Nazirlik sözçüsü: “Vaksinasiya prosesində növbə heç bir ölkədə tənzimlənmir”
“Tək bizdə deyil, digər ölkələrdə də əhali yoluxma sayında artım müşahidə edilən zaman vaksinasiya məntəqələrinə kütləvi axın edir”.
Oxu.Az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov AzTV-nin efirində yayımlanan “Gün başladı” proqramında aparıcının suallarını cavablandırarkən deyib.
P.Abubəkirov bildirib ki, operativ qərargahın hər hansı qərarından sonra insanlar arasında vaksinasiya məntəqələrinə axın başlayır:
“Bu vəziyyət həm də Operativ Qərargahın vətəndaşların ictimai iaşə obyektlərinə vaksinsiz buraxılmayacağına dair qərarından sonra müşahidə edilir. Azərbaycan Cənubi Qafqaz ölkələri arasında vaksinasiya prosesinə başlayan ilk ölkədir. Yanvar ayının 18-dən bu günə qədər hər kəs vaksinasiya prosesinə cəlb edilsəydi, məlum tarixlərdə vaksinasiya məntəqələrində sıxlıqlar olmazdı. Bəzən bu barədə fotolar paylaşılırdı və həkimləri günahlandırırdılar. Poliklinikalarda çalışanların çoxu xanımlardır. Lakin nə üçünsə poliklinikalarda vaksinasiya prosesində növbələrin tənzimlənmədiyi vurğulanırdı. Amma heç bir ölkədə bu tənzimlənmir, hər kəs 1 metrdən bir dayanır və növbəsi çatanda yaxınlaşır”.
Səhiyyə Nazirliyinin sözçüsü bu günə qədər peyvənd vurdurmayan şəxsləri vaksinasiya prosesində iştirak etməyə dəvət edib:
“Gözləməyin ki, yoluxmanın sayı qalxsın. Bu dəqiqə belə vaksinasiya məntəqələrinə yaxınlaşaraq istədiyiniz vaksini seçib peyvənd oluna bilərsiniz”.