Azərbaycan və Səudiyyə Ərəbistanı bir sıra sahələrdə əməkdaşlığı genişləndirəcəklər - FOTO
Səudiyyə Ərəbistanı Krallığının paytaxtı Ər-Riyad şəhərində Azərbaycan Respublikası hökuməti ilə Krallığın hökuməti arasında iqtisadiyyat, ticarət, investisiya, texnika, mədəniyyət, idman və gənclik sahələrində əməkdaşlıq üzrə Müştərək Komissiyanın 6-cı iclası keçirilib.
İclasdan əvvəl komissiyanın həmsədrləri, Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov və Səudiyyə Ərəbistanı Krallığının investisiya naziri Xalid bin Əbdüləziz Əl-Falihin arasında görüş olub.
Səudiyyə Ərəbistanı Krallığının investisiya naziri Azərbaycan Respublikasının ərazilərinin işğaldan azad edilməsi, habelə dövlət müstəqilliyinin bərpasının və iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümləri münasibətilə səmimi təbriklərini çatdırıb, ölkələrimiz arasında bir çox sahələrdə uğurlu əməkdaşlığı qeyd edib, xüsusilə iqtisadi, kommersiya və investisiya qoyuluşu sahələrində əməkdaşlığın genişləndirilməsi barədə fikirlərini bölüşüb.
Maliyyə naziri Samir Şərifov bildirib ki, güclü İslam həmrəyliyinə əsaslanan Azərbaycan-Səudiyyə Ərəbistanı münasibətləri yüksələn xətt üzrə inkişaf edir və 2015-ci ilin aprel ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Səudiyyə Ərəbistanına səfəri əlaqələrimizin daha da möhkəmlənməsi, xüsusilə iqtisadi əməkdaşlığın genişləndirilməsi və şaxələndirilməsi üçün möhkəm əsaslar yaradıb.
Azərbaycanla Səudiyyə Ərəbistanı investorları arasında etibarlı işgüzar əlaqələrin ardıcıl inkişafı üçün bundan sonra da zəruri tədbirlərin görülməsinin vacibliyini vurğuluyan nazir bu xüsusda ötən il Energetika Nazirliyi və ”Azərenerji” ASC ilə “ACWA POWER” şirkəti arasında külək elektrik stansiyası layihəsi üzrə investisiya, enerji alqı-satqı müqavilələrinin imzalandığını qeyd edib, bu kimi təmasların davam etdirilməsində və daha çox Səudiyyə Ərəbistanı şirkətlərinin Azərbaycana investisiya cəlb etməsində, xüsusilə də investisiya və ticarət əməkdaşlığında qeyri-neft sektorunun xüsusi çəkisinin artırılmasında maraqlı olduğumuzu vurğulayıb.