İl ərzində qanunsuz dövriyyədən 182 milyon manatlıq narkotik çıxarılıb
2022-ci ilin 11 ayı ərzində hüquq-mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 10 281 cinayət faktı aşkarlanıb.
Oxu.Az xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik vasitələrinin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə Üzrə Dövlət Komissiyasının məlumatında deyilir.
Onlardan 3 367-si narkotik vasitələrin qanunsuz satışı, 6 425-i narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 394-ü qanunsuz olaraq narkotik xassəli bitkilərin kultivasiya edilməsi, 95-i isə bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olub.
Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə 5 ton 252 kq 377,662 qr və 36 427 ədəd narkotik vasitələrin və 2 514 ədəd psixotrop maddə müsadirə olunub.
Müsadirə olunanlardan narkotik vasitələrin 2 ton 076 kq 309,233 qr-nı heroin, 1 ton 955 kq 405,929 qr-nı marixuana, 281 kq 525,188 qr-nı tiryək, 28 kq 462,344 qr-nı həşiş, 260,95 qr-nı kokain, 146 kq 743,573 qr-nı və 36 427 ədəd həb digər narkotik vasitə və 763 kq 670,445 qr və 2 514 ədəd psixotrop maddə təşkil edib.
Həmçinin, göstərilən dövr ərzində 1 kq 819 qr güclü təsir edən maddə, 10 kq 037,6 zəhərli maddə, 70 qr prekursor, 80 142 ədəd narkotik xassəli çətənə bitkisi qanunsuz dövriyyədən götürülüb. Qanunsuz dövriyyədən götürülmüş 5 ton 252 kq 377,662 qr narkotik vasitə və psixotrop maddə ümumilikdə dəyəri 182 milyon 478 000 AZN (107 milyon 340 000 ABŞ dolları) kimi qiymətləndirilir.
Məsuliyyətə cəlb edilmiş 87 xarici ölkə vətəndaşından 41-i İran İslam Respublikası vətəndaşıdır. 9-u Gürcüstan, 12-si Türkiyə, 2-si Türkmənistan, 1-i Qırğızıstan, 1-i Pakistan, 2-si Ukrayna, 1-i Maldiv və 18-i isə Rusiya vətəndaşı olub. Xarici ölkə vətəndaşlarından ümumilikdə 1 ton 045 kq 484,880 qr və 4 178 həb müxtəlif növ narkotik vasitə və psixotrop maddə, habelə 16 759 ədəd narkotik tərkibli çətənə bitkisi götürülüb.