Narkotacirin evindən arsenal çıxdı - FOTO
Lənkəran Şəhər Rayon Polis Şöbəsinin (ŞRPŞ) əməkdaşları tərəfindən 11 kiloqramdan artıq müxtəlif növ narkotik vasitələr və silah sursat aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, rayon sakini Rizvan Əkbərov narkotik vasitə heroini satarkən saxlanılıb.
Onun yaşadığı evə keçirilən baxış zamanı həyətdəki qarajda saxlanılan VAZ-2106 markalı avtomobilin mühərrik hissəsində gizlətdiyi ayrı-ayrı bükümlərdə ümumilikdə 6 kiloqramdan artıq heroin, 1 kiloqram 250 qram metamfetamin, iki kiloqrama yaxın qurudulmuş marixuana və bir ədəd tərəzi aşkarlanaraq götürülüb.
Ətrafında aparılan əlavə əməliyyat tədbirləri ilə həmin şəxsin qohumuna məxsus yaşayış evində silah-sursat gizlətdiyi də müəyyən edilib.
Keçirilən baxış zamanı həmin evdən iki ədəd “Kalaşnikov” markalı avtomat, həmin silahlara məxsus üç ədəd sandıqça və 12 ədəd patron, həmçinin üzərinə snayper tüfənginə məxsus uzaq görmə cihazı quraşdırılmış bir ədəd karabin odlu silahı aşkar edilərək götürülüb. İlkin araşdırma zamanı R.Əkbərovun həmin narkotik vasitə və silahları xarici ölkələrdən birinin vətəndaşı vasitəsilə əldə etdiyi müəyyən edilib.
Lənkəran ŞRPŞ-nin Liman Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə rayon sakinləri Orxan Ağazadə və Riyad Əskərov saxlanılıblar. Şəxsi axtarış zamanı onlardan hazır bükümlərdə narkotik vasitə heroin aşkarlanaraq götürülüb.
Aparılan araşdırmalarla həmin şəxslərin narkotik vasitəni Liman şəhər sakini Şahin Bağırovdan əldə etdikləri müəyyən edilib. Keçirilən baxış zamanı Ş.Bağırovun üzərindən və idarə etdiyi “Mersedes-Benz” markalı avtomobilin yük yerindən 2 kiloqram 174 qram heroin aşkarlanaraq götürülüb. Həmin şəxsin narkotik vasitəni xarici ölkə vətəndaşı vasitəsilə əldə etdiyi müəyyən edilib.
Lənkəran ŞRPŞ-nin əməkdaşlarının keçirdikləri digər əməliyyat-axtarış tədbirləri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakinləri Əşrəf Səfərov və İqbal Abbasov da saxlanılıblar.
Onların üzərindən hazır bükümlərdə qablaşdırılmış heroin və elektron tərəzilər aşkarlanaraq götürülüb.
Faktlarla bağlı araşdırma aparılır.