Şuşanın girişində Albert Aqarunovun vurduğu tankın abidəsi kimin nəzarətindədir?-FOTO
“Şuşadan Stepanakertə gedən yolda yerləşən “T-72” tankı Ermənistanın nəzarətindədir...”
Bizimlider.com Moderator.az-a istinadən xəbər verir ki, bu məlumat və foto sosial şəbəkələrin erməni seqmentində yayılıb. Fotonun guya bu günlərdə erməni bloger Arutyun Akopyan tərəfindən çəkildiyi iddia edilir.
Xatırladaq ki, 8 may 1992-ci ildə ermənilərin Şuşaya hücumu zamanı şəhərə girməyə çalışan 442 nömrəli “T-72” tankı Azərbaycanın 533 nomrəli tankındakı şəhid Milli Qəhrəmanımız Albert Aqarunov tərəfindən vurulur. Bütün erməni ekipajı məhv olur. Elə həmin gün Albert Aqarunov da Şəhidlik zirvəsinə ucalır. İgid döyüşçümüz mövqeyini dəyişərkən tankın önündə şəhid olmuş əsgər yoldaşlarını kənara çəkmək üçün maşını tərk edir və bu zaman mənfur erməni snayperinin gülləsinə tuş gəlir... Allah rəhmət eləsin!..
Beləliklə, 9 may 1992-ci ildə Şuşa tam işğal olunur. Müharibə bitdikdən sonra Ermənistan hakimiyyəti həmin 442 nömrəli tankı Şuşanın girişində lüləsi Şuşaya tuşlanmış formada abidə olaraq yerləşdirir...
Artıq Ali Baş Komandanımızın başçılığıyla müzəffər ordumuz Şuşanı erməni işğalından azad edib və digər şəhidlərimiz kimi Albertin də qanını alıb. İnşallah, tezliklə əsgərlərimiz həmin erməni tankının yerinə Aqarunovun 533 nömrəli tankını abidə kimi qoyarlar...