Kamil Zeynallıya görə Ermənistan qarışdı - İrəvan nəyi bacarmayıb?
Ermənistanın qondarma ittihamlarla axtarışa verdiyi Kamil Zeynallının Rusiyada həbs edilməsi, lakin məhkəmə qarşısına belə çıxarılmadan azadlığa buraxılması erməni ictimai rəyində müzakirələrə səbəb olub, xüsusilə Paşinyan hakimiyyətinə qarşı ittihamların səslənməsinə zəmin yaradıb.
Publika.az xəbər verir ki, Ermənistan mediası K.Zeynallının məhkəmə qarşısına belə çıxarılmadan azad edilməsini rəsmi Bakının gücü, rəsmi İrəvanın isə gücsüzlüyü ilə izah edir.
Erməni şərhçi İzabel Saakyan baş verənləri Ermənistanın üzünə vurulmuş “növbəti şillə” adlandırıb.
“Moskva hava limanında saxlanılan Kamil Zeynallı azad edildi. Vəkili bildirib ki, o, Azərbaycan hakimiyyətinin səyi nəticəsində sərbəst buraxılıb. Ermənistan hakimiyyəti isə axtarışa verdiyi azərbaycanlının həbs edilməsi və ekstradisiya olunması üçün heç bir səy göstərmədi. Baş Prokurorluq Zeynallının axtarışa verilməsi və həbs edilməsi ilə bağlı heç bir məlumata malik olmadığını bildirdi. İstintaq Komitəsi baş verənlərə ümumiyyətlə münasibət bildirmədi. Yalnız bir müddət keçəndən sonra Daxili İşlər Nazirliyi saxlanılan azərbaycanlı haqqında cinayət işinin açıldığını bəyan etdi”, - Saakyan Ermənistan hakimiyyətini ittiham edib.
Erməni şərhçi qeyd edib ki, rəsmi İrəvanın saxlanılan azərbaycanlının Ermənistana təhvil verilməsi tələbi ilə Rusiya hüquq-mühafizə orqanlarına müraciət edib-etmədiyi bəlli deyil.
“Baş Prokurorluq Zeynallının ekstradisiyası tələbi ilə Rusiya Baş Prokurorluğuna müraciət edilib-edilmədiyi haqda sorğuya tutarlı cavab vermədi. Yalnız qeyd ediblər ki, bununla bağlı Daxili İşlər Nazirliyinə müraciət edin. Daxili İşlər Nazirliyi də sorğuya cavabında qeyd edib ki, “bu məsələ ilə bağlı prokurorluğa müraciət edin”. Əslində Ermənistan rəsmiləri Zeynallının həbsi və ekstradisiyası ilə bağlı heç bir səy göstərmədi. Azərbaycan isə öz vətəndaşının dərhal azadlığa buraxılmasına nail oldu. Bu, Bakının İrəvanın üzünə atdığı növbəti şillədir”, - erməni şərhçi bildirib.
Qeyd edək ki, Ermənistan istəsəydi belə K.Zeynallının ekstradisiyasına nail ola bilməzdi. Çünki Zeynallı Ermənistan ərazisində heç bir cinayət törətməyib. Onun “cinayət törətdiyi” iddia edildiyi ərazi Azərbaycan torpağı olan Qarabağdır. Halbuki, nə Zeynallı, nə də digər azərbaycanlı müharibə dövründə ermənilərin iddia etdiyi əməllərin heç birini törətməyib. Ermənistanın Zeynallı haqqında açdığı cinayət işi və onu axtarışa verməsi isə qondarma ittihamlara əsaslanır.