Almaniya kansleri: “Putin müharibəni qazana bilməyəcək”
Almaniya kansleri Olaf Şolts Avropada İkinci Dünya Müharibəsinin başa çatmasının 77-ci ildönümü münasibətilə televiziya ilə ictimaiyyətə müraciət edib.
O, Rusiyanın başlatdığı müharibənin nə vaxt və necə bitəcəyini bilmədiyini deyib. “Ancaq bir şey aydındır: Rusiyanın diktə etdiyi sülh olmayacaq. Ukrayna və biz bunu qəbul etməyəcəyik. Putin müharibəni qazana bilməyəcək. Ukrayna ayaqda qalacaq, azadlıq və təhlükəsizlik qalib gələcək”, - deyə hökumət başçısı bəyan edib.
Rusiya prezidentinin Ukraynanı özünə tabe etmək istədiyini deyən Şolts Putinin ukraynalıların mədəniyyətini və kimliyini məhv etmək istədiyini söyləyib.
Kansler, həmçinin Rusiyaya qarşı misli görünməmiş sanksiyalara diqqət çəkib və ölkəsinin Ukraynaya hər cür dəstəyi davam etdirəcəyini vurğulayıb.
O, ukraynalılara kömək edən hər kəsə təşəkkür edib.