Müəllim dünyanın ən yüksək adıdır
Müəllimlər cəmiyyətin memarlarıdır desək, yəqin ki, səhv etmərik. Bu danılmaz bir həqiqətdir ki, hər kəsin layiqli vətəndaş kimi formalaşmasında müəllimlərimizin əvəzsiz xidmətləri vardır. Müəllim gənc nəslin mənəvi aləminin memarı, cəmiyyətin isə etibar etdiyi şəxsdir. Bir şəxsiyyət kimi formalaşmağımızda bu peşə sahiblərinin üzərimizdə böyük zəhməti və əvəzsiz xidmətləri var. Onlar bizim daxili dünyamızı zənginləşdirməklə yanaşı, hərtərəfli tərbiyə edir, savad verir və ən əsası isə vətəndaş kimi formalaşmağımıza yardım edir. Ölkəmizin, xalqımızın gələcəyi naminə müəllimlik peşəsinə və bu peşə sahiblərinə dövlət səviyyəsində daim layiqli qayğı göstərilir.
Ağıl və elm kimi dünyaya məxsus olan açarın milyonlarla insanlara əxzində, məhz müəllim qüdrəti, müəllim əməyi əvəzsiz və sonsuzdur. Odur ki, bəşəriyyət formalaşdığı bir zamandan müəllimə olan münasibət fərqli məcrada özünü göstərə bilmişdir. Müəllim ustaddır, öyrədəndir, həyata vəsiqə verəndir.
Bu cur məfhumları özündə cəmləşdirən peşə sahibinin peşə bayramının respublika səviyyəsində qeyd olunması ona olan qiymətin bir ölçüsüdür. Dünyanın bütün peşə sahiblərini həyata hazırlayan elə müəllimdir. Bu baxımdan, müəllimlik peşəsi heç bir peşə ilə müqayisəyə gəlməyən bir nümunədir. Dünyanın ən müdrik simaları, liderləri, böyük şəxsiyyətləri, beynəlxalq aləmin hegemon qüvvələri bu ad qarşısında adiləşir, öyrənməyə və nəyisə əxz etməyə çalışırlar. “Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi var. Mən dünyada müəllimdən şərəfli ad tanımıram”, - deyən Ümummilli Lider Heydər Əliyev, Azərbaycana rəhbərlik etdiyi bütün illərdə, müəllim əməyini yüksək qiymətləndirib, onlara böyük hörmətlə yanaşıb, təhsil işçilərinin maddi vəziyyətinin, rifah halının yaxşılaşdırılmasının qayğısına qalıb. Hər yerdə olduğu kimi, Azərbaycanda da müəllimə qarşı böyük bir imic formalaşıb, hər kəs onun şəxsiyyətinə və böyüklüyünə hörmətlə yanaşır.
Şərəfli sənət sahiblərini, bu adın mənəvi yükünü təmiz vicdanla daşıyan və bu ada layiq olan həyatımız boyu borclu olduğumuz bütün müəllimləri və onların şəxsində əsl müəllim adına layiq olan bütün müəllimləri təbrik edirəm!
İradə Qaracallı
Bizimlider.com Informasiya Xəbər Portalının rəhbəri
Yazıçı-publisist