Anar Məmmədov: Füzulidə həyat 31 il əvvəlki axarına qayıdaraq yenidən canlanır
Oktyabrın 17-də xalqımız Füzuli rayonunun işğaldan azad edilməsinin ikinci ildönümünü qeyd edəcək. Füzuli əməliyyatı Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində cənub-şərq cəbhəsində baş vermiş ən əhəmiyyətli döyüşlərindən idi. Füzuli Vətən müharibəsinin ilk günündən son gününədək ərazisi uğrunda döyüşlərin gərgin aparıldığı rayonlardandır. Müzəffər Ali Baş Komandanın xilaskarlıq missiyası nəticəsində 44 gün ərzində Füzulinin şəhər mərkəzi ilə yanaşı, 53 kəndi erməni işğalından azad edildi. Uğurlu Füzuli əməliyyatı ilə, həmçinin Cəbrayıl və Xocavənd rayonunun da bir sıra yaşayış məntəqələri Ordumuzun nəzarəti altına keçdi.
Müzəffər Ali Baş Komandan İlham Əliyev 2020-ci il oktyabrın 17-də xalqa müraciəti zamanı Füzulinin böyük hərbi peşəkarlıq nəticəsində işğalçılardan azad edildiyini bildirdi. Vətən müharibəsinin gedişində strateji əhəmiyyət kəsb edən Füzuli əməliyyatı ilə qədim yaşayış məskənimiz işğaldan azad olundu. Azərbaycan Ordusu döyüş meydanında xalqımızın qisasını aldı və həlak olanların qanı yerdə qalmadı. Bir məsələni də xüsusi qeyd etməliyik ki, Ermənistan Füzuli istiqamətində cəbhə xəttini olduqca gücləndirmişdi, bir neçə mərhələli müdafiə mövqeləri yaratmışdı. Lakin qəhrəman Azərbaycan əsgərinin gücü və əzmi qarşısında bu mövqelər tab gətirə bilmədi və elə ilk həmlədə ələ keçirildi. Füzulinin azad edilməsi ilə ordumuz yeni tarix yazdı, öz gücünü, döyüş əzmini bir daha nümayiş etdirdi.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Anar Məmmədov bildirib.
Deputat diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə, o cümlədən Füzuli rayonunda da bərpa, tikinti-quruculuq işləri yüksək səviyyədə həyata keçirilməkdədir. Qısa müddət ərzində təhvil verilən layihələrdən biri də Füzuli Beynəlxalq Hava Limanıdır. Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə 2021-ci il oktyabr ayının 26-da açılışı baş tutan Qarabağın hava qapısı adlandırılan Füzuli Beynəlxalq Hava Limanı ən müasir səviyyədə inşa olundu. Hava limanının istənilən tip hava gəmisini qəbul etmək imkanları var. Uçuş-enmə zolağının uzunluğu 3000, eni isə 60 metrdir. Hava limanının müasir infrastrukturla təchiz olunan terminalı saatda ən azı 200 sərnişinin buraxılışına imkan verir. Burada görülən bütün işlər beynəlxalq norma və standartlara uyğun şəkildə həyata keçirilib. Hava limanının ətrafında geniş abadlıq-quruculuq işləri aparılıb. Burada avtomatlaşdırılmış sistemlərlə təchiz olunan Hava Hərəkətini İdarəetmə qülləsi tikilib. Bu isə Füzuli Beynəlxalq Hava Limanında ICAO və IATA standartlarına müvafiq qaydada uçuşların başlanmasını mümkün edir. Təbii ki Qarabağın hava qapısının - Füzuli Beynəlxalq Hava Limanının açılış mərasiminin keçirilməsi tarixi hadisə kimi dəyərləndirilməlidir. Bu hadisə, eyni zamanda, Azərbaycan və Türkiyə qardaşlığının, həmrəyliyin nümayişi baxımından region dövlətlərinə bir mesaj idi.
A.Məmmədov qeyd edib ki, işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışın tam şəkildə yekunlaşması üçün önəmli məsələlərdən biri olan yol infrastrukturunun inşası da artıq yekunlaşmaq üzrədir. Belə ki, başlanğıcını M6 Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolundan götürməklə işğaldan azad edilmiş Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarını birləşdirən 81,6 kilometr uzunluğa malik Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun beynəlxalq magistral normalarına uyğun tikintisi sürətlə davam etdirilir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan və işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən biri sayılan Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisinin 2024-cü ildə başa çatdırılması planlaşdırılır. Bununla yanaşı, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd yolunun (Zəngəzur dəhlizi) tikintisi 57 faiz icra olunub. Avtomobil yolu başlanğıcını Füzulinin Əhmədbəyli kəndindən götürməklə layihələndirilib və I texniki dərəcəli olaraq beynəlxalq magistral normalara uyğun inşa edilir.
“Beləliklə, dağıdılmış Füzulidə həyat 31 il əvvəlki axarına qayıdaraq yenidən canlanır. Prezident İlham Əliyevin də dediyi kimi, biz Füzuliyə qayıdacağıq, biz bütün kəndləri yenidən quracağıq. Əminik ki, tezliklə Füzuli rayonu da ən qısa müddətdə bərpa ediləcək və öz sakinləri ilə firavan günlərinə qovuşacaq”, - deyə Anar Məmmədov vurğulayıb.