Ərəb jurnalist Qarabağda aparılan quruculuq işlərindən yazıb
Azərbaycanda səfərdə olan iordaniyalı jurnalist Ayman əl-Fariz Misirin “Əl Ğad” nəşrində Qarabağda aparılan irimiqyaslı quruculuq işləri haqqında məqalə ilə çıxış edib.
AZƏRTAC xəbər verir ki, iordaniyalı jurnalist Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində keçirilən görüşdə əldə etdiyi məlumatları oxucularla bölüşüb. O diqqətə çatdırıb ki, Mərkəzin əməkdaşı Esmira Cəfərova beynəlxalq ictimaiyyətin Qarabağda davam edən quruculuq prosesini dəstəklədiyini bildirib. İşğaldan azad edilmiş ərazilərdə nəqliyyat dəhlizlərinin Avropa və ərəb ölkələri üçün də mühüm bir qapı rolunu oynayacağını qeyd edən jurnalist, Füzuli Beynəlxalq Hava Limanı, “Zəfər yolu” layihəsi, məcburi köçkünlərin Zəngilan rayonunun Ağalı kəndinə qayıtması və burada “Ağıllı kənd”in inşası barədə ətraflı məlumat verib.
Məqalədə qeyd olunub ki, İslam Əməkdaşlıq Təşkilatına üzv olan ölkələr də Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aparılan quruculuq işlərini dəstəkləyir, regionda dayanıqlı sülhün bərqərar olması istiqamətində səyləri alqışlayır. Azərbaycan, öz növbəsində, İslam həmrəyliyinin daha da möhkəmlənməsinə böyük töhfələr verir.
Müəllif, həmçinin azad olunmuş ərazilərin minalardan təmizlənməsi işlərinin davam etdiyini, bu prosesə beynəlxalq səviyyədə dəstək göstərildiyini vurğulayıb.