Azərbaycan güləşçisi erməni rəqibini medalsız qoydu
Azərbaycanın sərbəst güləşçisi Əbubəkr Abakarov Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa Olimpiya Təsnifat turnirində bürünc medala bir addım da yaxınlaşıb.
86 kq çəki dərəcəsində mübarizə aparan çeçen əsilli idmançımız Ermənistan güləşçisi Hovhannes Mxitaryanla təsəlliverici yarışda qarşılaşıb.
İlk hissədə 4:5 hesabı ilə geridə olan Abakarov ikinci yarıda geridönüş edə bilib. O, Mxitaryanı 8:5 hesabı ilə məğlub edərək bürünc medal uğrunda görüşdə Slovakiyanın osetin əsilli idmançısı Boris Makoyevə rəqib olub.
Qeyd edək ki, sərbəst güləşçilərin medal görüşləri Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. 65 kq çəki dərəcəsindəki final görüşündə Hacı Əliyevin rəqibi iki il əvvəl Rumıniyanın paytaxtı Buxarestdə keçirilmiş Avropa çempionatının 1/8 finalında məğlub etdiyi Vazqen Tevanyandır.