“Bakı və İrəvan normallaşma prosesində mühüm irəliləyişlər əldə edib”
Azərbaycan və Ermənistan son bir ildə suverenlik və ərazi bütövlüyünü təmin etməklə yanaşı, birbaşa ikitərəfli danışıqlar yolu ilə normallaşma prosesində, xüsusən də dövlət sərhədinin müəyyən olunması və demarkasiyasına dair ikitərəfli sazişin hazırlanması ilə bağlı mühüm irəliləyişlər əldə edib.
Bunu xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasının Ümumi Müzakirəsində “Heç kimi geridə qoymayaq: indiki və gələcək nəsillər üçün sülhün, davamlı inkişafın və insan ləyaqətinin inkişafı naminə birgə hərəkət etmək” mövzusunda çıxış edərkən söyləyib.
Nazir əlavə edib ki, Azərbaycan təkcə öz milli təhlükəsizliyi və rifahı üçün deyil, həm də bütün regionun daha yaxşı gələcəyi üçün güclü məsuliyyət hissi ilə bu prosesi irəli aparmağa davam edəcək: “Normallaşma prosesinin başa çatdırılması üçün bu prosesi məntiqi sonluğa çatdırmaq öhdəliyimiz və qətiyyətimiz dəyişməz olaraq qalır. Ermənistan konstitusiya dəyişikliklərini həyata keçirməklə Azərbaycana qarşı ərazi iddialarından qanuni olaraq hələ də birdəfəlik əl çəkməmişdir, Ermənistanın səhlənkarlığı hərbi büdcənin kəskin artması, həm ənənəvi, həm də yeni tədarükçülərdən böyük miqdarda silahlarının alınması və köhnə münaqişəyə əsaslanan rəvayətləri və strukturları saxlamaq cəhdləri ilə birlikdə konstitusiya dəyişikliklərinin həyata keçirilməsi normallaşma prosesini pozur”.