Həlak olan polkovnik-leytenantın qardaşı: “Ən böyük arzusu şəhid olmaq olub” - FOTO
Xızıdakı Qaraheybət aviasiya poliqonunda baş vermiş helikopter qəzasında həlak olan 14 hərbçidən 11-i II Şəhidlər xiyabanında, üçü isə doğulduğu bölgədə torpağa tapşırıldı.
Şəhid olan 14 hərbçidən biri polkovnik-leytenant Emil Nəzirovdur.
Əslən Lənkəran rayonunun Veravul kəndindən olan Emil Nəzirovun qardaşı Abbas Nəzirov şəhidimiz haqqında qısa olaraq Modern.az-a danışıb.
A.Nəzərov qardaşının işini nə qədər sevdiyini, ailəsinə bağlı olduğunu, övladları ilə bağlı sonsuz arzuları olduğunu dilə gətirib.
Qardaşı deyib ki, hadisə baş verən gün Emil Nəzərov evdən həmişəki qaydada çıxıb:
“Həmişəki kimi səhər saatlarında ailəsi ilə sağollaşıb evdən çıxıb işə yollanıb. Qəzanın baş verdiyini, şəhid olduğunu yayılan xəbərlərdən bildik. Təbii ki, çox ağır oldu. Ailəndən, canından olan biri barədə mətbuatdan xəbər almaq dəhşətlidir. Əlin çatmır, ünün yetmir, o an yaşanan hisləri heç kimə arzulamıram”.
Onun sözlərinə görə, qardaşı həm 90-cı illərin Qarabağ, həm də Vətən müharibəsində ön sıralarda olub:
“1992-1994-cü illərdə Kəlbəcərdə, Füzulidə, Şuşada xidmət edib. 44 günlük müharibədə də əlindən gələn qədər vətənin keşiyində dayanıb. Xətai rayonu Polad Həşimov küçəsində yaşayırdılar. Həddi-büluğ yaşına çatmış üç qız övladı var”.