Bakıda Zəfər Tibb Simpoziumu başlayır: “Son elmi araşdırmalar təqdim olunacaq”
Bu gün Səhiyyə Nazirliyinin, Diasporla İş üzrə Dövlət Komitəsinin, Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin dəstəyi ilə bizim üçün mənəvi dəyəri böyük olan Zəfər Tibb Simpoziumu keçiriləcək. Simpozium zamanı Almaniyadan gələn həkimlərin son elmi tədqiqatları və elmə istiqamət verən yeni araşdırmalar təqdim olunacaq.
Oxu.Az xəbər verir ki, bunu Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universitetinin tibb elmləri doktoru Nuran Abdullayev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, səfər çərçivəsində Azərbaycanda qurulmasının vacib olduğunu düşündüyümüz insult mərkəzləri və eyni zamanda, neyrovaskulyar mərkəzlərin qurulması haqqında da tədbir iştirakçılarına məlumat veriləcək.
N.Abdullayev Almaniyadan gələn həkim heyətinin yüksək akademik səviyyəyə aid olduğunu da diqqətə çatdırıb.
Münhen Klinikasının Radiologiya və Neyroradiologiya İnstitutunun direktoru, professor Anastasios Mpotsaris isə Azərbaycana üçüncü dəfə gəldiyini və simpoziumda iştirakdan məmnun olduğunu deyib:
“Simpoziumda iştirak etməkdə məqsədim azərbaycanlı həmkarlarımın tədqiqatları ilə tanış olmaq, o cümlədən bizim etdiyimiz yenilikləri müzakirə etməkdir. Ümid edirəm ki, bu dəfə də məqsədlərimizə çatacaq və elmi-praktiki yeniliklər ətrafında ətraflı fikir mübadiləsi apara biləcəyik”.
Qeyd edək ki, Bakıda keçiriləcək Zəfər Tibb Simpoziumunun iştirakçıları Fəxri xiyabanda xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil qoyub, tər güllər düzüblər.
Görkəmli oftalmoloq-alim akademik Zərifə Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb. Tanınmış dövlət xadimi Əziz Əliyevin və görkəmli həkim-alim Tamerlan Əliyevin məzarları üzərinə də gül dəstələri qoyulub.