Tovuzda qadınları fahişəliyə cəlb edən şəxs barədə cinayət işi qaldırıldı - DİN
Bəzi sosial şəbəkə səhifələrində Tovuz rayonundan olan bir xanımın rayon polis şöbəsinin əməkdaşları ilə əlbir olaraq hərbi qulluqçularla pul müqabilində görüş təşkil etməsi barədə iddialar yayılıb.
Qeyd edilib ki, daha sonra həmin hərbi qulluqçular insan alverində təqsirləndirilib və onlardan bunun müqabilində 500-2000 manat rüşvət istənilib.
Məsələ barədə Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq.
DİN-in Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, Tovuz rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri tədbirlər nəticəsində rayon sakini İ.Piriyeva pul müqabilində qadınları fahişəliyə cəlb etməkdə şübhəli bilinərək saxlanılıb:
“Araşdırmalar zamanı məlum olub ki, şübhəli şəxs əvvəlcədən bir neçə nəfərlə telefon danışıqları apararaq onlarla pul müqabilində xanımlarla görüşməyi təklif edib.
Hazırda həmin şəxs barəsində Cinayət Məcəlləsinin 241.1-ci (Fahişəliyə cəlb etmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir.
İstintaq zərurəti ilə əlaqədar bəzi şəxslər şahid qismində dəvət olunaraq izahatları alındıqdan sonra sərbəst buraxılıb”.