bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Azərbaycanla Misir arasında 4 sənəd imzalanıb

25-02-2022, 17:48 29 dəfə baxılıb

Azərbaycanla Misir arasında 4 sənəd imzalanıb
Bu gün Bakıda keçirilmiş Azərbaycan və Misir arasında Hökumətlərarası iqtisadi, texniki və elmi əməkdaşlıq üzrə Müştərək Komissiyanın V iclasında iki ölkə arasında 4 sənəd imzalanıb.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb.

Məlumatda deyilir ki, iclasda iştirak etmək məqsədilə Müştərək Komissiyanın Misir tərəfdən həmsədri, bu ölkənin beynəlxalq əməkdaşlıq naziri Rania Al-Maşatın rəhbərliyi ilə nümayəndə heyəti ölkəmizə səfərə gəlib.

Komissiyanın Azərbaycan tərəfdən həmsədri, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev misirli qonaqları salamlayaraq bildirib ki, Azərbaycan və Misir yüksək iqtisadi və mədəni əlaqələrə malik dost ölkələrdir. Bu il iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30 ili tamam olur.

Nazir Misir nümayəndə heyətinə 44 günlük Vətən müharibəsi nəticəsində Ermənistan işğalından azad edilmiş Azərbaycan ərazilərində aparılan yenidənqurma və bərpa işləri barədə məlumat verib. O, qeyd edib ki, müharibədən sonra kommunikasiyaların açılması və iqtisadi əlaqələrin bərpası, xüsusilə Zəngəzur dəhlizinin reallaşdırılması regionda sabitliyə və inkişafa öz töhfəsini verəcək və onun tranzit potensialını daha da gücləndirəcək.

Sonra R.Nəbiyev ölkəmizin ötənilki makroiqtisadi göstəriciləri, eləcə də Azərbaycanda nəqliyyat və rəqəmsal transformasiya sahəsində görülən və planlaşdırılan işləri diqqətə çatdırıb.

İclasda ticarət, sənaye, qarşılıqlı investisiyalar, təhsil, mədəniyyət və turizm sahəsində əməkdaşlıq imkanlarına dair müzakirələr aparılıb.

İclasın sonunda iclasın protokolu və aşağıdakı sənədlər imzalanıb:

“Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə Misir Ərəb Respublikasının Mikro, Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi arasında Anlaşma Memorandumu”;

“Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO ilə Misir Ərəb Respublikasının Ticarət və Sənaye Nazirliyi arasında Azərbaycan – Misir Biznes Şurasının yaradılması haqqında Anlaşma Memorandumu”;

“Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO ilə Misirli İş Adamları Assosiasiyası arasında Anlaşma Memorandumu”;

“Azərbaycan Respublikasının “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC ilə Misir Ərəb Respublikasının İsgəndəriyyə limanı arasında Anlaşma Memorandumu”.

Müştərək Komissiya 1994-cü ilin 7 aprel tarixində Qahirə şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Misir Ərəb Respublikası Hökuməti arasında iqtisadi və elmi-texniki əməkdaşlıq haqqında Saziş”ə əsasən yaradılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930