bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş inkişaf xətti ilə Naxçıvan Muxtar Respublikası bundan sonra da inkişaf edəcək və Azərbaycanın dilbər guşəsi olaraq daha da gözəlləşəcək

18-05-2021, 18:35 210 dəfə baxılıb

Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş inkişaf xətti ilə Naxçıvan Muxtar Respublikası bundan sonra da inkişaf edəcək və Azərbaycanın dilbər guşəsi olaraq daha da gözəlləşəcək

Naxçıvan Muxtar Respublikası ölkəmiz üçün, ümumilikdə, bütün Türk dünyası üçün çox böyük geostrateji əhəmiyyətə malik mühüm məkandır. Təsadüfi deyil ki, dahi şəxsiyyət Heydər Əliyevin düşünülmüş və uzaqgörən siyasətində də bu amil həmişə üstün yer tutub, müdrik dövlət xadimi siyasi fəaliyyətinin ayrı-ayrı dövrlərində həmişə Naxçıvanın təhlükəsizliyinin möhkəmlənməsinə və dayanıqlı inkişafına xüsusi diqqət və qayğı göstərib. Azərbaycan Prezidenti İlham Əliyevin mayın 10-da Naxçıvan Muxtar Respublikasına səfəri də bu baxımdan böyük əhəmiyyət kəsb edir. Dövlətimizin başçısının səfər çərçivəsində Azərbaycan Televiziyasına verdiyi müsahibəsində səsləndirdiyi fikirlər bir daha onu göstərir ki, muxtar respublikanın inkişafının və təhlükəsizliyinin tam təmin edilməsi istiqamətində həyata keçiriləcək tədbirlər bundan sonra da uğurla davam etdiriləcək.
Qeyd etmək lazımdır ki, bu gün Naxçıvan Muxtar Respublikası ölkə başçısının diqqət və qayğısı nəticəsində iqtisadi artım templərinə görə Azərbaycanın ən öndə gedən bölgələrindən biridir. Naxçıvanda iqtisadi artımın əsas göstəricisi hesab olunan ÜDM 10 dəfədən çox artıb ki, bu səviyyədə iqtisadi artıma nadir hallarda rast gəlinir. Geoiqtisadi risklərin yüksəldiyi və problemlərin dərinləşdiyi bir dövrdə inkişaf dinamikasının davamlı xarakter almasına təsir göstərən əsas məqamlar isə heç şübhəsiz, ilk növbədə, ulu öndərimiz Heydər Əliyevin müəllifi olduğu iqtisadi inkişaf doktrinasının uğurla reallaşdırılması, iqtisadi siyasətin ən kiçik detallarına qədər dəqiqliklə düşünülərək həyata keçirilməsi, iqtisadiyyatın şaxələndirilməsi və vaxtında görülən digər zəruri tədbirlərdir. Muxtar respublikanın bölgələrində sosial infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin hər il daha da yüksəldilməsi, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılması, investisiya qoyuluşunun artması, yeni müəssisələrin və iş yerlərinin açılması, əhalinin məşğulluğunun artırılması davamlı yüksəlişi xarakterizə edən amillər sırasında yer alır. Azərbaycan Prezidenti İlham Əliyev mayın 10-da Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Azərbaycan Televiziyasına verdiyi müsahibəsində muxtar respublikada aparılan kompleks quruculuq işləri, məqsədyönlü tədbirlər barədə bildirmişdir ki: “Təəssüratlarım çox müsbətdir. Hər zaman Naxçıvanda olanda, burada inkişafı görəndə çox sevinirəm. Bu, mənim Naxçıvana 15-ci səfərimdir və hər səfər çərçivəsində bir çox obyektlərin açılışında iştirak edirəm. Naxçıvan sürətlə inkişaf edir. Bütün sahələr üzrə işlər müsbət istiqamətdə gedir”. Bu səfərlər sadəcə bir dövlət başçısının yerlərdə vəziyyətlə tanışlıq məqsədi olan protokol səfəri xarakterində olmayıb, hər biri taleyüklü problemlərin həllinə xidmət edib, regionda maraqlı qüvvələrə xüsusi mesajlar verilib. Yalnız bunu demək kifayət edir ki, Naxçıvan Muxtar Respublikasının büdcəsi Ermənistanın dövlət büdcəsi ilə müqayisə olunmağa başlayıb və inanırıq ki, yaxın zamanlarda Ermənistanın büdcəsindən daha artıq olacaq. Bunun isə başlıca iki əsas səbəbi var: Ermənistan büdcəsinə daxilolmanın dayanması, xərclərin isə gözlənilməz dərəcədə artması. Bundan başqa, müharibədə rəşadətli Ordumuz tərəfindən məğlubiyyətə uğradılan düşmənin məhv edilmiş və hazırda Bakıdakı Hərbi Qənimətlər Parkında olan texnikanın pulunu ödəməyə məhkum olması da Ermənistanın iqtisadi vəziyyətinə mənfi təsir göstərir.
Artıq müharibədən qalib çıxmış ölkəmiz dövlət başçısının göstərişlərinə uyğun olaraq iqtisadiyyatını hər keçən gün daha da gücləndirir. Eləcə də, Naxçıvan Muxtar Respublikası bütün istiqamətlər üzrə dayanıqlı inkişafa müvəffəq olub. Belə ki, Dövlətimizin başçısı Naxçıvan Beynəlxalq Hava Limanının yeni uçuş-enmə zolağının təqdimatında, Əlahiddə Ümumqoşun Ordunun hərbi aerodromunun açılışında iştirak etdi. Ölkə rəhbəri, eləcə də “ASAN xidmət” mərkəzinin binasının tikintisi ilə tanış oldu, “Azərxalça” ASC-nin Naxçıvan filialının, Süni Mayalanma Mərkəzinin və Naxçıvan Qarnizonu Mərkəzi Hospitalının, Culfa-Ordubad magistral avtomobil yolunun açılışlarına qatıldı. Prezident Ordubad Su Elektrik Stansiyasının tikintisi, dəmir yolu stansiyasında aparılan yenidənqurma işləri ilə tanış oldu, “Ordubad rayon mərkəzi və ətraf kəndlərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsinin açılışında iştirak etdi. Bütün bunlar muxtar respublikanın bu günü və gələcək inkişafı, təhlükəsizliyi üçün çox böyük əhəmiyyət kəsb edən obyektlərdir. Blokada vəziyyətində yaşayan Naxçıvanda həyata keçirilən kompleks quruculuq işləri Azərbaycan dövlətinin iqtisadi qüdrətini, inkişafını və tərəqqisini təcəssüm etdirir.
Həmçinin qeyd edilməlidir ki, Naxçıvanın müdafiə potensialının da gündən-günə möhkəmləndirilir. Belə ki, Naxçıvanın yerləşdiyi coğrafi ərazi və Ermənistanla sərhədlərinin olması muxtar respublikanın müdafiə potensialının möhkəmləndirilməsini zəruri edən səbəblərdən olmuşdur. Bu səbəbdən də ölkəmizin hər bir yerində olduğu kimi Naxçıvanda da Ordumuzun davamlı olaraq gücləndirilməsi, ən müasir, ən son texnologiyaya əsaslanmış hərbi texnika ilə təchiz edilməsi işi diqqət mərkəzində saxlanılmışdır. Heç də təsadüfi deyildir ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, Naxçıvanda Ümumqoşun Əlahiddə Ordu yaradılmış və ordu ən müasir silah və texnika ilə təchiz edilmişdir. Hazırda Naxçıvan Ordusunda olan hərbi texnika ən müasir hərbi texnikalardır ki, bu da bir çox qabaqcıl ölkələrdə olanlardan da üstündür. Çünki bütövlükdə Azərbaycan Ordusuna xaricdən gətirilən texnikaların böyük əksəriyyətinin nümunələri Naxçıvan Muxtar Respublikasında da mövcuddur. Bu gün Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu öz döyüş hazırlığını yüksək səviyyədə qoruyur, qarşıya qoyulmuş əsas vəzifələrin öhdəsindən layiqincə gəlir. Belə ki, Vətən müharibəsində Naxçıvan Ordusunun hərbçiləri də çox böyük şücaət göstərdilər, habelə uğurlu Günnüt əməliyyatı ordunun tam hazır olmasını bir daha sübut etdi. Xüsusilə, Günnüt əməliyyatı nəticəsində əldə edilən yüksəkliklər imkan verdi ki, Azərbaycan Ermənistandan Dağlıq Qarabağa gedən yola da nəzarət etsin və İkinci Qarabağ müharibəsində bu yola nəzarət imkanları bir çox informasiyanın əldə edilməsində mühüm amilə çevrildi. Bundan sonra da ölkəmizin hər bir yerində olduğu kimi, Naxçıvanda da ordumuzun gücləndirilməsi, ən müasir silahlarla təchiz edilməsi dövlətimizin, Müzəffər Ali Baş Komandanımızın əsas məqsədlərindən biridir. Eləcə də Zəngəzur dəhlizinin açılması ilə Zəngilandan Naxçıvana dəmir yolu xəttinin və avtomobil magistrallarının tikintisi muxtar respublikada transmilli nəqliyyat proqramlarının və layihələrinin reallaşdırılmasına şərait yaradacaqdır ki, bu da qədim diyarın geostrateji əhəmiyyətini daha da artıqmaqla yanaşı, bir sıra mühüm məsələlərdə böyük nailiyyətlər qazanmağa şərait yaradacaqdır. Məhz buna əsasən, ən yaxın vaxtlarda Zəngilanı Naxçıvanla birləşdirəcək 40 kilometrlik Zəngəzur dəhlizi mütləq açılacaq. Ölkə rəhbərinin qeyd etdiyi kimi, Azərbaycan öz üzərinə düşən vəzifələri icra edəcək. Şərqi Zəngəzur bölgəsində yerləşən Zəngilanı bizim qədim torpağımız olan Qərbi Zəngəzurla, ondan sonra Ordubad vasitəsilə Naxçıvanla və Türkiyə ilə birləşdirmək bizim növbəti tarixi nailiyyətimiz olacaq. Ermənistanın revanşist əhval-ruhiyyəli davranış tərzi isə yalnız Ermənistanın özünə ziyan verəcək.
Beləliklə, bütün bunlar deməyə əsas verir ki, bu gün bütün istiqamətlər üzrə əldə olunan uğurların təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Şübhə yoxdur ki, əsası qoyulmuş inkişaf xətti ilə Naxçıvan Muxtar Respublikası bundan sonra da inkişaf edəcək və Azərbaycanın dilbər guşəsi olaraq daha da gözəlləşəcək.


Fuad Heydər
YAP Səbail rayon təşkilatının məsləhətçisi, rayon Gənclər Birliyinin sədr müavini






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930