Bakıda “Dəmir yumruq” heykəlinin açılışı oldu – FOTO
21 sentyabr 2021-ci il tarixində “İçərişəhər” Muzey Mərkəzinin tabeliyində fəaliyyət göstərən Qala Dövlət Tarix Etnoqrafiya qoruğunun muzeylər kompleksi ərazisində Vətən müharibəsinin 1-ci il dönümü münasibətilə “Dəmir yumruq” heykəlinin açılış mərasimi keçirilib.
Bu barədə “İçərişəhər” DTMQİ Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, Vətən müharibəsində əldə olunmuş qələbəyə, möhtəşəm zəfər tariximizə həsr olunan və Qarabağda gedən hərbi əməliyyatların simvoluna çevrilən “Dəmir yumruq” heykəlinin müəllifi həvəskar heykəltəraş, Vətən müharibəsi iştirakçısı Manafov Elvin Zakir oğludur.
E. Manafov “Vətən müharibəsi iştirakçısı” və “Kəlbəcərin azad olunması uğrunda” medalları ilə təltif olunmuşdur. Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinin azad olunması uğrunda Vətən müharibəsində iştirak etmiş, aparılan döyüş əməliyyatlarının uğurlu nəticəsindən ruhlanaraq, Böyük zəfərdən ilham alaraq “Dəmir yumruq” heykəlini hazırlayıb. Xromla üzlənmiş dəmirdən hazırlanmış heykəlin alt hissəsində “Qarabağ Azərbaycandır! ” şuarı yazılıb və Ordumuzun zəfər simvolu – olan Xarıbülbül həkk edilib.
Azərbaycan Ordusunun apardığı uğurlu döyüş əməliyyatlarının simvoluna çevrilmiş “Dəmir yumruq” heykəli, əsrlər boyu xalqımızın işğalçılara qarşı necə mübariz olduğunu təsdiq edən bir nümunədir. “Dəmir yumruq” həm də 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan xalqının və müzəffər ordunun Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında birliyin, möhkəmliyin ümumxalq devizinə çevrilmişdir.
Belə bir abidənin məhz Qala qoruğu ərazisində ucaldılması muzeyimizə gələn ziyarətçilərdə, xüsusilə gənc nəsildə tariximizin öyrənilməsində və vətənpərvərlik ruhunun aşılanmasında xüsusi əhəmiyyət daşıyacağına əminlik yaradır.