Azərbaycanlıların peyvənd qorxusunun SƏBƏBLƏRİ: Beynəlxalq təşkilatların bir çoxu...
Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva bildirib ki, peyvəndlər hər gün müxtəlif mikrob və viruslarla təmasda olan uşaqların immun sistemini gücləndirməklə, xüsusən immun sistemi zəif olan körpələri ciddi fəsadlara və ya ölümə səbəb ola biləcək təhlükəli xəstəliklərdən qoruyur. Onun sözlərinə görə, dünyada hər il uşaqların vaksinasiyası sayəsində 4 milyona yaxın ölümün qarşısı alınır. Buna baxmayaraq əhali arasında ciddi peyvənd qorxusu var. İnsanlar hələ də peyvənd olunmaqdan qaçırlar, onu saxta yollarla etməyə çalışırlar.
Məsələ ilə bağlı Publika.az-a danışan həkim-infeksionist Vasif Əliyev bildirib ki, ölkədə peyvəndə qarşı ciddi təbliğat aparılır.
O qeyd edib ki, bu təbliğat günü-gündən daha da artırılır:
“Keçmişə nəzər salsaq görərik ki, SSRİ vaxtında peyvənd məcbur idi. Artıq Azərbaycanda peyvəndlər sadəcə könüllü şəkildədir. İstənilən şəxs peyvəndi vurdura da bilər, vurdurmaya da. Yenə də təbliğat davam etdirilməlidir. Bununla bağlı təbii ki, bütün həkimlər, səhiyyə idarələri, televiziya və internet saytları davamlı olaraq təbliğat aparılmalıdır. Peyvəndin zəruri olduğu və nə qədər ölümlərin qarşısını aldığı ilə bağlı məlumatlar davamlı şəkildə əhaliyə çatdırılmalıdır”.
Həkim diqqətə çatdırıb ki, bəzən doğru bildiyimiz yanlışlar da olur:
“Onları da əhalinin nəzərinə çatdırmaqla əksik fikirlər varsa tamamlanmalıdır. Peyvəndin məcburi olmasının tərəfdarı deyiləm, çünki bəzi insanların peyvəndə qarşı ciddi alergik reaksiyaları olur. Bundan başqa, hər hansı bir səbəbdən peyvənd olunmağa ehtiyac duymayanlar da var. Bütün hallarda peyvənd könüllü olmalıdır. Sadəcə təbliğat daim aparılmalıdır”.
“2024-cü ilin mart ayından ölkədə 6-komponentli “Heksavaksin” tətbiq edilir. Bu vaksin uşaqları eyni zamanda 6 infeksiyadan qoruyur (difteriya, göyöskürək, tetanus, b tipli hemofil infeksiya, hepatit B, poliomielit). “Heksavaksin” uşaqlara 2, 3 və 4 aylığında vurulur, təhlükəsiz və effektiv vaksindir.
Aparılan məqsədyönlü immunizasiya tədbirləri nəticəsində Azərbaycanda 1996-cı ildən poliomielit, 2007-ci ildən məxmərək, 2009-cu ildən difteriya xəstəlikləri qeydə alınmır. Digər idarəolunan xəstəliklərdən epidemik parotit, tetanus xəstəlikləri tək-tək hallarda qeydə alınır”.
Sosioloq Əhməd Qəşəmoğlunun sözlərinə görə, insan sağlamlığı üçün peyvəndə böyük ehtiyac var:
“Hazırda əhali arasında peyvəndə qarşı qorxu var. Bu qorxunun qarşısını almaq üçün daha çox məsuliyyət mütəxəssislərin, tibblə məşğul olan ciddi elmi mərkəzlərinin üzərinə düşür. Yəni, ölkədə elə ciddi elmi mərkəzlər olmalıdır ki, onlar peyvənd məhsullarının keyfiyyətini yoxlaya bilsinlər. Yalnız onların dediyi əhalini inandıra bilər. İnsanlarda qorxu olmasının səbəbi peyvəndin daim fərqli-fərqli şəxslər və müxtəlif qurumlar tərəfindən təbliğatıdır. Yəni, əvvəllər dünyada belə bir qorxu yox idi. İndi amma beynəlxalq təşkilatların bir çoxu siyasi məqsədlər üçün bu hallardan istifadə edirlər.
Ən azı bu sahədə ictimai rəy var. Əgər ictimai rəy varsa, o ictimai rəyi aradan götürmədən peyvənd etmək insanlarda qorxunu artıracaq. Hələ bir çoxları yalandan arayış gətirəcəklər ki, peyvənd olunub. Peyvənd qorxusu əsasən "koronavirus" vaxtı yayıldı. İnsanlara “qorxma” deməklə iş düzəlmir, ölkənin səviyyəli elmi mərkəzləri olmalıdır. Necə ki, o təminat yoxdur, insanlar ehtiyat edəcək, qorxacaq, peyvəndlərin bir çoxu formal olaraq həyata keçiriləcək”.