bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Azərbaycan Ordusunun zəfər yürüşü və tarixi Qələbə paradı

12-11-2021, 14:52 306 dəfə baxılıb

Azərbaycan Ordusunun zəfər yürüşü və tarixi Qələbə paradı


Sentyabrın 27-dən başlayan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycan Ordusunun şanlı Qələbəsi ilə başa çatdı. Bu Qələbə Qafqazda və ümumilikdə, regionda terrorçu və faşizm rejiminin süqutuna səbəb oldu. Ölkə başçısı cənab İlham Əliyev noyabrın 25- də Kəlbəcər rayonunun işğaldan azad olunması münasibətilə xalqa müraciəti zamanı bu barədə demişdir: “Mən bir daha deyirəm və hər dəfə deyəcəyəm, bizim Qələbəmiz təkcə Ermənistan dövləti üzərində əldə edilmiş qələbə deyil, biz erməni faşizmini məhv etdik”.

Son 30 il ərzində Ermənistana rəhbərlik edən terrorçu və quldur dəstələrin apardıqları destruktiv siyasət nəticəsində münaqişənin danışıqlar yolu ilə həllində diplo­matik sahədə müsbət nəticələr əldə etmək mümkün olmadı. Hər dəfə danışıqları uzatmaq, münaqişəni donmuş vəziyyətdə saxlamaq və işğal olunmuş əraziləri Azərbaycana qaytarma­maq Ermənistan dövlətinin əsas məqsədi idi. Lakin, Azərbaycan Ordusunun peşəkarlığı və möhtərəm Prezidentimizin mahir hərbi strateq təcrübəsi nəticəsində bu siyasət iflasa uğradı. Son zamanlar erməni mətbuatında Ermənistanın iqtidar, müxalifət və eləcə də bir sıra ictimai-siyasi xadiminin bu müharibənin əvvəl gündən uduzulacağı haqqında söylədikləri fikirləri bunu bir daha sübut etdi.

Ermənistanın birinci prezidenti LevonTer-Petrosyanın müşaviri və 1991-1997-ci illərdə Qarabağ üzrə danışıqlarda iştirak edən Jirayr Li­paridyan BBC- yə müsahibəsində Azərbaycanın qələbəsini şərh edərək deyib: “Nəzərə almalıydıq ki, zaman keçdikcə Azərbaycan hərbi güc və ehtiyat nöqteyi-nəzərindən daha da güclənir. Razılaşmaya gedən yol nə qədər uzanırdısa, müharibənin olması da bir o qədər yaxınlaşırdı və bu müharibəni qazanmaq şansımız da azalırdı”.

Siyasi hakimiyyətdə bir-birini əvəz edən erməni cəlladları da artıq indiki baş nazir Nikol Paşinyana və onun həyata keçirdiyi siyasətə qarşı çıxaraq müharibənin uduzulmasında əsas təqsirkar kimi onu göstərirlər. Vaxtı ilə 1998-2008-ci illərdə Ermənistanın prezidenti oldu­ğu müddətdə Paşinyanın siyasi kursundan heç də fərqli mövqe sərgiləməyən, Xocalı soyqırımı­nın təşkilatçılarından biri olan Robert Koçaryan Ermənistanın məğlub olmasını və baş verən siyasi böhranı şərh edərək deyib ki, Ermənistan rəhbərliyi ehtiyat­sız hərəkətləri və bəyanatları ilə Qarabağı müharibəyə sürükləmək üçün əlindən gələni edib. Bir ay əvvəl baş qərargah rəisinin Ermənistanın müharibəyə hazır olmadığını məruzə etdiyini nəzərə alsaq, bu ölümcül bir səhv idi. Hətta, 2016-cı ildə Ermənistanda baş vermiş inqilab nəticəsində si­yasi hakimiyyəti uduzan Serj Sar­kisyan da baş vermiş hadisələrdə “Sən öz vəzifə kreslonun xatirinə müharibəni uduzan ləyaqətsiz, alnına satqın yapışdırılan qorxaq rəhbərsən” – deyərək birbaşa Paşinyanı günahlandırmışdır.

Azərbaycan Ordusu haqq işi uğrunda başlanan müharibəni şanlı Qələbə ilə başa çatdırdı. Ermənistan or­dusu ilə yanaşı, siyasi və hərbi rəhbərliyini də diz çökdürdü. Bu müharibə nəticəsində aparılmış əməliyyatlar zamanı məlum oldu ki, 30 il ərzində danışıqlar­da imitasiya edən Ermənistan Qarabağda keçilməz isteh­kamların qurulması üçün mil­yardlarla vəsait xərcləmişdi. Rəşadətli ordumuzun Füzuli və Cəbrayıl istiqamətlərindəki hərbi əməliyyatları zamanı işğaldan azad olunmuş ərazilərdə keçilməz mühəndis istehkamlarının oldu­ğu aşkarlandı və darmadağın edildi. Bununla da bir daha sübut olundu ki, Ermənistan heç də Qarabağın Azərbaycana qaytarıl­masını istəmirdi. Ölkə başçısı bu məsələyə toxunaraq bildirmişdi: “Əgər Azərbaycan Ermənistanı döyüş meydanında məğlub etməsəydi, Ermənistan öz xoşu ilə bizim torpaqlarımızdan çıx­mayacaqdı. Bunu deməyə əsas verən bir çox amillər var. İlk növbədə, o bölgələrdə – işğal edilmiş torpaqlarda qurulmuş istehkamlar, oraya böyük vəsait xərclənib. O istehkamlar elə qurulub ki, Azərbaycan Ordusu oradan keçə bilməsin. Ona görə onlar bu istehkamları qurarkən və eyni zamanda, digər ad­dımlar atarkən, bir məqsədi güdürdülər ki, bu işğalı əbədi etsinlər”.

Erməni hərbi ekspertlər bu istehkamlara “Ohanyan xətti” adını verərək, müharibə başlayacağı təqdirdə, Azərbaycan Ordusunun bu istehkamları, ən yaxşı halda, bir ay müddətində keçə biləcəyi deyilmişdi. Lakin, sentyabrın 27- də qəhrəman ordumuz tərəfindən başlanan əks-həmlə əməliyyatının ilk uğurları və oktyabrın 4- də Cəbrayıl şəhərinin azad olunma­sı ilə bu xülyalar da alt-üst oldu. Azərbaycan Ordusu illər ərzində Ermənistanın mövcud olan “yenilməz ordu” mifini də darma­dağın etdi.

44 günlük müharibədə müzəffər ordumuz 5 min kvad­rat kilometrə yaxın ərazini işğaldan azad etdi. Qısa müddət ərzində bu qədər ərazinin azad olunması tarixi bir qələbədir. Bu Qələbəni Azərbaycan əsgəri öz rəşadəti, gücü və əzəməti ilə tariximizə əbədi həkk etdi. Müzəffər Ordumuzun peşəkarlığı güclü silahlı qüvvələrinə malik olan bir sıra iri dövlətlərin hərbi ekspertlərinin əsas müzakirə mövzusuna çevrildi. Qeyd olundu ki, Azərbaycan Ordusu XXI əsrin müharibəsini aparır. Noyabrın 8- də isə Şuşanın azad olunması Vətən müharibəsinin pik nöqtəsi oldu. Bu, Azərbaycan Ordusunun xüsusi peşəkarlığı və bacarığı nəticəsində mümkün olmuşdur.

Bu Qələbə Ermənistanı rəzil bir duruma salıb, siyasi və iqtisadi təlatümlərə düçar edib. Döyüş meydanında işğalçı ölkənin təxminən 4 milyard dollar dəyərində hərbi texnikası məhv edilmiş və qənimət kimi götü­rülmüşdür. Ermənistanın xarici borcunun ümumi daxili məhsulun təxminən 60 faizini təşkil etməsini, valyuta ehtiyatlarının isə 1 milyard olmasını nəzərə alsaq və yaxın illərdə rəsmi İrəvana ənənəvi yardımların olmayacağı təqdirdə ölkənin dirçəlməsi üçün ən azı 40-50 il tələb olunmasını deməyə əsas verir. Ermənistan əhalisinin sayı isə son hesablama­lara görə, 3 milyondan az olması demoqrafik proseslərin də mənfi saldoda olmasını təsdiqləyir.

Ərazilərin işğaldan azad olunması Ermənistanın ərzaq təhlükəsizliyinə də ağır zərbə vurub. Belə ki, Ermənistanın 190 min ton bir illik taxıl ehtiyacının 90 min tonu işğaldan azad olunmuş rayonların payına düşürdü. İndi isə işğaldan azad olunduqdan sonra bu defisitin aradan qaldırılması işğalçı ölkə üçün ağır olacaq.

Qələbə Azərbaycan üçün regionda yeni siyasi dividendlər qazandırmışdır. Belə ki, 10 noyabr tarixli bəyanatla bölgədə bir sıra həll edilməmiş problemlər öz həllini tapdı. Uzun illər ərzində öz torpaqlarından qaçqın düşmüş vətəndaşlarımız tezliklə doğma yurd-yuvalarına qayıdacaq və bölgədə 30 ilə yaxın bağlı qal­mış nəqliyyat və kommunikasiya xətləri açılacaq. Bununla da Azərbaycan bölgədə yeni geosi­yasi konfiqurasiyanın konturlarını çəkmiş oldu. Artıq Qafqazda yeni əməkdaşlığı nəzərdə tutan alyan­sın yaranması prosesi başlanıb. Azərbaycan dövləti rəsmi olaraq Qarabağda bir sıra infrastruktur layihələrin icrasına başlayıb. Qeyd olunanlar rəşadətli ordumuzun hərbi əməliyyatlarda qazandığı uğurlarla birbaşa bağlıdır. Bu uğurlar döyüş meydanı ilə ya­naşı, siyasi səhnədə möhtərəm Prezidentimiz tərəfindən həyata keçirilən siyasətlə təmin edilmiş­dir. Ölkə başçısının uzaqgörən siyasəti nəticəsində bu gün dünya birliyi Ermənistanı işğalçı dövlət kimi tanıyır. Bu siyasət nəticəsində Ermənistan regionda dalana dirənərək, bütün layihələrdən kənarda qalıb. Ölkə Prezidenti­nin həyata keçirdiyi mükəmməl hərbi strategiya sayəsində Ermənistan məğlub tərəf kimi, Azərbaycanın diktə etdiyi bütün şərtlər və tələblərlə razılaşmaq məcburiyyətində qalmışdır.

Dekabrın 10-da Bakı şəhərində müzəffər Azərbaycan Ordusu­nun Zəfər paradı keçirildi. Bu, qalib ordunun qalib sərkərdə qarşısından şanlı keçidi oldu. Bu parad Azərbaycanın hərb tarixinə Qələbə paradı kimi yazıldı. Bu günü səbirsizliklə gözləyirdik. Bu parad qalib sərkərdə, qalib ordu və qalib xalqın birlik rəmzinə çevrildi. Şuşada və işğaldan azad edilmiş digər ərazilərimizdə dalğalanan bayraqlar Azadlıq meydanına gətirildi və Qələbə simvolu kimi dalğalandı. Prezi­dent, Ali Baş Komandan cənab İlham Əliyevin 2018-ci ildə keçiril­miş hərbi paradda “Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək”– vədi reallığa çevrildi.


Bizimlider.com İnformasiya Xəbər Portalının əməkdaşı
Nuriyev Ramil






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930