“Biz birlikdə güclüyük!”
Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə hazırda işğaldan azad olunan ərazilərdə “Böyük qayıdış” üçün bütün zəruri tədbirlər ən müasir standartlara uyğun həyata keçirilir, yaşayış evləri, sosial, yol-nəqliyyat, iqtisadi infrastruktur sürətlə bərpa edilir, sərhədlərin etibarlı qorunması üçün bütün lazımi işlər görülür. Ermənistanda revanşist qüvvələr həm də bilməlidirlər ki, Azərbaycan Silahlı Qüvvələrinin güc-qüdrətinin artırılması son 18 ildə olduğu kimi, hazırda da xüsusi diqqətdə saxlanılır. Ölkə rəhbərinin göstərişlərinə əsasən, düşməndən təmizlənən ərazilərdə bərpa işləri aparılmaqla yanaşı, yeni hərbi hissələr yaradılır, hərbi arsenal müasir silahlarla zənginləşdirilir və silahlanmaya yeni pilotsuz uçuş aparatları daxil edilir, müasir hərbi infrastrukturun qurulması məsələsinə xüsusi önəm verilir. Cəbrayıl rayonunda Dövlət Sərhəd Xidmətinin 5 min 339 kvadratmetr ərazidə yaradılan yeni hərbi hissəsinin istifadəyə verilməsi də bunun bariz ifadəsidir. Bu gün dünya Azərbaycanla əməkdaşlığa can atır. Dünya ölkələri, o cümlədən böyük dövlətlər Azərbaycana etibarlı, sabit və götürdüyü bütün öhdəliklərə sadiq tərəfdaş kimi böyük hörmətlə yanaşır. Bunun nəticəsidir ki, 2011-ci ildə Azərbaycan dünyanın 155 dövlətinin dəstəyi ilə BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçildi. Bu, qısa zaman kəsiyində qazanılmış çox böyük nailiyyətdir. Əslində nailiyyət yox, sıçrayışdır. Bu sıçrayış ölkə başçısının çox böyük qələbəsidir!
Üç ölkə arasında əldə edilən razılaşma Azərbaycanın ərazi bütövlüyünün tam bərpa olunması baxımından tarixi əhəmiyyət daşıyır, eyni zamanda, bəyanatla Qarabağa heç bir status verilməyəcəyi, Naxçıvanla Azərbaycanın quru əlaqəsinin reallaşacağı, Naxçıvanın blokadadan çıxacağı, habelə qardaş Türkiyənin sülhməramlı prosesdə iştirak edəcəyi bildirilir. Ümumiyyətlə, böyük siyasi, diplomatik səy hesabına əldə edilən bütün bu uğurlar Azərbaycanın tarixi qələbəsi, işğalçı Ermənistanın və dünya erməniliyinin isə ağır, ölümcül məğlubiyyətinin ifadəsidir. Bu uğur, bu qələbə naminə Vətən oğullarımız son nəfəsinədək vuruşdu, canından belə keçdi, Şuşa qalasını fəth etdi. Lakin başa düşmədi ki, bu xalqı daha da birləşdirən onun keçdiyi ağır günlər olub. Düşmən yaşayış məntəqələrimizi atəşə tutmaqla, dinc insanları, uşaqları qətlə yetirməklə xalqımızı parçalamaq gücündə deyil. Prezidentin “Biz birlikdə güclüyük!” şüarı ətrafında bir yumruq kimi birləşən xalqın qalib ölkənin qalib vətəndaşı olmaq üçün çıxdığı yolda düşmənin silahı yerə qoyub, ağ bayraq qaldırmaqdan başqa çıxış yolu yoxdur.
Gülnar Hüseynova
Sabirabad rayon
Qaratəpə kənd
tam orta məktəbinin direktoru