İşçi qrupun rəhbəri: “Fransa Milli Assambleyasında Azərbaycan əleyhinə qəbul edilən qətnamə əsassızdır”
"Noyabrın 30-da Fransa Milli Assambleyasında Azərbaycan əleyhinə qəbul edilmiş qətnamə tamamilə əsassız, qərəzli bir sənəddir”.
Bunu "Report”a açıqlamasında Milli Məclisin Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Soltan Məmmədov deyib.
O hesab edir ki, bu, bir daha Fransanın Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesinə tərəfsiz və obyektiv yanaşmadığını göstərir:
"Belə bir sənədin qəbul edilməsi ümumilikdə Cənubi Qafqaz regionunda sülh və sabitliyin, əməkdaşlıq mühitinin formalaşması cəhdlərinə maneə yaratmaq məqsədi daşıyır”.
İşçi qrupun rəhbəri vurğulayıb ki, noyabrın 15-də Fransa parlamentinin yuxarı palatası olan Senat da təxminən eyni məzmunlu qətnamə layihəsi qəbul etmişdi:
"Əgər Fransa, həqiqətən də, Azərbaycanla Ermənistan arasında davamlı və etibarlı sülhün bərqərar edilməsində maraqlı olsaydı, bu prosesə töhfə vermək istəsəydi, hər iki tərəfə münasibətdə bərabər məsafədə dayanmağa çalışmalıydı. Təəssüf ki, baş verən hadisələr bunun tamamilə əksini göstərir. Üçtərəfli Bəyanatın imzalanmasından sonra işğaldan azad olunmuş Azərbaycan ərazilərində 270-ə yaxın vətəndaşımız həlak olub və ya yaralanıb. Fransa parlamenti indiyə qədər bu fakta münasibət bildirməyib. Üçtərəfli Bəyanatın bir çox müddəalarının Ermənistan tərəfindən yerinə yetirilməməsinə heç vaxt irad bildirməyib. 4000-ə yaxın itkin düşmüş azərbaycanlının taleyinə aydınlıq gətirilməsi üçün heç bir təşəbbüslə çıxış etməyib”.
Deputat qeyd edib ki, Fransa hökumətinin nümayəndəsi də Milli Assambleyada aparılan müzakirələr zamanı faktiki olaraq qətnaməni dəstəkləyib:
"Bu da onu göstərir ki, Azərbaycana qarşı qərəzli münasibəti Fransa hökumətinin də mövqeyini əks etdirir. Ona görə də düşünürəm ki, bu qətnamə Ermənistanla danışıqlar prosesində Fransanın iştirakının mümkünsüzlüyünə dair Azərbaycanın mövqeyinin əsaslı olduğunu bir daha təsdiq etdi. Fransa bu prosesə töhfə vermək niyyətində deyil. Əksinə, qəbul olunan sənədlər bu ölkənin bizim bölgəmizdə gərginliyin davam etməsində maraqlı olduğunu göstərir”.