Mahir Məmmədov: “Kişi millimizin üçqat Avropa çempionu olmasında Heydər Əliyevin böyük xidməti olub” - FOTO
Azərbaycan şahmat ailəsi Fəxri Xiyabana gələrək Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib.
Oxu.Az-a verilən xəbərə görə, Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov, federasiyanın I vitse-prezidenti Faiq Həsənov, İcraiyyə Komitəsinin üzvləri, o cümlədən kişi və qadın şahmatçılardan ibarət milli komandanın üzvləri Ulu Öndərin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyub, xatirəsini ehtiramla yad edib.
AŞF rəhbərliyi Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə gül dəstələri qoyub.
Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov jurnalistlərə açıqlamasında ölkə şahmatının və şahmatçılarının inkişafında Ulu Öndər Heydər Əliyevin əvəzsiz rolununun olduğunu bildirib:
“Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etmək hər bir şahmatçımızın mənəvi borcudur. Azərbaycanda zəngin tarixə malik olan şahmat ötən əsrin 70-ci illərində inkişaf etməyə başlayıb. Müstəqillik əldə etdikdən sonra bütün sahələrdə olduğu kimi bu idman növünə də xüsusi diqqət yetirildi. Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə respublikada şahmat məktəbləri tikilməyə başladı.
Azərbaycanda idmanın, o cümlədən şahmatın inkişafında və bugünkü nailiyyətlərində, xüsusən də kişilərdən ibarət milli komandamızın üçqat Avropa çempionu adı daşımasında Heydər Əliyevin böyük xidmətləri olub”.