Elnur Allahverdiyev: “Fransa bizə qarşı açıq düşmənçilik edir”
“Fransa bizə qarşı açıq düşmənçilik edir. Bunu gizlətmədən deməliyik. Hər hansı diplomatik, dolayı ifadələrə ehtiyac yoxdur. Müstəqilliyimiz dövründə gördüyümüz Fransa prezidentlərindən hansı Qarabağ problemində tərəfsiz olub? Jak Şirakmı, ermənilərə “kiçik bacı” deyən Sarkozimi, yoxsa 44 günlük müharibədə dəridən-qabıqdan çıxan Makron?”
Bunu Fransa prezidentliyinə namizəd Valeri Pekresin Xankəndiyə gizli səfərini şərh edərkən Oxu.Az-a Milli Məclisin deputatı Elnur Allahverdiyev deyib.
Millət vəkilinin fikrincə, Fransadakı erməni seçicilərin səslərini qazanmaq üçün namizədlərin bir-bir Ermənistana səfərlər etməsini ciddi səbəb olaraq qəbul etməyə dəyməz:
“Fransada 700-800 min erməni yaşayır. Onların yarısı, təqribən 400 mini seçicidir. Bu, ümumi seçici kütləsinin neçə faizini təşkil edir? Yaxud, erməni məsələsi Fransanın əsas problemidirmi? O qədər sosial xarakterli problemləri var. Xüsusilə də pandemiya dövründə. Hamısı durub gəlir Ermənistana. Bəs erməni seçici hansını seçəcək? O 400 mindən hər namizədə nə qədər səs çatacaq?”
E.Allahverdiyevin sözlərinə görə, erməni kartı ilə fəal manipulyasiya etməyən bir tək Le Pendir. O da seçilsə belə, Fransanın Cənubi Qafqaza dair siyasəti dəyişməyəcək.
“Le Pen seçilsə, Fransa ədalətli mövqedə duracaq? Yoxsa o, Ermənistana səfər etməkdən boyun qaçıracaq? Problemin kökündə geosiyasi maraqlar durur. O maraqlar da diktə edir ki, türk dövləti olan Azərbaycanla düşmən kimi davranmaq lazımdır”, - deyə Milli Məclisin deputatı vurğulayıb.
E.Allahverdiyev hesab edir ki, Laçın dəhlizinin başlanğıcında Azərbaycan sərhədçisi dayanmasa, gömrük məntəqəsi fəaliyyətə başlamasa, Xankəndiyə Pekres kimi gələnlər çox olacaq:
“Biz artıq bir ildir görürük ki, sülhməramlıların belə səfərlərə müdaxilə etmək istəkləri yoxdur. Onlar erməni simalar ilə avropalıları fərqləndirməkdə çətinlik çəkirlər. Mülki geyimdə bu tərəfə keçib hərbi formada səngərlərdə göbələk kimi bitən ermənilərlə də bacarmırlar. Sabah Pekresin səfəri presedent ola bilər. Ona görə də bu özbaşınalığın qarşısını özümüz almalıyıq. Buna hüququmuz da çatır, gücümüz də var”.
Millət vəkili qəti əmindir ki, Fransaya adekvat cavab verilməyincə, vəziyyət belə də davam edəcək.
“Parisdə anlamalıdırlar ki, Azərbaycanda itirə biləcəkləri var. Fransanın səfirini hər dəfə televiziya ekranlarında görəndə adam düşünür ki, yenə də nota dalınca gedir. Görməyəndə adama elə gəlir ki, kabinetində oturub növbəti notanın nə vaxt veriləcəyini gözləyir. Yəni Fransa bizə bundan artıq nə etməlidir? Prezident olmağa hazırlaşan adam sərhədlərimizi pozub ərazimizə keçir. Əgər sabah o prezident olsa, necə olacaq? Ona görə də, məncə, bizim Fransa ilə itirəcəyimiz heç nə yoxdur. Adekvat reaksiya verməliyik, statuslarını anlasınlar!” - deyə E.Allahverdiyev bildirib.