Kür çayında suyun səviyyəsi sürətlə azalır
Kür çayında suyun səviyyəsinin azalması ciddi narahatlıq doğurur.
“Report”un Aran bürosunun məlumatına görə, çayın Salyan rayonu ərazisindən keçən hissəsində vəziyyət daha da mürəkkəbləşib. Qış aylarında sululuq dövrünün olmasına baxmayaraq, son günlər çayda suyun səviyyəsi sürətlə aşağı düşür.
Təkcə 4-5 gündə çayda suyun səviyyəsi 80 santimetrə yaxın azalıb. Bu da əhalinin ciddi narahatlığına səbəb olub.
Yerli sakinlərin sözlərinə görə, çayın suyu göyərib, ondan içməli su kimi istifadə etmək belə mümkün deyil.
Kürün bir çox ərazilərində irili-xırdalı xeyli adalar yaranıb. Su nasosları tam gücü ilə işləyə bilmir.
Mütəxəssislərin dediyinə görə, çayda suyun səviyyəsinin sürətlə azalması belə templə davam edərsə, gələcəkdə Kürboyu yaşayış məntəqələrinin əhalisi ciddi problemlərlə qarşılaşa bilər.