Deputat: “Azərbaycan Laçın yolunda öz nəzarət postunu yaratmalıdır”
“Azərbaycan Laçın yolunda öz nəzarət postunu yaratmalıdır. Qarabağda bu gün fəaliyyət göstərən Rusiya sülhməramlı qüvvələri, onun komandanı elə bir cəsarət sahibi deyil ki, özbaşına hərəkət etsin. O, bütün təlimatları Rusiyanın hərbi-siyasi rəhbərliyindən alır. Azərbaycanın təbii sərvətləri daşınır, onun əvəzində isə Azərbaycan ərazilərinə qeyri-qanuni yollarla silahlar gəlir”.
Oxu.Az-ın məlumata əsasən, bunu Milli Məclisin iclasında deputat Fəzail Ağamalı deyib.
Deputat bildirib ki, Azərbaycan ərazilərində müvəqqəti yerləşdirilən sülhməramlılar kontingenti əslində ermənipərəst qüvvələrdir:
“Ona görə də, biz heç bir tərəddüd etmədən Laçın yolunda öz nəzarət postumuzu qurmalıyıq. Mətbuatda yazılır ki, İrandan 14 nəfər şəxsiyyəti, əməli və niyyəti bəlli olmayan adam Xankəndiyə gəlib.
Ehtimallar var ki, bunlar İranın xüsusi xidmət orqanlarının əməkdaşlarıdır. Bunlar nəyə görə gəliblər?” - deyə o əlavə edib.
Fəzail Ağamalı Azərbaycanda İrandakı soydaşlarımızın hüquqlarının müdafiəsi məqsədilə ayrıca telekanal açılmasını da təklif edib.