Azərbaycanın ATƏT-dəki daimi nümayəndəliyi Xankəndi-Laçın yolundakı vəziyətlə bağlı bəyanat yayıb
Azərbaycanın ATƏT-dəki daimi nümayəndəliyi Ermənistan nümayəndəsinin BMT TŞ-də səsləndirdiyi fikirlərə cavab olaraq Xankəndi-Laçın yolundakı vəziyətlə bağlı bəyanat yayıb.
Bəyanatda Ermənistan nümayəndəsinin BMT Təhlükəsizlik Şurasındakı çıxışında Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin saxtalaşdırılması və bunun beynəlxalq hüquqa zidd olduğu bildirilib.
Vurğulanıb ki, Ermənistan nümayəndəliyinin bəyanatlarındakı heç bir tarixi və hüquqi əsası olmayan coğrafi adlara istinadlar bu ölkənin Azərbaycana qarşı ərazi iddialarının davam etdiyini bir daha sübut edir.
Qeyd olunub ki, Ermənistanın Azərbaycandakı ekoloji terroruna qarşı Laçın yolundakı aksiyanın dinc xarakter daşıyır və Ermənistanın blokada ilə bağlı iddiaları əsassızdır.
Sənəddə həmçinin Ermənistanın Üçtərəfli Bəyanat üzrə öhdəliklərinin yerinə yetirilməsinə çağırış edilib. Bildirilib ki, Ermənistanın ittihamları növbəti dəfə beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi güdür və bütün bunlar ikitərəfli münasibətlərin normallaşması prosesini pozmağı, regionda vəziyyəti gərginləşdirməyi hədəfləyir.