Məşhur restoranda toy keçirildi, sahibi cərimələndi
“Mona Liza” restoranında bir gündə iki toy məclisi keçirilməsi ilə bağlı məlumatlar yayılıb. Polis əməkdaşları tərəfindən aparılan araşdırmalar zamanı fakt öz təsdiqini tapıb.
Bu barədə Oxu.Az-a açıqlamasında Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov məlumat verib.
Bildirilib ki, sosial şəbəkədə yayılan görüntülər əsasında, ərazi üzrə Nərimanov rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırma:“Araşdırma zamanı məlumatlar öz təsdiqini tapıb. Məlum olub ki, ötən gün, yəni iyunun 11-də axşam saat 19:00-dan 22:30 radələrinə qədər azsaylı qonaqların iştirakı ilə olsa da “Mona Liza” restoranında toy məclisi keçirilib. Bu səbəbdən restoranın sahibi Şəmsi Şıxıyev və restoranın administratoru Musa Balazadəyə karantin qaydalarını pozduqları üçün İnzibati Xətalar Məcəlləsinin 211.1 maddəsi ilə protokollar tərtib edilib.
Belə ki, protokola əsasən, “Mona Liza” restoranın sahibi Ş.Şıxıyevə 4 min manat məbləğində cərimə tətbiq edilib”.
DİN rəsmisi onu da əlavə edib ki, restoran sahibinə Nazirlər Kabineti yanında operativ qərargahın tərtib etdiyi karantin qaydalarına ciddi şəkildə riayət etmələri barədə xəbərdarlıq edilib.
Xatırladaq ki, bəzi məlumatlara görə, “Mona-Liza” restoranı BDU-nun sabiq rektoru, AMEA-nın üzvü, akademik Abel Məhərrəmova məxsusdur.