Azərbaycan Prezidenti: İkinci Qarabağ müharibəsi bizim şanlı zəfərimiz kimi tarixdə əbədi qalacaq
İkinci Qarabağ müharibəsi tarixdə Azərbaycanın şanlı qələbəsi kimi qalacaq. Bu qələbənin qazanılmasında bütün xalqımız birlik, həmrəylik göstərmişdir. Atılan addımlar bütün bir məqsədi güdürdü ki, qısa müddət ərzində az itkilərlə düşmənə elə sarsıdıcı zərbə vuraq ki, düşmən məcbur olub torpaqlarımızdan çıxsın. Döyüş meydanında qazanılmış qələbələr siyasi müstəvidə də qələbənin qazanılmasını şərtləndirdi. Əgər döyüş meydanında biz bu qələbəni qazanmasaydıq, inanmıram ki, işğalçı qalan torpaqlardan çıxacaqdı. Necə ki, torpaqlarımızı 30 ilə yaxın müxtəlif yollarla işğal altında saxlamağa can atan düşmən bu işğalı əbədi etmək istəyirdi, biz danışıqlar yolu ilə də heç bir nəticə əldə edə bilməzdik. Biz bu müharibəni şəhidlərimizin canı-qanı bahasına, hərbçilərimizin rəşadəti hesabına, dövlətimizin siyasəti hesabına qazanmışıq...
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Azərbaycan Ordusunun ötən il sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatı 44 gün davam etdi, müharibə ölkəmizin tam qələbəsi və düşmənin kapitulyasiyası ilə nəticələndi. Bununla da Azərbaycan işğal aldındakı torpaqlarımızı yağılardan təmizlədi. Müzəffər ordumuzun hər bir əsgəri, hər bir zabiti müharibədə qəhrəmancasına döyüşdü, işğalçının torpaqlarımızdan qovulmasında müstəsna xidmətlər göstərdi, yaralandı, öz həyatını risk altına atdı, lakin məqsədi uğrunda inadından dönmədi, əzmlə, cəsarətlə zəfər yürüşünü son nəticəyə qədər davam etdirdi.
Prezident İlham Əliyev avqustun 16-da Kəlbəcər şəhərində dövlət bayrağının ucaldılması mərasimində çıxış edərkən Azərbaycanın Vətən müharibəsindəki tarixi qələbəsi ilə bağlı deyib: “Hərbi əməliyyat nəticəsində torpaqlarımız işğaldan azad edildi. İkinci Qarabağ müharibəsi bizim şanlı zəfərimiz kimi tarixdə əbədi qalacaq. Qələbə nəticəsində Kəlbəcər rayonu da Laçın və Ağdam rayonları ilə bərabər işğalçılardan azad edildi. Ermənistan noyabrın 10-da kapitulyasiya aktını imzalayaraq bu öhdəliyi də öz üzərinə götürmüşdür və Kəlbəcər, Laçın və Ağdam rayonlarını Azərbaycana qaytarmağa məcbur olmuşdur”.
İkinci Qarabağ müharibəsinin ilk günlərində döyüşlər gedən zaman Kəlbəcərin şimal hissəsinin Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğalçılardan azad edildiyini vurğulayan dövlətimizin başçısı daha sonra bildirib: “Murov dağının ərazisində və ətraf yerlərdə şiddətli döyüşlər gedirdi, şəhidlər vermişdik. Ancaq strateji yüksəklikləri götürdük və bu yüksəkliklər bizə imkan verirdi ki, ermənilərin istifadə etdikləri nəqliyyat-kommunikasiya infrastrukturuna da nəzarət edək. Beləliklə, biz Kəlbəcərin şimal hissəsində strateji yüksəklikləri götürərək erməni silahlı qüvvələrinin hərəkətlərini bu istiqamətdə böyük dərəcədə məhdudlaşdıra bildik və faktiki olaraq onlar Basarkeçər–Kəlbəcər yolundan istifadə edə bilmədilər. Bu, hərbi əməliyyatın, əks-hücum əməliyyatının tərkib hissəsi idi”.
Prezident İlham Əliyev Vətən müharibəsində ordumuzun əks-hücum əməliyyatını bir neçə istiqamətdə apardığını vurğulayaraq, hər istiqamətin önəmli olduğunu qeyd edib. Ölkə rəhbəri, eyni zamanda, müharibənin gedişində silahlı qüvvələrimizin inamlı hücumları ilə düşmənin müdafiə xəttinin yarıldığını, strateji nöqtələrin ələ keçirildiyini və bununla da Ermənistan ordusunun hərəkətlərinin demək olar ki, iflic vəziyyətə salındığını, nəticədə isə Kəlbəcərin kiçik bir hissəsinin döyüş meydanında yağılardan təmizləndiyini vurğulayıb. “Ancaq əksər hissəsi, böyük hissə Ermənistan kapitulyasiya aktına imza atandan sonra azad edildi”, – deyə qeyd edib.
Beləliklə, Azərbaycan həm döyüş meydanında, həm də danışıqlar masası arxasında istədiyinə nail odu. Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Şuşa şəhərləri hərbi güc hesabına azad edildi, bayrağımız o doğma yurd yerlərində sancıldı. Bununla da bütün dünya Azərbaycanın güc-qüdrətinin şahidi oldu.
Onu da xatırladaq ki, Vətən müharibəsində döyüşlərin şiddətli xarakter almasına, düşmənin müqavimət göstərməsinə baxmayaraq, Azərbaycan Ordusu 44 gün ərzində peşəkarlıq, qəhrəmanlıq nümayiş etdirdi.
Azərbaycan Prezidenti İlham Əliyevin vurğuladığı kimi, bu peşəkarlıq, qəhrəmanlıq nümunəsi sayəsində, cəsarət, hünər, əzm hesabına 44 gün çəkən İkinci Qarabağ müharibəsində 300-ə yaxın kənd, 5 şəhər, 4 qəsəbə, çoxsaylı strateji yüksəkliklər düşməndən azad olundu. İşğalçının texnikası tamamilə məhv edildi, canlı qüvvəsinə ciddi zərbə vuruldu. Ermənistan ordusu darmadağın edildi, atəşkəs ərəfəsində isə artıq vahid komandanlığı olmayan, müqavimət qabiliyyətini itirən, başıpozuq dəstələrə çevrildi.
Göründüyü kimi, bu gün Azərbaycan işğaldan azad edilən ərazilərdə nəhəng quruculuq işləri həyata keçirməklə bir daha bu torpaqların əsl sahibi olduğunu dünyaya göstərir. Belə olan halda rəsmi İrəvanın yenə də dinc dayanmaması, dövlət sərhədimizdə təxribatlar törətməsi işğalçı ölkənin hər şeydən əvvəl xalqının taleyi ilə oynadığını göstərir. Ancaq Ermənistan hakimiyyəti bilməlidir ki, əgər Azərbaycan yeni bir antiterror əməliyyatına başlayarsa, bunun nəticəsinə qatlanmaq onun üçün ikiqat çətin olacaq. Çünki yeni bir müharibə hərbi-iqtisadi baxımdan tükənən Ermənistanın bir dövlət kimi sonu deməkdir.
ADPU-nun "Riyaziyyat və onun ibtidai kursunun tədrisi texnologiyası" kafedrasının dosenti,
R.Ü.E.F.D Balaşov Qulaməli Qurbanəli oğlu