Şərəfli 44 gün…
44 gün – Azərbaycan, o cümlədən dünya tarixinə qızıl rəqəmlərlə yazılmış şanlı zəfərimizin ömrüdür. Dünya xəritəsində kiçik bir yeri əhatə edən Azərbaycan dövləti 44 gün ərzində dünyaya səs salaraq bütün gücünü göstərdi. O güc ki, heç bir beynəlxalq təşkilat tərəfindən, heç bir bəyanat və danışıqlar nəticəsində həll yolunu tapa bilməyən gerçəklər bu 44 günün tamamında öz həqiqətlərini dünya birliyinə hayqırdı. Məgər necə güclü, necə qüdrətli dövlətimiz var imiş, necə əzmkar, necə vətənpərvər, mərd ürəkli, igid xalqımız var imiş, sözlərdə deyil əməllərdə gördük və bir daha əmin olduq. Torpaqlarımızdan ayrı qaldığımız 30 ilin kini, nifrəti, nisgili, ağrısı-acısı vulkan olub 44 gündə püskürdü və bu vulkandan çıxan od-alov düşməni yandırdı.
30 il ərzində işğal olunmuş ərazilərimizlə sərhəddə düşmən tərəfindən dəfələrlə atəşkəs pozulmuş, hər dəfə düşmən cavab atəşi ilə susdurulmuşdur.
Son illərdə artıq vəziyyət daha da gərginləşməyə başlamışdı, belə ki, 2016-cı il aprel döyüşləri 1994-cü ildə atəşkəs haqqında saziş imzalandıqdan sonra baş vermiş ən şiddətli döyüşlər idi. Döyüşlər böyük zəfərin başlanğıcı kimi Azərbaycan ordusunun qələbəsi ilə nəticələndi. Bundan sonra Azərbaycan və Ermənistan prezidentləri ATƏT-in Minsk Qrupuna həmsədrlik edən ölkələrin rəsmilərinin iştirakı ilə Vyanada görüşdülər, daha sonra isə Rusiya prezidentinin də iştirakı ilə Sankt-Peterburqda üçtərəfli danışıqlar keçirildi. Azərbaycan bir daha bəyan etdi ki, sülh yolunun tərəfdarıdır, lakin lazım gəlsə bütün gücünü və əzmini göstərmək iqtidarındadır.
Ermənistanın ölkəmizə qarşı 2020-ci il 27 sentyabrdan başlayan növbəti hərbi təcavüzünə cavab olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanının rəhbərliyi ilə işğal altında olan torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsi başladı. Müasir dünya tarixinə qızıl hərflərlə yazılacaq Vətən müharibəsi. Düşmənin hərbi təcavüzündən sonra 28 sentyabr 2020-ci ildə Ali Baş Komandan Prezident İlham Əliyevin sərəcamı ilə ölkədə qismən səfərbərlik elan olundu. Ehtiyatda olan hərbi qulluqçular, o cümlədən könüllü olaraq ordu sıralarına yazılmış gənclər döyüşlərə cəlb olundu.
Həmin igidlər 30 il ərzində “biz döyüşməyə hazırıq, lazım olsa ölümə də gedərik” ifadəsinin yalnızca söz xatirinə deyilmiş olmadığını sübut etdi. Bəs son damla qanına qədər vuruşan döyüşçülərimizdə bu əzm hardan idi? Çünki onlar öz əzəli və əbədi torpaqlarımız uğrunda döyüşürdü. Azərbaycan Respublikasının Konstitusiyasına görə “Azərbaycan Respublikası öz təhlükəsizliyinini və müdafiəsini təmin etmək məqsədilə Silahlı Qüvvələr yaradır”. Bəli müdafiəsini təmin etmək məqsədilə. Azərbaycan dövləti heç zaman heç kimin torpağına göz dikməmiş və öz ərazisinə aid olmayan torpaqlar barədə ərazi iddiasında olmamışdır. Ali Baş Komandanın da dediyi kimi, “biz öz torpaqlarımızda vuruşuruq”.
Bunun əksinə olaraq erməni əsgərləri ümumi səfərbərlik nəticəsində zor gücünə toplanır, məcburi olaraq Qarabağ bölgəsinə gətirilirdi. Onlar çox gözəl bilirdi ki bu torpaqlar Azərbaycanındır. Heç kim özünə aid olmayan ərazi uğrunda həyatını təhlükəyə atmaq istəməz.
30 il ərzində ordumuzun hərbi təchizatı yüksək səviyyəyə çatdırılmış, mükəmməl hərbi texnikalar satın alınmışdı. Həmçinin rəşadətli ordumuzun igid əsgərləri düşmənə amansız zərbələr endirdi. Onların döyüş əzmi bütün dünyaya səs saldı. Vaxtilə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünə susan dövlətlər, beynəlxalq təşkilatlar Azərbaycanın öz qüdrəti ilə əzəli torpaqlarını işğaldan azad etdiyinin şahidi oldular. Ordumuz kağız üzərində qalan BMT qətnamələrini öz gücünə icra etdi.
Kaş ki bütün mərd oğullarımız şanlı qələbə ilə nəticələnən müharibədən sağ-salamat geri qayıdaydı, kaş ki heç bir uşaq atasız, heç bir valideyn övladsız, heç bir bacı qardaşsız, heç bir xanım yoldaşsız qalmayaydı.
2020-ci il noyabrın 10-da üçtərəfli bəyanat imzalanaraq müharibənin sonlandığı elan olunanda hər yanda qələbə sevinci yaşandı. Nəhayət İlham Əliyevin komandanlığı ilə Azərbaycanın 30 ilə yaxın düşmən tapdağı altında qalan dilbər guşələri öz əbədi sahiblərinə qayıtdı. Bu sevinclə yanaşı şəhidlərimizin ailəsində hüzn, hələ cəbhə bölgəsində olan hərbçilərimizin ailəsində isə narahatlıq hissləri bir-birinə qarışdı. Çünki təəssuflər olsun ki, 44 gündən sonra da şəhid xəbərləri gəlməyə davam edirdi.
İkinci Qarabağ müharibəsi tarixdə Azərbaycanın şanlı qələbəsi kimi yadda qalacaq. Artıq dərsliklərdə torpaqlarımızın işğaldan azad olunması tarixləridə
öyrədiləcək. Lakin qan yaddaşımızı da unutmaq olmaz. Torpaqlarımızın işğal tarixi də qələbə tarixi də gələcək nəsillərə öyrədilməli, bu zəfərin neçə neçə oğuların qanı ilə yazıldığı aşılanmalıdır. Çünki tarixi unutmamalıyıq, əgər tarixi unutmuş olsaydıq zəfər də çala bilməzdik. Torpaq – uğrunda ölən varsa Vətəndir. Acı da olsa gerçək budur ki, heç bir qələbə qansız tarixə yazılmır. Ali Baş Komandan İlham Əliyevin də dediyi kimi, “biz bu müharibəni şəhidlərimizin canı-qanı bahasına, hərbçilərimizin rəşadəti hesabına, dövlətimizin siyasəti hesabına qazanmışıq. Bu gün bütün düyna gördü ki,Azərbaycanın gücü nədən ibarətdir. 44 gündə əldə edilmiş qələbə hərbçilərimizin peşəkarlığı və qəhrəmanlığı hesabına qazanılıb.”
44 gün ərzində xalqımız yüksək səviyyədə birlik nümayiş etdirmişdir. Necə deyərlər “el bir olsa dağ oynadar yerindən”. Ön cəbhədə hərbçilərimizin şücaəti, ordumuzun rəşadəti, arxa cəbhədə mülki insanlarımız, bütövlükdə isə xalqımızın həmrəyliyi nəticəsində qələbə çaldıq. Bir daha dünyaya sübut etdik ki, bu torpaqlar əzəli və əbədi Azərbaycan torpaqları olmuşdur, “Dəmir Yumruq” əməliyyatı bir daha göstərdi ki, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
Saleh Sadıqov
Meliorasiya və Su Təsərrüfatı ASC Hidroloji Meliorativ Xidmət və Suların İstifadəsinə mühafizəsinə Nəzarət idarəsinin rəisi,
YAP Səbail rayon Təşkilatının Meliorator ərazi Təşkilatının sədri, "Əməkdar mühəndis", "Tərəqqi medallı"