bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Bakının regional əməkdaşlıq və mehriban qonşuluğa əsaslanan “yol xəritəsi”

16-08-2024, 12:44 0 dəfə baxılıb





“Soyuq müharibə” vəziyyətini xatırladan geosiyasi reallıqların siyasi şərtləri çətinləşdirdiyi dünyada beynəlxalq münasibətlər kəskin cəbhələşmə dövrünü yaşayır. ABŞ-ın liderliyi altında qərb, Rusiya və Çinin timsalında şərq cəbhəsi açıq müstəvidə mübarizə aparır. Qərb və şərq cəbhəsi adlandıra biləcəyimiz bu geosiyasi bölünmə həm də cəbhələrin daxili ziddiyyətləri ilə daha da mürəkkəbləşib. Bu geosiyasi burulğanda bütün cəbhələrlə eyni məsafəni saxlamaq və bərabərhüquqlu münasibətlər qurmaq çətindir. Azərbaycan nadir ölkələrdəndir ki, heç bir cəbhədə yer almadan, bütün tərəflərlə bərabərhüquqlu münasibətlər qurmağa nail olan xarici siyasət kursu digər ölkələr üçün presedent rolunu oynayır.

Bu gün ABŞ başda olmaqla Qərb ölkələri, eləcə də Rusiya-Çin mərkəzli şərqdə güclənən cəbhə Azərbaycanla işləməkdə maraqlıdır və bütün tərəflər rəsmi Bakının milli maraqlarına hörmətlə yanaşır. Bu, Prezident İlham Əliyevin uğurlu strategiyasının real nəticəsidir. İndi yeni reallıqlar və əməkdaşlıq prioritetləri ön plana çıxır. Bu, regional əməkdaşlıq prinsipidir və rəsmi Bakı xarici siyasət kursunu bu istiqamətdə inkişaf etdirir.

Azərbaycanın xarici siyasət kursunu 2020-ci ildən əvvəlki və sonrakı dövrə ayırmaq mümkündür.

2020-ci ilə qədər balans siyasətinə və hücum diplomatiyasına üstünlük verən rəsmi Bakının hədəfi bütün güc mərkəzləri ilə münasibətlər qurmaq və torpaqlarında işğal siyasətini aparan Ermənistanın ətrafında çəmbəri daraltmaq idi. Bu strategiya nəticəsində 44 günlük Vətən müharibəsi zamanı işğalçı ölkə təkcə hərbi cəbhədə yox, diplomatik cəbhədə də məğlubiyyətlə üzləşdi.

2020-ci ildən sonra Azərbaycanın xarici siyasət kursu yeni perspektivlər yaradır: bütün güc mərkəzləri ilə münasibətlərin bərabərhüquqlu şəraitdə davam etdirilməsi ilə yanaşı, regional əməkdaşlıq xətti ön plana çıxıb.

Bu, iki amildən qaynaqlanır:

Birincisi, qlobal pandemiya geosiyasi münasibətlərdə də yeni trendlər yaratdı: dünyada çoxqütblü sistem ön plana çıxır və yeni nizamda regional əməkdaşlıqlar həlledici faktora çevrilir;
İkincisi, 44 günlük müharibənin Cənubi Qafqazda yaratdığı yeni reallıqlardır.

Əslində bu iki amil bir-biri ilə bu və ya digər formada bağlıdır, həmçinin, biri – Qarabağ məsələsinin həlli, digərinin – regional əməkdaşlığın vacibliyinin praktiki nümunəsidir.

30 ilə yaxın davam edən Ermənistan-Azərbaycan münaqişəsində vasitəçi kimi çıxış edən tərəflər, xüsusilə Qərb oyunçuları problemin həllindən daha çox, bu problem üzərindən regional maraqlarının təmin edilməsi siyasəti yürüdüb, hətta BMT qətnamələri, beynəlxalq hüququn prinsipləri kənara atılmışdı. Bu, Ermənistana işğal siyasətinə davam etmək imkanı yaradır, o cümlədən, regionun inkişaf perspektivlərini sıradan çıxarırdı. Azərbaycan Vətən müharibəsi ilə münaqişəyə son qoyaraq, beynəlxalq hüququ özü təmin etdi və bölgədə yeni reallıq yaratdı. Bu, region problemlərinin regionda həll edilməsi reallığıdır.

44 günlük müharibədən sonra Qarabağda Rusiya sülhməramlılarının yerləşdirilməsi, sabitliyə nəzarət missiyasını yerinə yetirən Rusiya-Türkiyə birgə mərkəzinin yaradılması da təsdiq edir ki, regionun problemlərini yalnız region ölkələri ilə əməkdaşlıq çərçivəsində həll etmək mümkündür. Azərbaycanın suverenliyini bərpa etdikdən sonra Rusiya sülhməramlılarının missiyasını uğurla tamamlaması və evə qayıtması da həm Bakı-Moskva münasibətlərinin yüksək səviyyəsinin, həm də regional əməkdaşlığın effektiv nümunəsi hesab edilə bilər.

Qarabağ münaqişəsinin həlli, ümumilikdə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpası regional əməkdaşlığın praktiki müstəvidə müsbət presedentini yaratdı. Və Azərbaycan məhz bu presedentə əsaslanaraq, xarici siyasət kursunda qonşularla münasibətləri prioritet xəttə çevirib.

Azərbaycan-Rusiya münasibətləri: Bakı və Moskva arasındakı münasibətlər hər iki ölkə liderinin şəxsi dostluq münasibətləri və qarşılıqlı maraqlar fonunda inkişaf edir. Xüsusilə regionda Rusiyanın ənənəvi müttəfiqi hesab olunan Ermənistanın davranışları da Moskvanın Cənubi Qafqaz siyasətini yenidən gözdən keçirməsini şərtləndirdi. Diqqətçəkən əsas məqam isə Rusiyanın bir çox məsələdə Azərbaycanla hesablaşması, Bakının maraqlarına toxunacaq hərəkətlərdən çəkinməsidir. Burada Azərbaycanın liderinin siyasi çəkisinin ağırlığı da mühüm amildir. Azərbaycan və Rusiya Prezidentlərinin görüşlərində də bu məqam diqqətdən yayınmır. Regional problem olan Qarabağ məsələsinin həllindən sonra iki ölkə arasındakı münasibətlər 2022-ci ildə imzalanan müttəfiqlik bəyannaməsi ilə yeni səviyyəyə yüksəlib.

Azərbaycan-Türkiyə: Bakı və Ankara arasında münasibətlər qardaşlıq bağları ilə qurulub. Azərbaycan müstəqillik illərində Türkiyə ilə münasibətlərini yeni keyfiyyət mərhələsinə yüksəltməyə nail oldu, siyasi, iqtisadi, mədəni və digər sahələrdə qarşılıqlı əlaqələrin daha da intensivləşməsi “bir millət iki dövlət” şüarına yeni məzmun gətirdi. Vətən müharibəsindən sonra imzalanan Şuşa Bəyannaməsi iki qardaş ölkənin siyasi müttəfiqliyini daha da gücləndirdi və iki ölkə təkcə bir millət kimi yox, bir çox məsələdə həm də bir dövlət kimi mövqe sərgiləyir. Azərbaycan və Türkiyənin müttəfiqliyi eyni zamanda, türk dünyasının dərin inteqrasiyasında da yeni imkanlar yaradı. Türk Dövlətləri Təşkilatının Şuşa zirvəsində imzalanan Qarabağ bəyannaməsi bunun ən real nümunəsidir. Bu əməkdaşlıq həm də Mərkəzi Asiyadan Anadoluya uzanan regional əməkdaşlığı da inkişaf etdirir. Ki, bu əməkdaşlıqdan təkcə türk dünyası yox, həm də bu coğrafiya ilə siyasi-iqtisadi bağlara malik olan Rusiya və İran başda olmaqla digər ölkələr də bəhrələnir.

Azərbaycan-İran: Bakı-Tehran xəttində müəyyən enişli məqamlar olsa da, iki ölkənin münasibətləri bu sınaqlardan çıxa bilib. Azərbaycanın İrana qarşı təcrid siyasətinə qoşulmaması, bütün dövrlərdə qonşuluq münasibətlərini əsas götürməsi iki ölkə arasında qarşılıqlı etibarı gücləndirir. İki ölkə arasında yaranmış problemlər İranın mərhum prezidenti İbrahim Rəisinin dövründə normallaşma məcrasına qədəm qoydu və bu gün inkişaf xətti üzrə davam etməkdədir.

Prezident İlham Əliyevin qonşuluq münasibətlərinin əsas götürdüyü xarici siyasəti təkcə Azərbaycanın bölgədəki mövqelərini gücləndirmir, həm də regional ölkələrinin hər birinin siyasi-iqtisadi maraqlarını təmin edir, o cümlədən, regionun perspektiv inkişafı üçün yeni imkanlar açır. Bu siyasətdə əsas prinsip regional problemlərinin regionda həll edilməsidir. Qarabağ münaqişəsinin həllindən sonra regionda 3+3 formatının yaradılmasını gündəmə gətirən Azərbaycanın əsas məqsədi də məhz bu hədəfə nail olmaqdır. Təcrübə ilə təsdiq olunub ki, regiondankənar qüvvələrin bölgəyə müdaxiləsi ciddi risklər yaradır.

a) Regiona ölkələrinin milli maraqlarını təhdid edir;
b) Regionu geosiyasi mübarizə poliqonuna çevirir;
c) Regionda müharibələrin, qarşıdurmaların yaradılmasına səbəb olur, qeyri-sabitlik yaranır, nəticədə iqtisadi inkişaf və siyasi əməkdaşlıq perspektivi təhlükə altına düşür;

Bu gün Ermənistanın həyata keçirdiyi siyasət – regiondankənar qüvvələri bölgəyə gətirməsi təhlükənin miqyasını əyani şəkildə göstərir. Ermənistanda yerləşdirilən Qərb qüvvələri – Aİ missiyası adı altında NATO qüvvələrinin gəlişi, ABŞ qoşunlarının və hərbi texnikasının gətirilməsi təkcə Azərbaycana yox, həm də Rusiyaya, Türkiyəyə və İrana ciddi təhdidlər yaradır. Region ölkələri bu təhdidləri aradan qaldırmaq üçün birgə mövqe sərgiləməli, kənar müdaxilələrin qarşısını almalı və regionun problemlərinin regionda həll edilməsi prinsipindən çıxış etməlidir. Azərbaycanın izlədiyi siyasi xətt, irəli sürdüyü prioritet bundan ibarətdir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930