Təyyar Eyvazov: “Məktəblərin açılması yoluxmanın artımına təsir edən məqamlardan biridir”
Yoluxmanın artımına bir çox faktorlar təsir göstərir.
Oxu.Az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Təyyar Eyvazov canlı yayımda sualları cavablandıran zaman deyib.
O bildirib ki, birinci növbədə qapalı məkanlarda insanların qorunmaması infeksiyanın yayılmasına şərait yaradır:
“Ofislərdə, iaşə obyektlərində və s. bu məsələ ciddi nəzarətdə saxlanılmaldır. Eyni zamanda təhsil müəssisələrində uşaqlar heç bir peyvənd olunmayıb. Məktəblərin, bağçaların açılması da yoluxmanın artımına təsir edən məqamlardan biridir”.
Həkim qeyd edib ki, vaksin yoluxmadan qorumasa da ağır şəkildə xəstələnməkdən qoruyur:
“Bu gün vəziyyətin ağırlığını yalnız yoluxma sayı müəyyən etmir. Ölkədə kifayət qədər vaksin alan şəxslər var. Yoluxsalar belə onların xəstəliyi keçirməsi və xəstəxanalarda çarpayı sayı önəmlidir. Çünki, başqa vaxt qrip epidemiyası zamanı məhdudlaşdırıcı tədbirlər görülmürdü, yoluxma sayı da əhəmiyyət daşımırdı. Ola bilər ki, qarşıdan elə bir dövr gəlsin ki, yenə yoluxma sayı önəm daşımasın. Ümid edirəm ki, COVID-19 pandemiyası bitəcək və bu xəstəlik də adi respirator infeksiyalar kimi qiymətləndiriləcək”.