Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn Rəşadın ad günüdür - FOTO
Bu gün 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn Rəşad İlqar oğlu Rəhimovun ad günüdür.
Oxu.Az-ın məlumatına görə, bu münasibətlə şəhidin ailə üzvləri, dostları və iş yoldaşları onun məzarını ziyarət ediblər. Şəhidin ruhuna dualar oxunub, əziz xatirəsi ehtiramla yad edilib.
Bildirilib ki, Rəşad Rəhimovun vətənə böyük sevgisi olub. O, torpaqlarımızı azad görmək arzusu ilə yaşayıb. Qəhrəmanımız Vətən müharibəsi başlayan ilk gündən könüllü olaraq döyüşlərdə iştirak edib. Müharibənin birinci günündən düşmənin müdafiə xəttinin yarılmasında qəhrəmanlıq göstərib.
Şəhidimiz “Azərpoçt” MMC-də çalışıb.
Qeyd edək ki, Rəşad İlqar oğlu Rəhimov 16 iyul 1985-ci ildə Tərtər şəhərində anadan olub. 2006-cı ildə ali məktəbi bitirdikdən sonra könüllü olaraq Azərbaycan Silahlı Qüvvələrinin Təlim Tədris Mərkəzinə daxil olub və kursu uğurla başa vuraraq leytenant rütbəsi alıb. Zabit və tağım komandiri kimi xidmət göstərib.
2008-ci ildə ehtiyata buraxılıb. 2010-2011-ci illərdə Hərbiləşdirilmiş Mühafizə İdarəsində, 2011-ci ildən isə “Azərpoçt” MMC-də çalışıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları icra edərək vəzifə borcunu şərəflə yerinə yetirən Rəşad Rəhimov Zəngilan, Qubadlı, Şuşa istiqamətlərdə gedən döyüşlərdə şücaət göstərib.
Rəşad Rəhimov 2020-ci il noyabrın 9-da Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Şəhidimiz 2-ci Fəxri xiyabanda dəfn olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Rəşad Rəhimov ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə”, “Füzulinin azad olunmasına görə”, ”Qubadlının azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.