Ümummilli lider Heydər Əliyevin müdrik siyasəti
Azərbaycanın siyasi tarixinə qurucu və xilaskar insan kimi daxil olmuş görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyev də tarixin yaratdığı belə şəxsiyyətlərdən biridir. Məhz onun kimi dahi insanların bioqrafiyası, həyatı, ictimai-siyasi fəaliyyəti ideal bir məqsədə, müstəqillik əldə etmiş Azərbaycan dövlətinin uğurlu gələcəyinə həsr edilib. İstər onun şəxsi həyatı, istərsə də siyasi fəaliyyəti böyük, ideoloji bir məktəbdir. Bu məktəb insana Vətənə və xalqa dərin məhəbbət hissi öyrədir. Dövlətçiliyimizin daha da möhkəmləndirilməsində ulu öndər Heydər Əliyevin ideologiyası öyrənilməsi vacib olan xəzinədir. Azərbaycan dövlətinin möhkəmlənməsi, dünyada nüfuz qazanması və inkişafı məhz ümummilli lider Heydər Əliyevin uğurlu və uzaqgörən siyasi fəaliyyətinin nəticəsidir. Ulu Öndərin həyatını və siyasi fəaliyyətini öyrənmək onun ideologiyası ilə silahlanmaq deməkdir
...Ötən əsrin 90-cı illərinin əvvəllərində müxtəlif sosial-iqtisadi, siyasi problemlərlə üzləşən, uçurum kənarında, vətəndaş müharibəsinin astanasında olan Azərbaycan, hətta öz müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. Həmin dövrdə, 1992-ci ildə hakimiyyəti qanunsuz yollarla zəbt etmiş AXC-Müsavat cütlüyü Azərbaycanı uçuruma aparırdı. Yenicə bərpa etdiyimiz müstəqillik məhz bu yarıtmaz cütlüyün "fəaliyyəti" nəticəsində əldən gedirdi. Ölkədə xaos, talançılıq, özbaşınalıq, böhran hökm sürürdü. Belə bir vəziyyətdə isə erməni hərbi birləşmələri hakimiyyət uğrunda gedən siyasi çəkişmələrdən istifadə edərək qədim torpaqlarımıza, Qarabağ kimi dilbər guşəmizə göz dikərək işğal altına aldı. 29 il əvvəl Şuşa şəhərinin, ardından isə Laçın rayonunun ermənilər tərəfindən işğal olunmasına şərait yaradan AXC-Müsavat cütlüyü bundan istifadə edərək silahlı çevriliş nəticəsində hakimiyyəti ələ aldı. Məhz onların yaratdığı xaos, özbaşınalıq 1993-cü ilin aprelində Kəlbəcərin də ermənilər tərəfindən işğal edilməsinə gətirib çıxardı. Ölkə demək olar ki, dağılırdı və bu talançılıqdan qurtulmaq üçün yeni bir siyasi Liderə ehtiyac var idi.
1993-cü ilin may-iyun aylarında müstəqilliyimizin itirilməsi təhlükəsi yarandığına görə, Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbini irəli sürdü. Xalqın xilaskarı Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Ulu Öndər iyunun 24-dən isə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Beləliklə, Azərbaycanda yeni bir eranın əsası qoyuldu. Bundan sonra ölkənin böhrandan çıxma prosesi başladı, ardıcıl şəkildə məqsədyönlü islahatlar həyata keçirildi. Heydər Əliyev Azərbaycanı anarxiyadan sabitliyə çıxardı. Azərbaycanın sülhə yönəlmiş xarici siyasət meylləri Heydər Əliyevin bir sıra qabaqcıl ölkələrə səfərlərində də öz əksini tapmışdı. O, uzaqgörən siyasətçi kimi həm Azərbaycanın milli dövlət mənafeyi, həm də regionda sabit sülhün bərqərar olmasına çalışırdı.
Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1993-2003-cü illərdə ölkənin inkişafı istiqamətində böyük işlər həyata keçirildi. Məhz həmin dövrdə xalqımızın başına gətirilmiş 20 Yanvar faciəsinə siyasi qiymət verildi. Konstitusiya qəbul edildi, həmçinin ölkədə siyasi islahatlara start verildi, çoxpartiyalı sistem yarandı. Bu genişmiqyaslı islahatlar isə Azərbaycanın regionda daha da güclənməsinin və böyük nüfuz qazanmasının başlanğıcı idi.
Təbii ki, Heydər Əliyevin prezident seçildikdən sonra qarşısında duran ən mühüm vəzifələrdən biri də AXC-Müsavat cütlüyünün dövründə itirilmiş torpaqlarımızın və ərazi bütövlüyümüzün yenidən bərpa edilməsi idi. Bunun üçün hətta bir sıra beynəlxalq qurumlar da "fəaliyyət" göstərərək bu məsələnin sülh yolu ilə həll olunmasında vasitəçilik edirdilər. Amma bütün bunlar sözdə idi, əməldə yox. Azərbaycan bu mübarizədə dost ölkələri çıxmaq şərti ilə demək olar ki, tək idi. Lakin vaxt keçdikcə aparılan islahatlar və ordu quruculuğu işləri daha da gücləndirildi. Nizami ordumuz yarandı, hərbi arsenalımız yeni silahlarla zənginləşdirildi. 2003-cü ildə onun yarımçıq qalan işlərini tamamlamaq üçün Heydər Əliyev siyasi kursunun layiqli davamçısı İlham Əliyev hakimiyyətə gəldi. Təbii ki, yenə də məqsəd eyni idi - ərazi bütövlüyümüzün bərpa edilməsi, dövlətçiliyimizin daha da möhkəmləndirilməsi və ölkəmizin dövlətlər arasında ön sıralarda qərarlaşması. İlham Əliyevin prezident seçilməsindən sonra ölkədə tikinti-quruculuq, idman, iqtisadiyyat, kənd təsərrüfatı, enerji, nəqliyyat və ordu quruculuğu sahəsində mühüm işlər həyata keçirildi. Ölkəmiz xarici dövlətlərlə dostluq əlaqələrini daha da möhkəmləndirərək beynəlxalq aləmdə öz imicini formalaşdırdı.
Ölkəmizin ən böyük uğuru isə ötən il 44 günlük Vətən müharibəsi nəticəsində 28 illik həsrətdən sonra torpaqlarımızın erməni işğalçılarından azad edilməsidir. Bu haqq savaşında xalq öz iradəsini ortaya qoyaraq Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İham Əliyevin ətrafında sıx birləşdi. Məhz bu birlik sayəsində rəşadətli Ordumuz 28 ildən sonra tarixi ədaləti bərpa edərək doğma torpaqlarımızı düşmənlərdən azad etdi. Bununla da Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmiş oldu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun işğalçıları rüsvayçı şəkildə, iti qovan kimi, torpaqlarımızdan qovması dövlətçiliyimizin tarixinə qızıl hərflərlə yazıldı, yaddaşlara ən möhtəşəm hadisə kimi həkk olundu. Müzəffər Ali Baş Komandanın noyabrın 8-də Şəhidlər Xiyabanında Şuşa şəhərinin azad olunması xəbərini xalqa çatdırması hər kəs üçün çoxdan gözlənilən zəfərin təntənəsi oldu. Bu, həm də Azərbaycanın müasir müstəqil dövlət kimi qurulmasında və inkişafında müstəsna rolu olan dahi şəxsiyyətin-ulu öndər Heydər Əliyevin ərazi bütövlüyümüzün bərpa olunması arzusunun gerçəkləşdiyi və ruhunun şad olduğu bir gün idi. Azərbaycan Prezidenti İlham Əliyevin "Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik" sözləri illərdir aparılan bu uğurlu siyasətin möhtəşəm epiloqu oldu.
Vətən müharibəsi ermənilərin "məğlubedilməz ordusu" haqqında mifi, özləri haqda uydurduqları yalanı alt-üst etdi. Bu isə Azərbaycan Prezidenti İlham Əliyevin əsl siyasətçi, uzaqgörən bir diplomat kimi Heydər Əliyevin layiqli davamçısı olduğunu bir daha göstərdi. Bu Zəfər eyni zamanda, dövlətimizin siyasi, iqtisadi və hərbi qüdrətinin bütün dünyaya nümayişi idi. Vətən müharibəsi, bütün bunlarla yanaşı, bizə bir şeyi də göstərdi - Azərbaycanın qorxubilməz, mərd, qəhrəman vətənpərvər və sağlam gəncliyinin olduğunu. Məhz Vətənə sevgi, düşmənə nifrət hissi ilə böyüyən gənclərimizin sayəsində bu müasir hərb savaşında düşməni qarşımızda diz çökdürməyə məcbur etdik, onlara döyüş meydanında layiqli cavab verərək öz yerini göstərdik.
Təəssüf ki, müharibə itkisiz olmur. Apardığımız bu haqlı mübarizədə 2900-dən çox hərbçimiz şəhidlik zirvəsinə ucaldı, hərbçilərimiz yaralanaraq qazi adını aldı. Bu gün həmin şəhidlərin, qazilərin və müharibədə iştirak edən gənclərimizin sayəsində torpaqlarımız qəsbkarlardan geri alındı. Bu müharibədə qazanılan qələbə Azərbaycanın ordu quruculuğuna illərdir böyük diqqətlə yanaşıldığının və uğurlu hərbi islahatların bəhrəsi idi.
Artıq ölkəmizdə elə bir sahə yoxdur ki, inkişaf etməsin. Atılan addımlar və həyata keçirilən layihələr Azərbaycanın davamlı inkişafını təmin edir. Bu misilsiz inkişaf isə ulu öndər Heydər Əliyevin əsasını qoyduğu uğurlu strategiyanın artan templə davam etdirilməsinin nəticəsidir. Onun siyasi, iqtisadi, ictimai və mədəni həyatın bütün sahələrində gördüyü işlər Azərbaycanı inkişaf yoluna çıxardı. Bu uğurlu yolda isə bizi daha böyük qələbələr və xoş müjdəli günlər gözləyir.
Abiyev Ağacan Qulam oğlu
Azərbaycan Boks Federasiyasının vitse-prezidenti, texnika elmləri namizədi, professor, Azərbaycanın əməkdar elm xadimi, Beynəlxalq Elmlər Akademiyasının üzvü.