bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Haqqın Zəfər yürüşü

12-11-2021, 14:54 122 dəfə baxılıb

Haqqın Zəfər yürüşü



“...Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”

Ötən ilin 27 sentyabrında Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev cəbhədə yaranmış vəziyyətlə bağlı xalqa ilk müraciətini məhz bu ifadələrlə bitirmişdi...

Və Azərbaycanın haqq yoluna qalxdığı və qalib gəldiyi savaşın başlandığı günün üzərindən düz bir il keçdikdən sonra, 27 sentyabr 2021-ci ildə, şəhidlərimizin Anım günündə Prezident İlham Əliyev xalqa müraciətini də məhz Qələbəmizin ayrılmaz hissəsi olan bu sözlərlə tamamladı: “Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”



Hərb tariximizin parlaq 27 sentyabr səhifəsi



Bəli, ötən ilin 27 sentyabr günü Azərbaycanın 30 illik Qarabağ dağını üzərindən götürmək üçün haqq yolunda səfərə çıxdığı, haqq uğrunda ayağa qalxdığı gün kimi tarix salnaməmizə silinməz izlərlə həkk olundu.

O gün Ermənistanın növbəti hərbi təxribatı, bütün cəbhəboyu ağır artilleriyadan istifadə etməklə hücuma keçməsi və birbaşa mülki əhalini hədəfə alması, səbrimizi daşıran son damla oldu və müharibəni qaçılmaz etdi.

Hələ buna qədərki dövrdə də Ermənistanın Azərbaycana qarşı hərbi təxribatları müntəzəm xarakter almışdı. İyul ayında Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində artilleriya atəşi nəticəsində hərbçilərimiz və bir mülki şəxs həlak olmuşdu. Həmin vaxt Azərbaycan Ordusu düşmənə layiqli cavab verərək sarsıdıcı zərbələrlə öz yerlərinə otuzdurmuşdu. Amma görünür, o zaman Ermənistan bu acı məğlubiyyətini düzgün dəyərləndirməmişdi ki, sentyabrın 27-də bir daha sərhədlərimizə təcavüz etmək qərarına gəlmişdi.

Lakin daha Ermənistanın illər ərzində nümayiş etdirdiyi işğalçılıq siyasətinə dözüm yox idi və həmin andan etibarən Azərbaycan Silahlı Qüvvələri Vətən uğrunda ölüm-dirim savaşına qalxdı.

Şanlı ordumuz bütün dünyanın müstəqil Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanıdığı Qarabağı və ətraf rayonları düşmən işğalından azad etmək üçün haqq mübarizəsinə atıldı, hünər meydanında düşmənin dərsini verməyə şığıdı.



Qətiyyətli bəyanat: “Ermənistan işğalçı dövlətdir, bu işğala son qoyulmalıdır və son qoyulacaqdır”



Prezident İlham Əliyev 27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsinin elə ilk saatlarında Azərbaycan xalqına müraciət edərək cəbhədə yaranmış vəziyyətlə bağlı birbaşa məlumat verdi, Ermənistanın növbəti dəfə Azərbaycana hərbi təcavüz aktına əl atdığını rəsmən bəyan etdi: “Bu gün səhər Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək bizim yaşayış məntəqələrimizi, eyni zamanda, hərbi mövqelərimizi atəşə tutmuşdur.

Düşmən atəşi nəticəsində mülki əhali və hərbçilərimiz arasında itkilər, yaralananlar var. Allah şəhidlərimizə rəhmət eləsin! Onların qanı yerdə qalmayacaqdır. Azərbaycan Ordusu hazırda düşmənin hərbi mövqelərinə atəşlər, zərbələr endirir və bu zərbələr nəticəsində düşmənin bir çox hərbi texnikaları sıradan çıxıb. Bu, erməni faşizminin növbəti təzahürüdür”.

Dövlət başçısının Azərbaycan xalqına ilk müraciəti həm informasiya xarakterli bir çox məqamlarla zəngin idi, həm də Vətənin müdafiəsinə qalxdığımız, ərazi bütövlüyümüzü bərpa etmək üçün çıxdığımız bu savaşda hər bir ölkə vətəndaşının nə etməli olduğunu göstərmək üçün yol xəritəsi idi. Bu, dövlət, xalq, ordu birliyinin “dəmir yumruğa” çevrilib düşmənin başını əzməsinə çağırış idi...

İlham Əliyev qətiyyətlə bildirirdi ki, Azərbaycan heç bir təxribata əl atmamışdır. Azərbaycan sadəcə olaraq öz maraqlarını müdafiə edir, öz mövqeyini dəstəkləyir və öz siyasətini alnıaçıq aparır.

Eyni zamanda Ali Baş Komandan bəyan edirdi ki, biz öz torpağımızda vuruşuruq: “Erməni əsgərinin bizim torpağımızda nə işi var?! Ermənistan ordusunun bizim torpağımızda nə işi var?! Heç kəs üçün sirr deyil ki, “Dağlıq Qarabağ ordusu”nun tərkibində olan şəxsi heyətin 90 faizi Ermənistan vətəndaşlarından ibarətdir. Ermənistan işğalçı dövlətdir, bu işğala son qoyulmalıdır və son qoyulacaqdır”.



“Dəmir yumruq” Ermənistanı təslimçilik bəyanatına imza atmağa məcbur etdi



Prezident İlham Əliyevin ötən ilin 27 sentyabrında xalqa etdiyi o tarixi müraciətin üzərindən heç iki ay keçməmiş, biz artıq bir qərinəyə yaxın idi ki, davam edən Qarabağ münaqişəsinin bitməsindən qürurla bəhs edirdik. Cəmi 44 gün çəkən haqq müharibəmizin, ədalət mübarizəmizin Qələbə ilə başa çatmasını coşqu ilə qeyd edirdik.

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun düşmən tapdağında qalan doğma torpaqlarımızı işğaldan azad etməsinin, “dəmir yumruq” sayəsində Ermənistanı təslimçilik bəyanatına, kapitulyasiya aktına imza atmağa məcbur etməsinin qürurunu yaşayırdıq.

Müzəffər Ali Baş Komandan İlham Əliyev eyni ilə bir il əvvəlin 27 sentyabrında olduğu kimi, bu ilin 27 sentyabrında da xalqa müraciət etdi...

Amma builki müraciəti ötənilki müraciətdən fərqləndirən xeyli məqamlar var idi...

44 günlük Vətən müharibəsində torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən müqəddəs şəhidlərimizin anımı münasibətilə Prezident tərəfindən edilən bu müraciət, Müzəffər Ali Baş Komandanın, xalqa ötənilki müraciət zamanı səsləndirilən və qarşıya qoyulan məqsədlərin fəxarətlə yerinə yetirilməsi ilə bağlı sanki bir qürur hesabatı idi...

Vətən uğrunda canından keçən əziz şəhidlərimizin qisasının alınması, onların ruhu qarşısında müqəddəs borcumuzun ödənilməsinin fəxarətli bəyanı idi...


Bizimlider.com İnformasiya Xəbər Portalının əməkdaşı
Kamran Əhmədov






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930