Qubada fəhlə iş başında öldü
Avqustun 12-si saat 17 radələrində Quba rayon sakini 1967-ci il təvəllüdlü Elman Abbasovun iş yerində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Quba rayon prokurorluğunda aparılan ilkin araşdırmalarla müəyyən olunub ki, Elman Abbasov fəhlə işlədiyi Quba şəhərində yerləşən “Şaving İnşaat” MMC-yə məxsus torpaq sahəsində tikilməkdə olan xeyir-şər evinin inşası zamanı yükqaldırıcının mexanizminin pozulması nəticəsində hündürlükdən yıxılaraq aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Quba rayon prokurorluğunda Cinayət Məcəlləsinin 222.3-cü (tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.