndirilirdi. Elə bunun nəticəsi idi ki, cənab İlham Əliyev Avropa Şurası Parlament Assambleyası sədrinin müavini və Büro üzvü seçilmişdi.
Ölkəmizdə idmanın və Olimpiya hərəkatının sürətlə inkişafı məhz cənab İlham Əliyevin yüksək Milli Olimpiya Komitəsinin prezidenti kimi təşkilatçılıq və məqsədyönlü bacarığı sayəsində mümkün olmuşdu.
2003-cü il avqustun 4-də İlham Əliyev Azərbaycan Respublikasının Baş naziri təyin olundu. Bu vəzifədə az müddət ərzində işləsə də, qəbul etdiyi qərarlarla, həyata keçirməyə başladığı işlərlə ölkəyə rəhbərlik etmək bacarığına və səriştəsinə malik olduğunu bir daha sübut etdi. Təsadüfi deyildir ki, həmin ilin prezident seçkilərində Ulu Öndər Heydər Əliyevin xalqa müraciətində seçkilərdə onun siyasi varisi olan İlham Əliyevi dəstəkləməyə çağırdı. 20 il əvvəl – 2003-cü il 15 oktyabr prezident seçkilərində uğur qazanaraq İlham Əliyevin prezidentlik fəaliyyətinə başlaması xalqımızın Heydər Əliyev ideyalarına verdiyi dəyərin, bu siyasətə dəstəyinin aydın ifadəsi idi.
Prezident İlham Əliyev prezidentlik fəaliyyətində həmişə xalqla bir olmuş, xalqın inam və etimadını qazanmışdır. Cənab İlham Əliyevin 2008-ci il prezident seçkilərindən də qalib çıxmasını şərtləndirən əsas amil onun daim xalqın yanında olması, xalqının isə onu alternativsiz etimad ünvanı kimi görməsi idi. 2008-ci il seçkilərində 88,73 faiz səslə Prezident seçilən cənab İlham Əliyev 2013-cü il seçkilərində 84,54 faiz, 2018-ci il seçkilərində isə 86,02 faiz səslə vətəndaşlarının yeganə inam mənbəyi olduğunu təsdiqlədi. Xalqımızın dəstəyini hər zaman yüksək dəyərləndirən Prezident cənab İlham Əliyevin söylədiyi fikirlər bunu bir daha təsdiq edir: “Mən həmişə Azərbaycan xalqının dəstəyini hiss etmişəm və hiss edirəm. Bu dəstək mənə güc verir. Mən bu dəstəyə arxalanıram və xalqı bir daha əmin etmək istəyirəm ki, bundan sonra da xalqa və Vətənə ləyaqətlə xidmət edəcəyəm...”

Cənab İlham Əliyev hakimiyyətdə olduğu dövrdə Heydər Əliyevin xilaskarlıq, qurucu­luq və liderlik missiyasını əsas götürərək bunları uğurla davam etdirmişdir. Bu səbəbdən də Azərbaycan xalqı təhlükəsizlik, sabitlik şəraitində yaşayır, ölkəmiz hərtərəfli səviyyədə inkişaf edir. Cənab İlham Əliyevin Azərbaycana rəhbərliyi dövründə ölkəmizin siması əsaslı şəkildə dəyişmiş, xalqımızın maddi-rifah halı yaxşılaşmışdır.
Dövlət başçısının 24 noyabr 2003-cü il tarixli “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında”kı Fərmanı ölkə iqtisadiyyatında mütərəqqi inkişaf meyillərinə böyük təkan vermişdir. Ölkə rəhbəri cənab İlham Əliyevin 11 fevral 2004-cü il tarixdə təsdiqlədiyi “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı (2004-2008-ci illər) Dövlət Proqramı” isə Azərbaycan regionlarının tarazlı və davamlı inkişafı, sosial infrastrukturun yenidən qurulmasına səbəb olmuşdur.
Artıq sayı dördə çatmış bu Dövlət proqramları çərçivəsində atılmış ardıcıl addımlar uzun illər regionların sosial-iqtisadi tərəqqisinə mane olan köklü problemləri aradan qaldırmış, yerlərdə infrastrukturun yeniləşdirilməsinə maddi zəmin yaratmışdır. Regional inkişaf proqramlarının əsas məqsədi isə bu sahədə həyata keçirilən siyasətin davamı olaraq ölkədə qeyri-neft sektorunun inkişafının sürətləndirilməsinə, iqtisadiyyatın diversifikasiyasına, tarazlı regional və davamlı sosial-iqtisadi inkişafa, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına nail olmaqdır. Bu proqramların icrası sayəsində respublikada çoxsaylı yeni müəssisələr istifadəyə verilmiş, yollar çəkilmiş, sosial obyektlər xalqın istifadəsinə verilmişdir.

Prezident cənab İlham Əliyev Ulu Öndərin müəllifi olduğu yeni neft strategiyasını da uğurla davam etdirmişdir. Strateji neft və qaz kəmərlərinin inşasının başa çatdırılması ilə ölkə rəhbəri Azərbaycanın bölgədəki lider mövqeyini daha da möhkəmləndirmiş, regionun digər dövlətlərindən fərqli olaraq müstəqil xarici və iqtisadi siyasət yeritdiyini bütün dünyaya sübut etmişdir.
Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yol kimi Bakı-Tbilisi-Qars yeni dəmir yolu xəttinin istifadəyə verilməsi artıq regionun lider dövləti olan Azərbaycanın xaricdən maddi və mənəvi dəstək almadan iri maliyyə tutumlu layihələrin reallaşdırılmasına qadir olduğunu göstərmişdir. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin, Bakı-Tbilisi-Ərzurum qaz boru xəttinin istismara verilməsi isə gələcək layihələr üçün əsas olmuşdur. Dövlət başçısı Xəzərin neft yataqlarının mənimsənilməsi və istismarı haqqında müqavilənin – “Əsrin müqaviləsi”nin hazırlanmasına və həyata keçirilməsinə sanballı töhfə vermişdir. 1994-cü ildə bağlanmış bu müqavilədən 23 il sonra – 2017-ci il sentyabrın 14-də Bakıda “Azəri-Çıraq-Günəşli” yatağının işlənməsinin davam etdirilməsi barədə yeni “Əsrin müqaviləsi” imzalanmışdır. Prezident cənab İlham Əliyevin sistemli, düşünülmüş və əsaslı fəaliyyətinin nəticəsi olaraq, müqavilənin fəaliyyət müddəti 2050-ci ilə qədər uzadılmışdır. Yeni müqavilədə Azərbaycanın iştirak payı artırılaraq 11,6 faizdən 25 faizə çatdırılmış, ölkəmizə çatacaq mənfəət neftinin payı 75 faizə qaldırılmışdır. Azərbaycanın neft-qaz sahəsində əldə etdiyi uğurlar Avropanın enerji təhlükəsizliyi məsələsində də ciddi rol oynayır. Trans-Anadolu və Trans-Adriatik qaz kəmərlərinin çəkilməsinə nail olmaqla Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayan Azərbaycan Cənub Qaz Dəhlizi layihəsinin aparıcı qüvvəsi kimi çıxış edir.

Ölkə başçısının mütəmadi olaraq regionlara səfəri sürətli inkişafa səbəb olur, şəhər və rayonların sosial-iqtisadi inkişafı üçün əlavə maliyyə dəstəyi göstərilir. Nəticədə, regionların sosial-iqtisadi inkişafı sürətlə davam edir, xalqın rifahı naminə ardıcıl və sistemli tədbirlər görülür. Son 20 ildə ölkəmizdə 2 milyondan artıq iş yeri yaradılmış, işsizlik 40 faizdən 5 faizə, yoxsulluq 49 faizdən 5 faizə enmişdir. Azərbaycan iqtisadiyyatı 3,2 dəfə, qeyri-neft sektoru 2,8 dəfə, sənaye istehsalı 2,6 dəfə, kənd təsərrüfatı 1,7 dəfə, qeyri-neft ixracı 4,1 dəfə artmışdır.

Ümumi daxili məhsulun həcmi, təqribən, 80 milyard manata çatmışdır. Dövlət büdcəsi 1,2 milyard manatdan 36 milyarda yüksəlmişdir. Orta əməkhaqqı isə 780 manat səviyyəsindədir. Ötən illərdə ölkə iqtisadiyyatına 275 milyard dollardan artıq investisiya qoyulmuş, Azərbaycanın valyuta ehtiyatları 1,8 milyard dollardan 60 milyard dollar həddinə çatmışdır. 2022-ci ildə gerçəkləşdirilən əsaslı sosial siyasət sahəsində çox böyük dəyişikliklər baş vermişdir. Sosial islahat paketləri 4,2 milyon nəfəri əhatə etmiş, minimum əməkhaqqı 345 manata çatmış, pensiya və müavinətlər əhəmiyyətli dərəcədə artmışdır. Ölkəmizin dayanıqlı inkişafı, əhalinin normal və yaxşı yaşayışı üçün nə lazımdırsa edilir. Bunlar isə ölkə Prezidentinə respublika əhalisinin inam və sevgisini, hörmət və dəstəyini qazandırmışdır. “Azərbaycanda yoxsul adam olmamalıdır” prinsipi Prezident cənab İlham Əliyevin fəaliyyətində önəmli yer tutur və bu istiqamətdə əhəmiyyətli addımlar atılır.
Prezident cənab İlham Əliyev XXI əsrin başlanğıcından bütün sahələrdə daha da inkişafa nail olmuş və Azərbaycanın müstəqil dövlət kimi bölgədə və dünyada layiqli yerini tutmasını, regional liderliyini təmin edib.

Bu gün Prezident seçilməsinin 20-ci ildönümü tamam olan cənab İlham Əliyevin rəhbərlik fəaliyyətini, ümumilikdə, dörd qrup üzrə təsnifatlaşdırmaq olar: 1. 2003-2008-ci illər. İlham Əliyev Azərbaycan miqyasında birləşdirici liderə çevrildi. 2. 2008-2013-cü illər. İlham Əliyev Cənubi Qafqazın alternativsiz, MDB-nin nüfuzlu lideri kimi qəbul olundu. 3. 2013-2018-ci illər. İlham Əliyev dünya siyasi elitasında Azərbaycan təmsilçisi olaraq qlobal məkanın vacib siyasi faktorlarından biri kimi çıxış edir. 4. 2018-ci ildən başlanan yeni mərhələ. İlham Əliyev dünya siyasətində müstəqil xarici siyasət yeridən yeni əsrin yeni lideridir.
Dörd dövrün təhlilindən aydındır ki, 2003-cü ildən başlayaraq Azərbaycanın hərtərəfli sürətli inkişafı, uğurları və davamlı yüksəlişi məhz cənab Prezidentin adı ilə bağlıdır. O, məhz Azərbaycan xalqının milli mənafeyindən irəli gələn müstəqil siyasət yürüdür. 2004-cü ildə Prezident cənab İlham Əliyevin bəyan etdiyi strateji hədəflər, qarşıya qoyduğu vəzifələr reallığa çevrilmişdir. Təsadüfi deyil ki, Azərbaycan artıq 2009-cu ildə iqtisadi keçid dövrünü başa çatdırmış, hazırda dünyanın müasir və inkişaf etmiş ölkələri ilə müqayisə olunur. Son illərdə Azərbaycan iqtisadiyyatını şaxələndirməyə, ümumi daxili məhsulu 3,6 dəfə artırmağa və qeyri-neft sektorunu bir neçə dəfə yüksəltməyə nail olunmuşdur. Bu gün Cənubi Qafqaz iqtisadiyyatının, təxminən, 75-80 faizi Azərbaycanın payına düşür.
Azərbaycan 20 ilə yaxındır ki, Dünya Bankının bütün hesabatlarında islahatçı ölkə kimi mövqeyini möhkəmləndirib, inkişaf modeli dünyaya nümunə göstərilib. Bu, ilk növbədə, cənab İlham Əliyevin yenilikçi, təkmil islahatlara meyilli olmasından irəli gəlir. İslahatların mərkəzində isə Azərbaycan vətəndaşı, onun qayğıları dayanır. Həyatın bütün sahələrini əhatə edən, dünyada maraqla qarşılanan islahatların təşəbbüskarı ölkə Prezidentidir.
Azərbaycan artıq kosmik klubun azsaylı üzvlərindən biridir. Ölkəmizin üç telekommunikasiya peyki orbitə çıxarılmışdır. Bu günlərdə Bakı şəhərində 74-cü Beynəlxalq Astrofizika Konqresinin keçirilməsi 50 il bundan əvvəlki ənənənin yenidən davam etdirilməsinə əyani nümunədir. Ölkə başçısının konqresdəki dərinməzmunlu və əhatəli nitqi Prezidentin bu sahəyə nə qədər əhəmiyyət verdiyini bir daha göstərir. Qeyd edək ki, 20 il ərzində ölkəmizdə beynəlxalq səviyyəli, müxtəlif xarakterli tədbirlər hazırlanıb və ən yüksək səviyyədə həyata keçirilib. “Evrovision”, BMT-nin İnternet İdarəçilik Forumu, Davos İqtisadi Forumu, I Avropa Oyunları, Beynəlxalq Humanitar Forum, İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə Toplantısı, Dünya dini liderlərinin beynəlxalq tədbiri və onlarla digər mühüm beynəlxalq tədbirlərə ev sahibliyi edən ölkəmiz həm də sosial, iqtisadi, mədəni-humanitar və digər sahələrdə qlobal məsələlərin müzakirə edildiyi əlverişli məkana çevrilmişdir. Azərbaycanda kosmik sənayenin yaradılması inkişafımızın zirvəsi olmaqla uğurlarımızın, nailiyyətlərimizin miqyasını təcəssüm etdirir.
Prezident cənab İlham Əliyevin qeyd etdiyi kimi, inkişafımızın əsasında düşünülmüş siyasət, liberal islahatlar, dövlətin həyata keçirdiyi siyasətin xalq tərəfindən dəstəklənməsi, güclü hakimiyyət və sabitlik amilləri dayanır. İqtisadçı alimlər müstəqil Azərbaycanın cənab İlham Əliyev mərhələsini hərtərəfli inkişaf dövrü kimi səciyyələndirirlər. Tarixçilər 2003-2023-cü illəri müstəqil Azərbaycanın inkişafının yeni tarixi epoxası hesab edirlər. Filosoflar bu dövrdən davamlı və dayanıqlı inkişaf illəri kimi söz açırlar. Ədəbiyyatçıların nəzərlərində isə bu dövr haqlı olaraq cənab İlham Əliyev erası adlandırılır.
Prezident cənab İlham Əliyev dünyanın ən nüfuzlu şəxsləri sırasındadır. Bunu dünyanın müxtəlif mərkəz və şirkətlərinin keçirdikləri ictimai rəy sorğusunun nəticələri təsdiq edir. “Rəy” Monitorinq Mərkəzinin 2011-ci ildə keçirdiyi sorğuda Azərbaycan əhalisinin mütləq əksəriyyəti Prezident cənab İlham Əliyevi dəstəklədiyini bildirmişdir. Böyük Britaniyanın “Populus Limited” şirkətinin yenə həmin ildə keçirdiyi rəy sorğusunda respondentlərin 95 faizi Azərbaycan Prezidenti cənab İlham Əliyevə etimad göstərdiklərini, 96 faizi isə onun siyasətini bəyəndiklərini vurğulamışdır. Qurumun rəhbəri qeyd etmişdir ki, indiyədək Qərb ölkələrində keçirilən rəy sorğularında dövlət başçısına bu dərəcədə etimad göstərilməsi faktı qeydə alınmamışdır. ABŞ-ın müstəqil qeyri-hökumət təşkilatı “Arthur J.Finkelsteyn and Associates” 2015-ci ildə aparılan sorğunun nəticələrinə görə, 96,8 faiz respondent Prezident cənab İlham Əliyevə etibar etdiyini bildirib.
Ölkəmizin dayanıqlı inkişafı, əhalinin normal və yaxşı yaşayışı üçün dövlət nə lazımdırsa edir. Bunlar isə ölkə Prezidentinə respublika əhalisinin, rəylərdə göstərildiyi kimi inam və sevgisini, hörmət və dəstəyini qazandırmışdır.
Respublikamızın 20 illik inkişafı təhlil ediləndə onun hərtərəfli inkişafı göz önünə gəlir. Dövlət başçısı cənab İlham Əliyevin başqa sahələrlə yanaşı, elm, təhsil və mədəniyyətimizin inkişafı istiqamətində həyata keçirdiyi siyasət Ulu Öndərin formalaşdırdığı ənənələrin uğurlu davamıdır. Bu sahələrdə qazanılmış nailiyyətlər möhkəmləndirilmiş, onların inkişafına diqqət və qayğı artırılmışdır. Təsadüfi deyildir ki, ölkə Prezidenti respublikanın zəngin iqtisadi potensialının insan kapitalı ilə əvəzlənməsini son dərəcə vacib sayaraq demişdir: “İqtisadi inkişaf sürətinə görə Azərbaycan qabaqcıl ölkələr sırasındadır. Biz bu maddi dəyərləri, iqtisadi potensialımızı insan kapitalına çevirməliyik, çünki insanın savadı, biliyi onun gələcək həyatını müəyyən edir, ölkənin hərtərəfli inkişafına xidmət edir və beləliklə, ölkənin intellektual potensialı da möhkəmlənir”.
Prezident cənab İlham Əliyevin özünəməxsus liderlik keyfiyyətləri, siyasi prosesləri yönəltmək məharəti, nəyi nə vaxt və necə etmək bacarığı, cəmiyyətin maraq və mənafelərini ümumi bir nöqtədə birləşdirmək qabiliyyəti ona imkan vermişdir ki, qarşıya qoyulan vəzifələrə nail olunsun. Bu keyfiyyətlər cənab İlham Əliyevi yeni əsrin yeni lideri səviyyəsinə yüksəltmişdir. O, postsovet məkanında tamamilə yeni tipli siyasi liderin nümunəsinə çevrilmişdir. İlham Əliyev dünya səviyyəli siyasi lider və inkişaf etmiş dövlətlərin liderləri ilə bir sırada dayanan görkəmli dövlət xadimidir. Prezident cənab İlham Əliyev dünya siyasi arenasında nüfuzlu lider, reallığı düzgün qiymətləndirən, praqmatikliyi və məqsədə doğru inamla irəliləyən siyasətçidir. O, praqmatik, peşəkar siyasətçi olaraq əməli addımları ilə hər bir fərdin maraq və mənfəətlərinin qorunmasına dövlət təminatının olduğunu praktik surətdə nümayiş etdirir. Cənab İlham Əliyev xalqın güvəndiyi şəxsiyyətdir. O, dövlətçilik, böyük siyasət və idarəetmə baxımından əsl liderə məxsus xüsusiyyətləri kompleks şəkildə özündə təcəssüm etdirir. Yüksək dövlətçilik istedadı, əsl liderlik qabiliyyəti, aydın siyasəti, zəngin idarəetmə təcrübəsi ona böyük nüfuz qazandırmışdır. Dövlət başçısı cənab İlham Əliyevin sözü və mövqeyi dünyada eşidilir və qəbul olunur. Bir sıra dövlətlərin xalqları da öz prezidentlərində bu keyfiyyətlərin olması arzularını dilə gətirirlər.

Prezident cənab İlham Əliyevin səmərəli fəaliyyətindən danışarkən xarici siyasət kursunu ayrıca qeyd etməliyik. Çünki dövlət başçısı bu istiqamətdə çox böyük uğurlar əldə edib. Dövlət başçısı sürətlə dəyişən geosiyasi mühitdə ziddiyyətli və riskli dönəmdə xarici siyasəti səmərəli istiqamətdə inkişaf etdirir. Bunu həm Qarabağ münaqişəsinin həlli ilə bağlı atılan addımlar, həm də xarici siyasətin bütün prioritet istiqamətləri üzrə həyata keçirilən proqramlar sübut edir.
Dövlət başçısı Qarabağ məsələsi ilə bağlı prinsipial mövqeni belə ifadə edib: “Azərbaycan heç vaxt öz ərazi bütövlüyünün pozulması ilə barışmayacaq, torpaqlarında ikinci erməni dövlətinin yaranmasına yol verməyəcəkdir. Ölkəmizin ərazi bütövlüyü tam bərpa edilməli, azərbaycanlılar əzəli yurdlarına qayıtmalıdırlar”.
Prezident cənab İlham Əliyevin prinsipial və qəti mövqeyi Vətən müharibəsində və antiterror əməliyyatlarının həyata keçirilməsində bir daha özünü göstərdi. 2020-ci il noyabrın 10-da prezidentlər İlham Əliyev, Vladimir Putin və baş nazir Nikol Paşinyanın imzaladığı üçtərəfli Bəyanat regionda uzunmüddətli münaqişənin hərbi fazasını başa çatdırdı və faktiki olaraq işğalçı Ermənistan dövlətinin kapitulyasiyası aktı oldu. İkinci Qarabağ müharibəsi nəticəsində işğal edilmiş torpaqlarımız qaytarıldı, ərazi bütövlüyümüzün bərpası təmin edildi, 2023-cü il 19-20 sentyabr antiterror əməliyyatı isə suverenliyimizin bərpası ilə nəticələndi. Vətən müharibəsində və ondan sonrakı müddətdə qazandığımız bütün zəfərlərin müəllifi, siyasi, diplomatik və hərbi müstəvilərdə atdığı məqsədyönlü addımları sayəsində bu qələbələri gerçəkləşdirən, xalqımıza qalibiyyət sevincini yaşadan şəxs – Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevdir!
Prezident cənab İlham Əliyevin bütün diplomatik addımları milli maraqlardan çıxış etməklə zərgər dəqiqliyi ilə yerinə yetirilir. Belə unikal və məqsədyönlü addımlardan birini Prezident cənab İlham Əliyev 2011-ci ilin iyun ayında atdı. Azərbaycan Qoşulmama Hərəkatına üzv oldu. Mahir diplomat və dövlət xadimi olan cənab İlham Əliyev Azərbaycanın BMT Təhlükəsizlik Şurasının üzvü olmasını əsas siyasi hədəf kimi müəyyən etmişdi. Bu hədəf xarici siyasət fəaliyyətinin çeviklik əmsalının kəskin artımı hesabına reallaşa bilərdi və reallaşdı da.
2011-ci il oktyabrın 24-də BMT TŞ-yə keçirilən seçkilərdə Qoşulmama Hərəkatı üzvləri Azərbaycanın lehinə səs verdilər. Azərbaycan 155 səs ilə iki il müddətinə BMT TŞ-nin qeyri-daimi üzvü seçildi. Respublikamız müstəqilliyinin 20-ci ildönümündə tarixinin növbəti şanlı səhifəsini yazdı. Onun müəllifi böyük intellekt, iradə və qətiyyət sahibi olan Prezident cənab İlham Əliyev idi. Ölkə başçısının 3 il müddətinə sədrlik etdiyi Qoşulmama Hərəkatı dünyada baş verən haqsızlıqlara qarşı haqq səsini ucaltdı, hadisələrə obyektiv münasibət bildirdi. Azərbaycan Avropa İttifaqına üzv olan 9 ölkə ilə strateji tərəfdaşlıq əlaqələri qurdu, Azərbaycan beynəlxalq təşkilatlarda söz sahibinə çevrildi, nüfuzu artdı. Azərbaycan dünya ölkələri sırasında 43-cü yerdə qərarlaşdı. Prezident cənab İlham Əliyev Azərbaycanın müstəqil dövlət kimi bölgədə və dünyada layiqli yerini tapmasını, regional liderliyini təmin etdi.

Prezident cənab İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin dövlətçilik irsini inkişaf etdirərək yeni, modern Azərbaycan dövləti qurdu. Dövlət başçısı cənab İlham Əliyevin bütün çıxışlarının mahiyyətində dayanan “Azərbaycan heç vaxt indiki qədər güclü olmayıb. Biz öz taleyimizin sahibiyik, biz müstəqil ölkəyik, biz azad xalqıq, biz dünya miqyasında öz layiqli yerimizi tutmuşuq və bundan sonra da müstəqillik, inkişaf yolu ilə gedəcəyik” tezisi dünənimizə və gələcəyə baxışdır.
Ölkəmizin başçısı cənab İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsindən 20 il keçir. Bu günün zirvəsindən dönüb ötən dövrə nəzər saldıqda Azərbaycanın nə qədər möhtəşəm inkişaf mərhələsi yaşadığının canlı şahidi oluruq. Həmin dövrü Azərbaycanın yeni və parlaq inkişaf mərhələsi, Prezident cənab İlham Əliyevin isə onun memarı adlandırılması üçün bütün əsasların olduğunu indi hamı birmənalı şəkildə etiraf edir.



Aliyə Axundzadə
Derma Esthetic School-un təsisçi direktoru






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930