Ermənistan satır, Rusiya izləyir: Moskva bunun cavabını verəcək - Türkiyədən reaksiya
“Paşinyan, sülh masasına geri qayıt. Fransada və başqa ölkələrdə bu problemin həllini tapa bilməyəcəksən. Bu problemin həlli yenə bu bölgədədir”.
Bu sözləri Publika.az-a açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq səfiri, “İMZA” İctimai Birliyinin Türkiyə Nümayəndəsi Hulusi Kılıç deyib.
Onun sözlərinə görə, bölgədə əlaqəsi olmayan bir ölkə ilə yaxın əlaqə qurmaq Ermənistana heç bir fayda vermir.
“Türkiyə, Azərbaycan və Rusiya federasiyası Ermənistanın qonşu ölkəsidir. Fransa isə Azərbaycanın və Türkiyənin dostu olmadığını davranışları ilə göstərib. Paşinyanın Yunanıstana ziyarətini də normal qiymətləndirirəm. Yunanıstan son zamanlarda Türkiyəyə qarşı yumuşalma siyasəti göstərir. Ayrıca, Azərbaycan TANAP layihəsi ilə Yunanıstana təbii qaz verir. Paşinyanın Yunanıstana ziyarətinin heç bir məna kəsb etməyəcəyini düşünürəm. Yunanıstan da Ermənistan kimi mikrodövlətdir, ona görə də Cənubi Qafqaz məsələsi ilə bağlı bir fikrinin olacağını düşünmürəm”,- o, bildirib.
Hülusi Kılıç qeyd edib ki, Azərbaycan və Ermənistan arasındaki sülh müqaviləsinə digər ölkələrin qarışması bu məsələnin uzanması deməkdir:
“Bu, Cənubi Qafqazda sabitliyin pozulması deməkdir. Buna görə də biz həmişə deyirik ki, bu problemin həlli bölgəyə aid ölkələrlə həll olunmalıdır. Bu sülh məsələsi Azərbaycan və Ermənistan arasındadır. Azərbaycan suverenliyini bərpa edib. Sülh müqaviləsinin Azərbaycandan çox Ermənistanın işinə yarayacağını deyə bilərik. Əgər bu müqavilə baş tutarsa, Türkiyə də Ermənistan ilə əlaqələrini normallaşdıracaq. Yəni Ermənistan bir daşla iki quş vurmuş olacaq. Lakin Ermənistan konstitusiyasında və rəsmi sənədlərində olan Türkiyə və Azərbaycan əleyhinə tələblərin çıxardılması lazımdır”.
O bildirib ki, Rusiya Ermənistanın bu uşaq davranışlarını uzaqdan izləyir və qeyd edir.
“Bir gün Ermənistan Rusiyaya bunun cavabını verəcək. Ermənistan, onun bütün ticarətini tənzimləyən, əlaqələrini təmin edən Rusiyanı bir tərəfdə qoyub, bölgə ilə əlaqəsi olmayan Fransa ilə əlaqələr yaradır.
Bizim gözləntimiz Ermənistanın dərhal sülh masasına qayıtması, sülh müqaviləsinin imzalanmasıdır. Daha sonra Türkiyə-Ermənistan əlaqələrinin normallaşdırılmasını gözləyirik. Biz erməni xalqının düşməni deyilik, heç bir xalq ilə düşmənçiliyimiz yoxdur. Lakin siyasilərin səhv qərarları xalqlarını da pərişan edir. Biz normal bir qonşu istəyirik. Kilsənin nəzarəti altında olan, bölgəyə zərər verən Fransa ilə yaxın əlaqələr quran bir qonşu istəmirik. Biz normal qonşu münasibətləri qurmaq və Ermənistanı həqiqi dövlət olaraq görmək istəyirik”,- H. Kılıç deyib.
Qeyd edək ki, Ermənistanın xarici işlər naziri Nikol Paşinyan “France 24” kanalına müsahibəsi zamanı Azərbaycan və Rusiyanın əleyhinə fikirlər səsləndirib. Proseslərin bu cür gedişatı isə Paşinyanın sülh müqaviləsindən imtina etməsi rəyini yaradır.