ÜST yeni alimlər qrupu ilə koronavirusun mənşəyini araşdıracaq
ÜST yeni alimlər qrupunun SARS-CoV-2 koronavirusunun mənşəyi ilə bağlı araşdırmanın yenidən başladığını açıqlayıb.
Yeni komandanın 20 nəfərdən ibarət olacağı bildirilir. Buraya bio təhlükəsizlik, genetika, laboratoriya təhlükəsizliyi üzrə mütəxəssislər və heyvan xəstəlikləri üzrə ekspertlər daxil olacaq. Alimlər Çində və digər ölkələrdə araşdırmalar aparmağı planlaşdırırlar.
Xatırladaq ki, ÜST yeni bir araşdırmanın başladığını Uhandan ilk qrup alimlərin geri dönməsindən bir neçə ay sonra açıqlayıb. Mütəxəssislər koronavirusun mənşəyinə dair bir neçə versiya hazırlayıblar. Ən çox ehtimal olunan versiya bu virusun insanlara yarasalardan ötürülməsi idi.
Tədqiqatçıların qarşısında duran yeni tapşırıq infeksiyanın daha da yayılmasının qarşısını almağa kömək edəcək məlumatların tapılmasına yardımçı olmaq və insanların davranışlarının yeni xəstəliklərin ortaya çıxmasına necə təsir edəcəyini müəyyənləşdirmək olacaq.
Mənbə: “The Wall Street Journal”