Vətən müharibəsi şəhidinin doğum günüdür - FOTO
Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan şəhid leytenant Murad Nağıyevin doğum günüdür.
Oxu.Az xəbər verir ki, Murad Mayıl oğlu Nağıyev 9 fevral 1997-ci ildə Qazax rayonunda anadan olub.
Uşaq yaşlarından ailəsi ilə birlikdə Bakıya köçən M.Nağıyev 2003-2011-ci illərdə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində 271 nömrəli tam orta məktəbdə təhsil alıb.
2011-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə qəbul imtahanlarında iştirak edən şəhidimiz yüksək nəticə göstərdiyinə görə İstanbuldakı Kuleli Hərbi Liseyinə göndərilib.
2015-ci ildə həmin liseyi uğurla başa vurub və Ankarada Quru Qoşunları Məktəbinə daxil olub. O, 2016-cı ildə təhsilini bitirərək Azərbaycana qayıdır və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) yenidən təhsil almağa qərar verir. 2020-ci ildə oradan tank bölmə, hissə və birləşmələrin döyüşə tətbiqi ixtisası üzrə məzun olan Murad Nağıyev hərbçi olmaq üçün ömrünün 9 ilini bu sahənin incəliklərini öyrənməyə həsr edib.
Leytenant Murad Nağıyev Vətən müharibəsində iştirak edib və tank komandiri olub. Cəbrayıl-Qubadlı istiqamətindəki döyüşlərdə düşmənin həyati əhəmiyyətə malik strateji obyektlərinin məhv edən M.Nağıyev oktyabrın 11-də Cəbrayıl rayonu istiqamətində şəhid olub.
Şəhidimiz oktyabrın 20-də İkinci Fəxri xiyabanda torpağa tapşırılıb.
Şəhid Murad Nağıyev hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.