bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Humanizm və xeyirxahlıq nümunəsi

29-08-2019, 14:28 224 dəfə baxılıb

Humanizm və xeyirxahlıq nümunəsi
Şərqlə Qərbi özündə birləşdirən Azərbaycan milli-mənəvi dəyərləri ilə sivilləşir, dünyaya inteqrasiya prosesi sürətlənir. Azərbaycan mədəniyyətinin geniş təbliği, sağlam mənəvi dəyərlərin qorunması ilə bağlı aparılan işlər əsas xətt olaraq davam etdirilir. Azərbaycanın imicinin yüksəldilməsində, onun dünyaya təqdimində görülən bu və ya digər işlər dövlətin maraqlarını ifadə edir. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin zəngin ənənələrinin davamçısı olan Heydər Əliyev Fondu genişmiqyaslı fəaliyyəti ilə məhz Azərbaycanın yüksək dəyərlərini, humanizm prinsiplərini beynəlxalq aləmə təqdimində əvəzsiz rola malikdir.

Heydər Əliyev Fondunun loqosundakı göy və qızılı rənglər artıq bu qurumun fəaliyyətindən çox məqamları əks etdirir. Səmanı, demokratiyanı, düzlüyü, təmizliyi, günahsızlığı, dincliyi, etibarlılığı, səmimiliyi, əminliyi ifadə edən göy rəng həm də milliliyin göstəricisidir. Qızılı rəng isə günəş, sülh, inkişaf, işıqlı gələcək simvolu deməkdir. Hər iki rəng Ümummilli Lider Heydər Əliyevin istək və arzularını, ideyalarını əks etdirir ki, fond da fəaliyyətə başladığı zamandan bu ali dəyərləri, məfhumları gerçəkləşdirmək yolundadır.

Dünyada ən işgüzar Birinci Xanım kimi tanınan Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva böyük və çoxşaxəli fəaliyyəti dövründə bir-birindən fərqli layihələrin müəllifi olaraq saysız insanların mənəvi dostuna çevrilib. Həyata keçirdiyi layihə və proqramlarının əsas istiqamətlərini təhsil, mədəniyyət, səhiyyə, idman və sosial sahələr təşkil edir. Heydər Əliyev Fondu uğurlu layihələrin müəllifi olaraq, yüksək səviyyəli konfranslarda, festivallarda itşirak edib, eyni zamanda belə miqyaslı tədbirlərə ev sahibliyi edib. Fond qayğıya ehtiyacı olanlara kömək göstərmək, milli-əxlaqi dəyərləri qorumaq, həmçinin dünya ictimaiyyətinin diqqətini Azərbaycan həqiqətlərinə cəlb etmək üçün fəaliyyətində qətiyyətlidir, israrlıdır. Bu fəaliyyət humanizm meyarına söykənir. Müsahibələrinin birində Azərbaycanın Birinci Xanımı belə deyir: “İstər YUNESKO-nun xoşməramlı səfiri kimi, istərsə də Heydər Əliyev Fondunun prezidenti kimi mənə ehtiyac olduğunu hiss edirəm. Mənim adıma hər gün 200-dən çox məktub gəlir. Onların heç biri diqqətsiz qalmır. Mən konkret iş görmək, konkret insanlara kömək etmək istəyirəm. Konkret problemləri həll etmək, yardım edə bildikdə sevinc hissi keçirmək və səndən asılı olmayan səbəblər üzündən nəsə edə bilmədikdə təəssüflənmək, qəzavü-qədər, sağalmaz xəstəlik qarşısında bütün gücsüzlüyünü dərk edərkən əziyyət çəkmək, xilas edilmiş bir uşağın təbəssümünü gördükdə isə bir daha sevinmək istəyirəm. Bu, mənim seçimimdir”. Belə mənəvi dəyərlərə malik olan bir Azərbaycan xanımı “Mən siyasətlə məşğul olmuram, sadəcə insanlara kömək edirəm. Əgər bunu siyasət adlandırmaq olarsa, buyurun, elə də hesab edin”- deyir. Əslində, onun gördüyü bu işlər Azərbaycanı yaşatmaq siyasətidir. Azərbaycanı tanıtmaq siyasətidir. Azərbaycanı olduğu kimi dünya ponaramasına daxil etmək siyasətidir. Bir insanın vətənpərvərlik siyasətidir ki, sivil yolla, mədəni körpülər vasitəsilə siyasət həyata keçirilir. Ehtiyacı olan iqsanlara yardım edir, mənəvi dünyasının qapılarını onların üzünə açır.

Heydər Əliyev Fondu Azərbaycanın digər ölkələrlə dialoqunun genişləndirilməsinə də töhfəsini verir. Bu münasibət fondun beynəlxalq əməkdaşlığına gözəl imkanlar yaradır. Mədəni irsin qorunması üçün Heydər Əliyev Fondu bir sıra memarlıq abidələrini, o cümlədən Dünya Mədəni İrs Siyahısına daxil edilmiş Versal Sarayını bərpa edib. Mehriban xanım Əliyeva müsahibələrinin birində belə deyir: “Fondumuz Parisdə on dördüncü əsrə aid Notr-Dam, Strasburq Kafedral kilsələrinin, İkinci Dünya müharibəsində dağılmış Berlin şəhər Sarayının, həmçinin Vatikan Arxivlərində saxlanılan Azərbaycan orta əsrlər əlyazmalarının bərpa olunmasına kömək etmişdir. Mədəni və humanitar əlaqələrin qurulması ölkəmiz üçün böyük əhəmiyyətə malikdir. Mədəni əməkdaşlıq bir-birimizi necə tanıdığımızı üzə çıxarır, bir-birimizin tarixini, mədəniyyətini, ənənələrini necə bildiyimizi göstərir”.

Azərbaycanın Birinci Xanımının genişmiqyaslı proqram və layihələrinin sırasında təhsil sistemini təkmilləşdirmək və onun dünya təhsil sisteminə inteqrasiyasını təmin etmək məqsədi də dayanır. Fondun “Yeniləşən Azərbaycana yeni məktəb” Proqramı təhsil sahəsində saysız nailiyyətlərə səbəb olub. Belə ki, bu layihə çərçivəsində yüzlərlə məktəb, onlarla uşaq bağçası və ixtisaslaşdırılmış uşaq məktəbləri tikilib, təmir olunub, yüksək standartlarla təchiz edilib. Belə müasir məktəblər yeni üfüqlər açır, şagirdlər üçün yeni imkanlar yaradır.

Onun “Təhsilə dəstək” layihəsi tək Azərbaycanda deyil, bir sıra xarici ölkələrdə də həyata keçirilir. Hətta xarici dövlətlərdə belə elmə, təhsilə diqqət göstərir. Belə ki, Fondun təşəbbüsü ilə yəhudi təhsil mərkəzi, fransız məktəbi yaradılıb. Pakistanın Müzəffərabad şəhərində qızlar üçün yeni məktəb tikdirib. Hollandiyada, Gürcüstanda, Misirdə, Rusiyada və Rumıniyada məktəblər tikilib və ya təmir edilib.

Ümummilli Lider Heydər Əliyevin adını daşıyan, Onun ideyalarının həyata keçirilməsini özünün əsas vəzifəsi hesab edən fondun həyata keçirdiyi “Diabetli uşaqlara ən yüksək qayğı” proqramı çərçivəsində görülən işlər, həyata keçirilən tədbirlər də xüsusilə önəmlidir. Qurum beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq yaradır, ölkəmizdə əhalinin sağlamlığı naminə onların imkanlarından da istifadə edir. Azərbaycan Diabet Cəmiyyəti və Danimarkanın yüksək keyfiyyətli insulin istehsalı sahəsində dünyada lider olan Novo-Nordisk şirkəti ilə birgə layihənin icrasına başlanandan bəri, Azərbaycanda bu xəstəliyə tutulmuş 14 yaşınadək 310 nəfər uşağın insulinlə təminatında əvvəllər mövcud olan problemlər aradan qaldırılmışdır.

Azərbaycanın mədəniyyətlərin və dinlərin qovuşduğu məkana çevrilməsindəki rolu müstəsnadır. Heydər Əliyev Fondu ölkəmizdə və ondan kənarda dini abidələrin qorunması və bərpasına yardım göstərir. Fondun dəstəyi ilə paytaxtımızdakı pravoslav və Müqəddəs Məryəm kilsələrində də təmir-bərpa işləri aparılmışdır. Son illər Bakıda və regionlarda dini ziyarətgahların, ibadət yerlərinin tikintisi və mövcud olanların yenidən qurulması prosesi uğurla davam etdirilir. Milli-mənəvi dəyərlərin qorunması və dini ziyarətgahların yenidən qurulması prosesinə fəal surətdə qoşulan Heydər Əliyev Fondunun ölkəmizdə həyata keçirdiyi “Tolerantlığın ünvanı - Azərbaycan” layihəsi çərçivəsində ölkədə bir neçə dini ocağın təmiri və yenidən qurulması həyata keçirilib.

Çoxşaxəli fəaliyyətində yorulmaq bilmir Mehriban Əliyeva. Hər gördüyü işdən ilhamlanır, yeni bir layihənin icrası qarşıya qoyulur: “İnsan gördüyü işin haqlı, xeyirli və lazımlı olduğuna daxilən inandıqda həvəslə işləyir, fiziki yorğunluq isə mənəvi məmnunluqla ödənilir”.- deyir Mehriban Əliyeva. Gecəli-gündüzlü əmək, fəaliyyət Azərbaycanla, doğulub, boya-başa çatdığı məmələkətlə bağlıdır.

Mehriban xanım Əliyeva Milli Məclisin deputatıdır. Mehriban Əliyevanın bir qadın, ana, ictimai xadim kimi fəaliyyətini göz önündə canlandırır. Gördüyü işlər böyük məsləkinin gerçəkləşməsidir. Onun fəaliyyəti hər zaman diqqətdədir və Mehriban xanım Əliyevaya böyük etimad göstərilir. Yeni Azərbaycan Partiyasının V Qurultayında Mehriban Əliyevanın YAP-ın Sədr müavini vəzifəsinə irəli sürülməsi Mehriban Əliyevaya göstərilən daha bir etimad idi. Ölkənin ictimai-siyasi həyatında fəal iştirak edən Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətinə daha bir məsuliyyətli vəzifəni icra etmək də əlavə olunub.

Bütün fəaliyyəti ilə uğurlara imza atan Mehriban xanım Əliyevanın məqsədli amalı, fədakarlığı, ictimai mövqeyi onu hər kəsə örnək edib. Mehriban xanım Əliyeva qarşıya qoyduğu məqsədə doğru daim addımlayır. Özünü, Özünün kimliyini gördüyü işlərlə təsdiqləyir və cahanda məxsusi dəyərlərini ortaya qoyaraq həyat missiyasını gerçəkləşdirir.

Əməlləri ilə nümunə olan Mehriban xanım Əliyeva ölkənin ictimai-siyasi həyatında rol oynayan bir varlıq kimi Azərbaycanın qapısını dünyaya açıb. Hələ Mehriban xanım Əliyevanın vərəqləyəcəyi çox, lap çox məqamlar var. Onların hər biri Azərbaycanla bağlıdır.

Ölkənin həyatında yüksək fəallıq göstərən Mehriban Əliyevanın Azərbaycan mədəniyyətinə, təhsilinə, səhiyyəsinə göstərdiyi qayğı və diqqətini bütün dünya görür və yüksək qiymətləndirir. Bu gün Mehriban xanım Əliyevanın gördüyü işlərin sədası dünyanın ən nüfuzlu mətbu orqanlarının səhifələrində yer alıb. Ölkəmizdən kənarda apardığı xeyriyyəçilik işləri Azərbaycan qadınının humanizm, mərhəmət kimi dəyərlərə malik olduğunu, dövlət strukturlarında, siyasi arenada və digər sahələrdə Azərbaycan qadınının istedadlı mütəxəssis kimi fəallıq göstərdiyini nümayiş etdirir. Bu gün fəxarətlə deyə bilərik ki, dünyanın bir çox ölkələrinin təsis etdiyi ali mükafat və adların təqdimində Azərbaycan xanımının - Mehriban Əliyevanın ismi xüsusi olaraq vurğulanır. Mehriban Əliyeva verilən yüksək adlar, Onun şərəfinə və fəaliyyətinə söylənilən dəyərli fikirlər, təqdimatlar beynəlxalq aləmdə nüfuz və şöhrətə malik olduğunun göstəricisidir. YUNESKO-nun xoşməramlı səfiri tituluna, “Yaqut Xaç” ordeninə, “Şərəf Legionu” ordeninə, “Qızıl ürək” beynəlxalq mükafatına, “Xidmətlərə görə” Böyük Komandor Xaçı ordeninə, “Türk dünyasına xidmət” mükafatına, “2014-cü ilin ən nüfuzdu qadını” adına layiq görülməsi və onlarla mükafatlar və adlara layiq görülməsi Onun əməyinin qiymətidir.

Bu gün Azərbaycan bütün mötəbər beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi edir. Azərbaycan beynəlxalq tədbirlərə ev sahibliyi etmək təcrübəsindən yaralanaraq birinci Avropa Oyunlarını yüksək səviyyədə təşkil etdi. Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva tədbirlə bağlı fikirlərini bildirmişdi: “Bir daha dünyaya göstərəcəyik ki, gənc, müstəqil, dinamik inkişaf edən Azərbaycan böyük uğurlara nail olubdur”. Azərbaycanda böyük potensial mövcuddur. Avropa Oyunlarına hazırlıq üçün Bakıda əzmkarlıqla çalışan güclü komanda fəaliyyət göstərir. Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin dediyi kimi, Azərbaycan Gimnastika Federasiyasının prezidenti olan Mehriban xanım Əliyevanın Avropa Oyunlarının Təşkilat Komitəsinə sədrlik etməsi bu oyunların lazımi səviyyədə təşkilinə zəmin yaratdı.Azərbaycanın Birinci Xanımı Mehriban xanım Əliyevanın Afinada Beynəlxalq Olimpiya Akademiyasının “Olympic Excellence”xüsusi fəxri mükafatı ilə təltifi də elə Onun olimpiya hərəkatının inkişafına, Olimpiya dəyərlərinin təbliğindəki xidmətlərinə görədir.

Azərbaycan qadınının ümumiləşdirilmiş siması olan Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyeva dünya miqyasında Azərbaycan qadınının simvoluna çevrilib. Azərbaycan Mehriban xanım Əliyevanın timsalında dünyada öz layiqli yerini tapıb. O, ölkənin ictimai-siyasi həyatında rol oynayan bir varlıqdır. Bu gün Mehriban Əliyevanın gördüyü işlərin sədası dünyanın hər yerindən eşidilir. Dünya dövlətlərinin yüksək tribunalarındakı çıxışı və qaldırdığı məsələlər bu fikri təsdiqləyir ki, Mehriban Əliyeva gördüyü işlərlə Azərbaycan qadınının xeyriyyəçi, mərhəmətli, ictimai-siyasi fəaliyyətdə olan bir varlıq olduğunu dünya ictimaiyyətinə bir daha sübut etdi. O, həm gözəl ana, həm gözəl ictimai-siyasi xadim, həm də ləyaqətli bir Azərbaycan qadınıdır.

Mehriban xanım Əliyevanı doğum günü münasibətilə səmimi qəlbdən təbrik edirik. Ona çətin və şərəfli işində uğurlar arzulayırıq.

Vüsalə Həsənova
ADPU-nin "İnsan və heyvan fiziologiyası" kafedrasının müəllimi,
biologiya üzrə fəlsəfə doktoru, YAP üzvü,
"Azərbaycan bayrağı" media mükafatı laureatı






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930