bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

44 günə fəth olunan ZƏFƏR ZİRVƏSİ

23-10-2024, 10:15 13 dəfə baxılıb



Şanlı və tarixi qələbəmiz Azərbaycan xalqında milli birliyə, yeni bir dirçəlişə səbəb oldu. Azərbaycan xalqı Prezidentimizin ətrafında dəmir yumruq kimi birləşərək, sözün əsl mənasında, böyük xalq olduğunu, ulu türk millətinin cəsur, qəhrəman bir boyu olduğunu bir daha sübut etdi, cəmiyyətimizdə mövcud olan Xalq-Lider-Ordu birliyini daha yüksək səviyyəyə qaldırdı. Xalq öz liderinə ürəkdən inandı və Ali Baş Komandan İlham Əliyev Azərbaycan xalqının etimadını əməli fəaliyyəti və şanlı zəfəri ilə doğrultdu. Möhtərəm Prezidentimiz öz qətiyyəti, sarsılmaz iradəsi, cəsarəti, Azərbaycana edilən bütün təzyiqlərə məharətlə sinə gərməsi və son dərəcə mürəkkəb, çətin müharibə şəraitində siyasi arenada, informasiya müharibəsində parlaq qələbələr qazanaraq xalqına söz verdiyi kimi, Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi. Əminliklə deyə bilərik ki, İlham Əliyev öz adını milli tariximizin son 200 ildə ən şanlı və müzəffər sərkərdəsi kimi Azərbaycan xalqının yaddaşına qızıl hərflərlə əbədi həkk etdi.

Azərbaycan dövləti və xalqı ölkə ərazisinin 20 faizinin işğal altına düşməsi faktı ilə heç vaxt barışmadı. 30 il ərzində ölkəmizin ərazi bütövlüyünün təmin olunması məsələsi Azərbaycanın dövlət siyasətinin əsasını təşkil etdi. Son 18 ildə Prezident İlham Əliyev yerli və xarici auditoriyalar qarşısındakı çıxışlarında ölkəmizin keçmiş Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tarixi ədalətə və beynəlxalq hüquqa əsaslanan prinsipial mövqeyini qətiyyətlə və yüksək diplomatik məharətlə dünya ictimaiyyətinin diqqətinə çatdırırdı. Uzun illər ərzində bütün beynəlxalq tədbirlərdə və platformalarda Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq istiqamətində böyük işlər aparılmışdır. Bütün aparıcı beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıdı. BMT Baş Assambleyasının İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Avropa Parlamenti və digər təşkilatlar Azərbaycanın haqq işinə dəstək oldu. Beləliklə, münaqişənin həlli üçün hüquqi zəmin yarandı. Məqsədyönlü səylər nəticəsində münaqişə ilə Qarabağın tarixi ilə bağlı dünya ictimaiyyətinə dolğun məlumatlar çatdırıldı, Ermənistanın yalançı təbliğatına son qoyuldu və bütün dünya gördü ki, Qarabağ əzəli tarixi Azərbaycan torpağıdır.

Əlbəttə, Vətən müharibəsində şanlı qələbəmiz asanlıqla qazanılmayıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 gün ərzində düşməni diz çökdürdü, onun belini qırdı və təslim olmağa məcbur etdi. Əldə olunan məlumatlara görə, müharibə dövründə düşmənin hərbi birləşmələrinin təxminən 10 min əsgər və zabiti fərarilik edərək döyüş meydanından qaçmışdır.

Azərbaycan Ordusu Vətən müharibəsində 300-dən çox yaşayış məntəqəsini bilavasitə döyüş meydanında işğaldan azad etdi. Noyabrın 8-də Şuşanın, ertəsi gün isə daha 70-dən artıq yaşayış məntəqəsinin işğaldan azad edilməsindən sonra düşmən kapitulyasiya aktı sayılan üçtərəfli Bəyanatı imzalamaq məcburiyyətində qaldı. Vətən müharibəsində qazanılan şanlı Qələbəmizi dəyərləndirən Prezident İlham Əliyev “Müzəffər xalq kimi gəldik. Danışıqlar yolu ilə yox, Ermənistan tərəfindən edilə biləcək hansısa güzəşt nəticəsində yox, döyüş meydanında qan tökərək, şəhidlər verərək, fədakarlıq göstərərək gəldik, öz ərazi bütövlüyümüzü bərpa etdik və milli ləyaqətimizi bərpa etdik”, - deyə vurğulayıb.

Prezident İlham Əliyev 2020-ci il dekabrın 3-də Azərbaycan Respublikasında 8 Noyabr -Zəfər Gününün təsis edilməsi haqqında Sərəncam imzalayıb. Bununla da xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən Vətən müharibəsindəki bu misilsiz Qələbə əbədiləşdirildi.

Vətənin bütövlüyü, torpaqlarımızın azadlığı uğrunda şəhadətə ucalan bütün qəhrəman oğul və qardaşlarımız daim Azərbaycan xalqının qəlbində yaşayacaq, onların göstərdikləri qəhrəmanlıq isə tarixdə əbədi qalacaq, bayrağımız hər zaman zirvələrdə dalğalanacaq.

Azərbaycan xalqının milli qürurunun təntənəsinə çevrilən, Ali Baş Komandan, Prezident İlham Əliyevin sərkərdə qətiyyəti və siyasi müdrikliyi sayəsində bütövlüyümüzə nail olduğumuz tarix, şanlı günümüz - Zəfər Günün mübarək, Azərbaycan!


Şəhla Qurbanova
bölgə müxbiri






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930