Fərruxda aşkarlanan insan qalıqları neftçalalı itkinlərin yaxınlarını ümidləndirdi
Bu günlərdə Xocalı rayonunun Fərrux kəndi ərazisində aşkarlanan insan qalıqlarının Birinci Qarabağ müharibəsində şəhid olmuş şəxslərə aid olması ehtimalı 30 il bundan əvvəl Fərrux yüksəliyi uğrunda döyüşlərdə itkin düşmüş Neftçala sakini İlham Dadaşovun yaxınlarını ümidləndirib.
“Report”un Aran bürosunun məlumatına görə, 1973-cü il təvəllüdlü Dadaşov İlham Adil oğlu Neftçala rayonunun Kürkənd kəndində doğulub. İbtidai təhsilini kənd məktəbində, orta təhsilini isə Bakı şəhərindəki S.C.Pişəvəri adına ərəb-fars məktəbində alıb.
Leninqrad (indiki Sank-Peterburq) şəhərində hərbi xidmətdə olub. Hərbi hissə ləğv olunduğundan o, altı aydan sonra doğma ocağına qayıdıb, əlinə silah alaraq I Qarabağ savaşına qatılıb.
Qardaşı Vüqar Dadaşov “Report”un yerli bürosuna bildirib ki, İ.Dadaşov bir neçə yaşayış məntəqəsi uğrunda döyüşlərdə iştirak edib:
“Onun son döyüşü Fərrux yüksəkliyi uğrunda olub. 19 sentyabr 1992-ci ildə Fərrux dağını düşməndən azad etmək üçün qardaşımgil hücuma keçir. Həmin gün qanlı döyüşlər gedir. Yoldaşlarından biri yaralanır. Qardaşım İlham yaralını döyüş meydanından çıxarmaq istəyərkən düşmən gülləsinə tuş gəlir”.
Onun sözlərinə görə, o vaxtdan bu günə kimi İlham Dadaşovu çox axtarsalar da nəticəsiz qalıb. Bundan sonra təsəlli tapmaq üçün iki il əvvəl şəhər qəbiristanlığında şəhid statusu almış qardaşı İlham Dadaşovun məzarını düzəltdirirlər.
Bu günlərdə Fərrux yüksəkliyində insan sümüklərinin tapılması Dadaşovlar ailəsində də övladlarının tapılacağı inamı yaradıb.
Bununla bağlı ailə üzvlərindən də analiz götürülüb.
Qeyd edək ki, 19 sentyabr 1992-ci ildə Fərrux yüksəkliyi uğrunda döyüşlərdə İlham Dadaşovla bərabər həmyerliləri-Mirqurbanlı kənd sakini, 1973-cü il təvəllüdlü Əsgərov Bəxtiyar Ağabala oğlu və 1973-cü il təvəllüdlü Abasallı kənd sakini Abdullayev Əlibala Teyyub oğlu da itkin düşüb.