Yırtıcı heyvan, zəhərli ilan, ekstremal şərait - Fotoqraf Saleh Baxşıyevin gözündən təbiətə baxış
Təbiət insanın ruhunu sakitləşdirən, eyni zamanda ona ilham verən möhtəşəm bir aləmdir. Hər mövsüm öz gözəlliyi ilə fərqlənir - yazın oyanışı, yayın hərarəti, payızın rəngarəngliyi və qışın sakitliyi.
Bu əsrarəngiz aləm özündəki gözəlliklərlə sirlərini gizlədir.
Təbiətin sirlərini duyan, onunla harmoniya yaradanlardan biri də vəhşi təbiət fotoqrafiyası ilə məşğul olan Saleh Baxşıyevdir.
Bu gün Bizimlider fotoqraf Saleh Baxşıyev ilə həmsöhbət olub.
Əvvəllər hərbçi olan Saleh Baxşıyev 8 ilə yaxındır ki, ekstremal şəraitdə sağ qalma və vəhşi təbiət fotoqrafiyası ilə məşğuldur. Sağ qalmaq bacarıqlarını həm məktəbli uşaqlara, həm də böyüklərə təlim şəklində öyrədir.
Onun "Wild Game Azerbaijan" adlı təbiətdə sağ qalmaq layihəsi var və bunun ilk versiyasını artıq həyata keçirib.
Müxtəlif vaxtlarda ekstremal şəraitdə sağ qalmaq düşərgələri, təlimləri təşkil edən fotoqraf zamanının qalan hissəsini vəhşi təbiətdə ekspedisiyalar aparmaqla keçirir.