Özbəkistanın Əməkdar artisti: “Biz Şuşada dağıdılmış gözəllik gördük” - FOTO
Bu gün V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalının ikinci günüdür.
APA xəbər verir ki, festivalın ikinci günündə də həm milli, həm də bir sıra xarici ölkənin sənətçiləri, musiqiçiləri və rəqs qrupları çıxış ediblər.
Özbəkistanın Dövlət Xalq Rəqs Ansamblının bədii rəhbəri, Özbəkistanın Əməkdar artisti Ziyada Madriximova Şuşada dağıdılmış gözəllik gördüklərini deyib:
“Biz illər əvvəl də Azərbaycana gəlmişdik, amma o zaman köhnə kollektivlə birlikdə idik. Bu dəfə isə artıq yeni kollektivlə Şuşadayıq. Şuşa, onun təbiəti, havası, ümumiyyətlə şəhər özü bizi valeh etdi və ən əsası isə, biz burada dağıdılmış gözəlliyə şahid olduq. Biz müharibəni də davamlı izləyirdik, qalibiyyətinizə sevindik. Bu gün isə burada olmaq ayrıca xoşbəxtlikdir”.
Azərbaycan Dövlət Akademik Filarmoniyasının direktoru, professor Murad Adıgözəlzadə hər Şuşa səfərində ayrı-ayrı hisslər keçirdiyini vurğulayıb:
“Mən burada artıq dördüncü dəfədir ki, oluram. Amma bu dəfə fərqli olaraq, çıxış etmirəm. Onu deyim ki, hər səfərimdə ayrı-ayrı hisslər keçirmişəm”.
Bəstəkar, pianoçu Etibar Əsədli bu cür tədbirlərin Qarabağın digər bölgələrində də keçirilməsini arzulayıb:
“Qarabağın hər bölgəsi bizim üçün əzizdir, doğmadır. Mən inanıram ki, biz tezliklə işğaldan azad olunmuş digər bölgələrimizdə də bu cür festivallar, tədbirlər, bayram ab-havalı günlər keçirəcəyik”.
Musiqiçi Arslan Növrəsli ilk dəfə Şuşada olduğunu deyib və təəssüratlarını bölüşüb:
“İlk dəfədir ki, Şuşadayam. Düzü, çox həyəcanlı və sevincliyəm. Bu gün burada Emin Sabitoğlunun “Dədə-Qorqud” filmindən “Yallı”nı ifa edəcəyik. Ümumiyyətlə, Şuşada olmaq, Şuşada çıxış etmək bizim üçün bayramdır. Şuşa sevinci münasibətilə xalqımızı təbrik edirəm”.
Qeyd edək ki, sabah festivalın sonuncu günüdür.