Zəfər yolunun başlanğıcı
27 sentyabr 2020-ci il düşmən üzərində şanlı Qələbəmizin başlanğıcı günü kimi tarixə çevrilmişdir. Bəlkə də çoxları - erməni faşistlərinə havadarlıq edənlər, ilk növbədə, Ermənistanın hərbi-siyasi hakimiyyəti qələbənin belə tez bir müddətdə - 44 gün ərzində qazanılacağını təsəvvür etmirdilər.
Torpaqlarımızı 30 il işğal altında saxlayan, şəhər və kəndlərimizi xarabazarlığa çevirən, minlərlə soydaşlarımızı qətlə yetirən, şikəst edən, bir milyondan artıq sakini öz ata-baba torpaqlarından didərgin salan və yeni torpaqlar işğal etmək istəyi olan erməni təcavüzkarları zənn edirdilər ki, bu döyüşlər də 2018-ci ilin aprelində olduğu kimi, bir neçə gün çəkəcək, himayədarlarının köməyi, xahişi nəticəsində yenə də dayandırılacaqdır.
Ermənilər belə fikirləşirdilər ki, işğal etdikləri torpaqlar artıq onlara məxsusdur və əlavə torpaqlar zəbt etmək uğrunda mübarizə aparmaq lazımdır. İlk növbədə, havadarlarına arxalanırdılar, çətin gündə onların köməyinə ümid bağlayırdılar və haqlarında heç bir tədbir görülməməsindən ruhlanırdılar. Zənn edirdilər ki, zaman onların xeyrinə işləyir. Havadarlarından bollu silah, maddi yardım alır, istədikləri təcavüzkar bəyanatları verir, beynəlxalq tribunalarda öz çirkin iddialarını səsləndirə bilirlər. Ancaq bu təcavüzkarlıq əməllərinə görə heç kim onları cəzalandırmırdı.
Ermənilər tam əmin idilər ki, artıq müharibə bitib və onlar Qarabağın, işğal etdikləri torpaqların daimi sakinləridirlər. Buna görə də Nikol Paşinyan utanıb çəkinmədən mötəbər tribunadan “Qarabağ Ermənistandır” bəyanatını səsləndirir, Şuşada yallı gedir, kef məclisləri qururdular.
Bu mövqe, tələb və təkidin olmaması, əksinə, ermənilərə göstərilən qayğı və rəğbət təcavüzkarları gündən-günə ruhlandırırdı. Onlar hər gün atəşkəsi pozur, dinc əhalini qətlə yetirir, sərhəddə təxribat törədirdilər. Azərbaycan dövlətinin, ölkəmizin rəhbəri cənab İlham Əliyevin, bəzi beynəlxalq təşkilatların, hökumət başçılarının sülh çağırışlarına, münaqişəni danışıqlar yolu ilə həll etmək bəyanatlarına Ermənistanın hərbi-siyasi rəhbərliyi demək olar ki, heç bir əhəmiyyət vermirdi. Əksinə, ermənilər torpaqlarımızda muzdlu hərbi qruplaşmalar yaradır, təlimlər keçirir, ərazilərimizdə qanunsuz məskunlaşdırma həyata keçirirdilər. “Böyük Ermənistan” şüarlarını tez-tez gündəmə gətirir, ikinci bir erməni dövlətinin yaradılmasını hesab edirdilər.
Əlbəttə, bu dünyaya meydan oxumaq, beynəlxalq hüquq normalarına hörmətsizlik, Azərbaycan xalqının hissiyyatna toxunmaq, əslində isə qudurğanlıq idi. Faşizm ideologiyasını dövlət siyasətinə çevirən, andraniklərə, nijdelərə heykəllər ucaldan, cəlladların şəninə dastanlar yazan, şərəfinə küçələr salan bir dövlətə təsir göstərən, onu yolundan çəkindirən yox idi.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ermənistanın faşist ideologiyasına xidmət etdiyini, ölkəmizə və xalqımıza qarşı əsl soyqrımı həyata keçirdiyini, torpaqlarımızı uzun müddət işğal altında saxladığını, şəhər və kəndlərimizin viran edildiyini dəfələrlə mötəbər kürsülərdən səsləndirməsinə, erməni millətçilərinin əməllərinin bəşəriyyət üçün təhlükə olduğunu dünyaya bəyan etməsinə baxmayaraq, çoxları susurdu. İkili standartlar, səmərəsiz danışıqlar, hadisələrə laqeyd münasibət, erməni millətçilərinə dəstək öz işini görür, təcavüzkarlara yeni təxribatlar, qətllər törətmək üçün qol-qanad verirdi.
Bu gün görülən işlərin miqyası isə çox genişdir. Qısa müddətdə Füzuli Beynəlxalq Hava Limanı istifadəyə verildi. Şuşa şəhərinə çəkilən maqistral yol tamamlanmaq üzrədir. Şuşa şəhərində “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının, “Vaqif Poeziya Günləri”nin keçirilməsi, sərgilərin təşkili, binaların, küçələrin təmiri, şəhərə suyun, işığın çəkilməsi və görülən bir sıra mühüm tədbirlər Şuşanın ölkəmizin mədəniyyət paytaxtına və həm də cənnətə çevriləcəyinə zəmanətdir.
Zəngilan və Laçında tikilən hava limanları, həyata keçirilən “ağıllı kənd”, “ağıllı şəhər” layihələri, quraşdırılan elektrik stansiyaları, çəkilən yeni yollar, abadlıq, bərpa işləri iqtisadiyyatın, kənd təsərrüfatının inkişafı ilə əlaqədar görülən tədbirlər 44 günlük müharibənin, tarixi qələbəmizin xalqımıza verdiyi imkanlardır.
Dövlətimizin rəhbəri tərəfindən erməni vəhşiliyinin qurbanı olan şəhər və kəndlərimizdə, ərazilərimizdə mühüm strateji obyektlərin, müəssisələrin təməlinin qoyulması, tikinti işlərinin geniş vüsət alması, mütərəqqi, müasir texnologiyaların tədbiqinə meydan verilməsi gələcək uğurlarımızdan xəbər verir. Bütün bunlar bir ilin nəticələridir, 27 sentyabr 2020-ci ildən başlanan Zəfər yürüşünün, qələbə əzminin uğurlarıdır.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında dövlətimizi və xalqımızı daha böyük qələbələr gözləyir. Döyüşlərdəki qələbələr Qarabağın bərpasında, ölkəmizin sosial-iqtisadi inkişafında, xalqımızın azad, xoşbəxt həyatında təkrarlanır və hər bir vətəndaş bundan qürur duyur, fəxr edir.
ADPU-nun "Riyaziyyat və onun ibtidai kursunun tədrisi texnologiyası" kafedrasının dosenti,
R.Ü.E.F.D Balaşov Qulaməli Qurbanəli oğlu