ÜST Konqoda sirli xəstəliyi araşdırır: 400-dən çox yoluxma, onlarla ölüm
"Konqo Demokratik Respublikasında oktyabrın 24-dən bəri 406 nəfər naməlum xəstəliyə yoluxub, 30-dan çox insan isə həyatını itirib".
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat verib.
Bildirilib ki, naməlum xəstəlik Kvanqo əyalətinin Panzi tibbi-sanitariya zonasında qeydə alınıb. Əsas simptomlar qızdırma, baş ağrısı, burun axması, öskürək və bədən ağrılarıdır. Ağır hallarda əhəmiyyətli dərəcədə zəifləmə müşahidə olunur.
Xəstələrin əksəriyyətini əsasən beş yaşadək uşaqlar təşkil edir. Yağış mövsümünün davam etməsi səbəbindən ucqar kənd rayonu olan Panziyə çıxış çətinləşib, Kinşasadan yol isə təxminən 48 saat çəkir.
ÜST nümayəndələri bildiriblər ki, bu çətinliklər və ölkədə məhdud diaqnostik imkanlar xəstəliyin əsas səbəbinin müəyyən edilməsini gecikdirir. Hazırda Panzidəki təcili tibbi qruplar laboratoriya tədqiqatları üçün biomaterial nümunələri toplayır, xəstəliyin ötürülmə dinamikasını öyrənir və xəstələrə yardım göstərirlər.
ÜST ekspertləri vurğulayıblar ki, klinik təzahürlər və simptomlara əsasən, xəstəliyin potensial səbəbləri kəskin pnevmoniya, qrip, COVID-19, qızılca və malyariya ola bilər, qidasızlıq isə əlavə faktor rolunu oynayır.