Şəkidə leysan fəsadlar törətdi, çay daşdı
Şəkidə leysan çayın daşmasına səbəb olub.
APA-nın məlumatına görə, mayın 24-ü axşam saatlarından başlayaraq ölkənin şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti hökm sürür, fasilələrlə yağış yağır. Bəzi ərazilərdə isə yağış leysan xarakterli olub.
Mayın 25-i gecə saatlarında Şəki rayonunun Cəfərabad kənd inzibati ərazisinin yaxınlıqlarına yağan leysan yağışları səbəbindən ərazidən keçən Böyük Dəhnə çayında daşqın baş verib.
Daşqın nəticəsində çayın Cəfərabad kəndi ərazisindən keçən hissəsinin yaxınlığında yerləşən beş evin həyətyanı sahəsinə və həyətdə olan köməkçi tikililərə sel suları dolub. Daha iki yaşayış evinin birinci mərtəbəsinə sel suları dolub. Səhər saatlarından müvafiq qurumların nümayəndələri əraziyə cəlb ediliblər. Mülki Müdafiə qüvvələrinin əməkdaşları həyətyanı sahələrə dolmuş sel sularını nasoslar vasitəsi ilə ərazidən kənarlaşdırırlar.
Cəfərabad kənd icra nümayəndəliyindən verilən məlumata görə, Böyük Dəhnə çayının daşması nəticəsində bir neçə evin həyətyanı sahəsinə sel suları dolsa da, kəndin elektrik və qaz təchizatında fasilə yaranmayıb. Rabitə xətlərinə ziyanlıq dəyməyib.