bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Tarixdə iz buraxanlar

5-08-2020, 13:44 151 dəfə baxılıb

Tarixdə iz buraxanlar


Azərbaycanın dahi şairi Nizami Gəncəvi 1141-ci ildə Gəncədə anadan olub. O, Gəncədə doğulub böyüdüyünə görə Gəncəli mənasında Nizami Gəncəvi adıyla tanınıb. Şairin əsl adı İlyasdır. Nizami hələ uşaq ikən atasını, sonra da anasını itirib. Onun tərbiyə və təhsilini dayısı Xacə Ömər öz üzərinə götürüb, böyüdüb. Böyük şair "Leyli və Məcnun" poemasının müqəddiməsində atası ilə anasını, sonra da dayısını itirməsindən kədərlər içərisində bəhs edir.

Nizami Gəncəvi dayısının himayəsində tək deyil, öz qardaşı Qivami Mütərrizi ilə birlikdə yaşayıb. Bu gənc qardaşlar, uğradıqları fəlakətə baxmayaraq, öz zamanlarına görə yüksək təhsil alıb, yaxşı yetişiblər. Nizaminin yüksək təhsil alması ona "müdrik" ləqəbinin verilməsindən aydın olur. Onun müdrikliyini, islam alimləri ilə yanaşı, tanınmış yunan filosoflarını "İsgəndərnamə"də danışdırması, onların dünyanın yaradılışı haqqındakı fikir sistemlərini özünəməxsus şeir dili ilə xülasə etməsi təsdiq edir. Bundan əlavə, şair öz şeirlərində tarixə, müqəddəs dinə, hikmətə, riyaziyyata, astronomiyaya dair geniş məlumata sahib olduğunu göstərib.

Şairin musiqi aləmində geniş biliyə sahib olduğunu Barbədin Xosrov-Pərvizə çaldığı otuz mahnının hərəsini ustalıqla bir beytlə təsvir etdiyindən görürük. Ədəbiyyat sahəsində olan dərin məlumatını "Kəlilə və Dimnə"nin təmsillərinin qırxını qırx beytə sığışdıra bilməsindən anlayırıq. Astronomiya sahəsində böyük mütəxəssis olduğunu isə Məcnunun ulduzlara öz vəziyyətini şərh etməsindən öyrənirik.

Nizaminin əsərlərinə yazdığı müqəddimələrdən çıxan məlumatlardan onun qədim dillərdən pəhləvi, nəsturi, yəhudi dillərini də bildiyini öyrənirik. O öz poemaları üçün topladığı materialları adi və geniş yayılan sadə mənbələrdən deyil, qeyd edilən qədim dillərdəki məxəzlərdən dəqiq tədqiqatlar vasitəsilə əldə etdiyini anlatmışdır.

Nizaminin dini mövzuda anlatdıqları da çox önəmlidir. Onun dövründə islam cəmiyyəti bir tərəfdən şiəlik və sünnilik məzhəbləri arasında gedən mübarizə, digər tərəfdən isə sufilər və şəriətçilər arasındakı mübahisələr içərisində çalxalanırdı. Nizami Uca Allaha inanan, peyğəmbərə bağlı olan sadiq bir müsəlman idi. O, islam cəmiyyətini bu gün belə parçalayan məzhəb və firqələrin apardığı mübarizənin fövqündə duran dar fanatizm, səbrsizlik və təmkinsizlikdən uzaq kamil bir təbiət və əxlaq sahibi idi. Atamız Nizami israfdan və dünya nemətlərindən sui-istifadədən, bəd əməllərdən və hər cürə düşkünlüklərdən özünü qorumaqla bərabər, həyatı sevir, həyat sevgisində özünəməxsus bir gözəllik tapır, gözəl və mənalı yaşamağı ürəkdən diləyirdi.

Şairin ilk evləndiyi qadın Dərbənd hakiminin göndərmiş olduğu qıpçaqlı bir kəniz olub. Nizami bu türk qızını ürəkdən sevib və onunla evlənib (1173-cü il). Canı qədər sevdiyi və əsərləri qədər istədiyi bircə oğlu Məhəmməd həmin türk gözəlindən dünyaya gəlib. "Xosrov və Şirin"i yazarkən (1180-ci il) qıpçaqlı gözəl vəfat edib. Şair dünya ədəbiyyatında misilsiz gözəllik nümunəsi kimi yaratdığı Şirinin öz əri Xosrovun cənazəsi üstündə fədakarlıqla can verdiyini təsvir edərkən, sözü öz sevimli xanımına gətirərək deyir: "O (Şirin), mənim qıpçaqlı Afaqıma bənzərdi". Bəzi tədqiqatçıların qənaətinə görə, şair Şirinlə müqayisə etdiyi qıpçaqlı həyat yoldaşının adının Afaq olduğunu bildirmişdir. Eyni zamanda, oğlu Məhəmmədin bu qadından doğulduğunu da "türküm köçdü isə də, İlahi, türk balasını Sən özün qoru" sözləri ilə bizə anladır. Şairin öğlu Məhəmmədə bəslədiyi sevginin həddi-hüdudu olmamışdır. Bu sonsuz sevginin candan sevdiyi ilk arvadına bəslədiyi duyğu və hissiyyatın davamı olmasına heç bir şübhə yeri yoxdur. Şair "türk arvadı"na olan bağlılığını "türk balası"na keçirmişdir.

Eşqin ilahi şairi Nizami Gəncəvi evlənmə məsələsində təkarvadlı olmağın tərəfdarı idi. Həyatında üç dəfə evlənən şair heç bir zaman çoxarvadlı olmayıb. Nizami məşhur filosof Sokratın dili ilə öyüd-nəsihət şəklində söylədiyi beytlərdən birində təkarvadlılığın məziyyətini özünə xas bir üslubla açıqlamışdır: "Sənə yaraşan bir arvad sənə bəsdir, çox dostu olan dostsuz qalar. Öz övladını kamil və ahəngdar görmək istəyirsənsə, öz qəlbini bir ana ilə bir ataya bağla".

Dahi şair "İskəndərnamə"də öz vəziyyətini təsvir edərkən bildirir ki, o, "Allaha sığınmaqdan başqa qayğısı olmayan bir mütəfəkkirdir" və sonra özünü məşhur yunan filosofu Sokrata bənzədir. İnzivada yaşayan şair ona göstərilən ehtiram və etibarın səbəbini yenə Sokratın cümləsi ilə şərh edir: "İnsanlar onlardan qaçanlara daha çox meyl edərlər."

Nizami Gəncəvi beş böyük məsnəvisindən birincisini - "Məxzənül-əsrar"ı 1160-cı ildə yazıb. O zaman şair 20 yaşında olub. "Məxzən" onun ilk əsəri deyildir. O vaxtlarda şair sufiyanə qəsidələri, qəzəlləri və başqa şeirləri ilə artıq yaxşı tanınan bir sənətkar idi. Son böyük əsəri olan "İskəndərnamə"ni 1201-ci ildə yazıb. Bu tarixdən dörd və ya beş il sonra təsvir etdiyi bütün qəhrəmanları kimi o da kədərli bir aqibətə uğrayıb. İskəndərin və onun ətrafındakı yunan filosoflarının ölümünü bir-bir təsvir edən şair öz ölümünü də təsəvvür edib və: "Onlar yuxuya getdikləri kimi Nizami də yatdı", - deyibdir. Bu tarixi insanımız 63 ilə yaxın ömrünün yarım əsrlik bir qismini sənət, hikmət və insanları düz yola sövq etməyə sərf edib. Nəhayət, öz sözləri ilə desək, 1204-cü ildə o, "müvəqqəti qəlbini tərk edərək əbədiyyətə qovuşub".

Beləliklə, dünyanın ölməzləri sırasına girən Nizami, həyatında arzu etdiyi kimi, ömrünün sonuna qədər özünə sadiq qalan şəxsiyyəti ürfan əhlinin mənəvi ziyarətgahı olub.




ADPU-nun "Riyaziyyat və onun ibtidai kursunun tədrisi texnologiyası" kafedrasının dosenti,
R.Ü.E.F.D Balaşov Qulaməli Qurbanəli oğlu






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930